Səbail rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

 

Dünən 6 saylı tam orta məktəbdə Səbail rayonunda ötən tədris ilinin yekunları və   yeni təhsil ilinə hazırlığın vəziyyəti geniş müzakirə olunub. Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil sahəsində görülən işlərdən, Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. Asif Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsinə və təhsil müəssisələrinin vəziyyətinə ciddi fikir verilir. Bildirib ki, yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmir işləri aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunub.

Rayon ərazisində  5 ali, 18 orta və 20 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonuna 8 orta, 1 peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni aktidman zallarının tikintisi nəzərdə tutulmuşdur. 2011-2012-ci illər ərzində Səbail rayonu üzrə proqramda nəzərdə tutulan bütün bəndlər icra olunmuşdur. Ölkə başçısının 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq əlavə olaraq Badamdar qəsəbəsində 880 şagirdlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası tikilmiş və ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə bağçanın açılış mərasimi keçirilmişdir. Həmiçinin 49 saylı "İntellekt" liseyi üçün 660 şagird yerlik əlavə tədris korpusu tikilmişdir.

Cari ilin yay aylarında 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbin və 1.900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin aktidman zalı əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar. Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalının və 3 otağın tikintisi başa çatdırılmışdır. 20-ci yaşayış sahəsində yerləşən "Turac" uşaq bağçasında möhkəmləndirmə işləri aparılmışdır.

A.Əsgərov onu da əlavə etdi ki, cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir aparılır və hazırda son tamamlama işləri gedir. Bağça hər cür lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Binaya yeni kommunikasiyaistilik xətləri çəkilib.  Bağçanın yanında, Tofiq Məmmədov küçəsi 2 ünvanında yerləşən yaşayış binası və həyəti də əsaslı təmir olunub.

Tədbirdə ötən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Qeyd olunub ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1.458 nəfər bitirmiş, onlardan 1.279 nəfər ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, abituriyentlərdən 927 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 121 nəfər 500-dən yuxarı, 35 nəfər 600-dən, 8 nəfər isə 650-dən çox bal toplamışdır. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.

Sonda rayon icra hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlar mükafatlandırılmış, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və  aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunmuşdur. 

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 7 sentyabr.- S. 8.