Uğurlu xarici siyasət strategiyasının Azərbaycan modeli: nailiyyətlər və perspektivlər

 

Azərbaycan xalqının zəngin dövlətçilik tarixinin olmasına baxmayaraq, iki yüz ilə yaxın bir dövr ərzində çar Rusiyasının və sonradan SSRİ-nin tərkibində olması ölkəmizi dünyanın siyasi xəritəsində suveren mövcudluqdan və müstəqilliyin ən əsas atributlarından olan xarici siyasi fəaliyyətdən məhrum etmişdi. Xalq Cümhuriyyətinin mövcud olduğu qısa zaman kəsiyində həmin dövr üçün xarakterik olan kəskin siyasi mühitdə Azərbaycan diplomatlarının Paris sülh konfransında ölkəmizi təmsil etməsinə və ölkəmizin dünyanın siyasi xəritəsində yerinin və rolunun müəyyən olunması istiqamətində gördükləri tarixi işlərə baxmayaraq, sovet işğalı nəticəsində milli müstəqillik yenidən itirilmişdir.

Qısaömürlü olsa da, xalqımızın yaddaşında silinməz izlər qoyan müstəqillik dövrünün ənənələri, SSRİ-nin dağılmasından sonra Azərbaycan dövlətçiliyinin və zəruri dövlət təsisatlarının, o cümlədən xarici işlər nazirliyi sisteminin qurulmasında əsas istinad mənbəyi olmuşdur. Amma Xalq Cümhuriyyətinin süqutunu şərtləndirən daxili və xarici təhlükələr müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikasını əhatə etsə də, həmin dövrdə hakimiyyətdə olan şəxslər tərəfindən tarixi təcrübədən düzgün nəticə çıxarılmamış, qeyri-peşəkar və strateji baxış olmadan daha çox həvəskarcasına yürüdülən xarici siyasət fəaliyyəti nəticəsində ölkəmiz təcrid vəziyyətinə sürüklənmiş və respublikamız ətrafında informasiya blokadası daha da daralmışdır.

Xarici siyasət və diplomatik fəaliyyət mahiyyət etibarilə ölkənin dost və müttəfiqlərinin sırasını genişləndirməli və erməni təcavüzünün qarşısını almaq üçün əlverişli beynəlxalq mühit formalaşdırmalı olduğu halda, məsuliyyətsiz addımlar sayəsində onsuz da çətinliklər burulğanında çırpınan respublika ətrafında tamamilə əlverişsiz diplomatik mühit formalaşdırılmışdır.

Keşməkeşli tarixi dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının israrlı təkidi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi xarici işlər nazirliyi sistemini də əhatə etmişdir. Dahi və müdrik insanlar üçün xarakterik olan strateji, uzaqgörən baxışa və dərin düşüncəyə malik olan Heydər Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturları cızılmışdır. Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir.

Qonşu dövlətlərlə mehriban münasibətlərin qurulması və eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulması, müstəqil enerji siyasətinin yürüdülməsi, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin tətbiqinin formalaşdırılması və onun atəşkəsə vadar edilməsi, bununla da nəinki Azərbaycanın dövlətçiliyinin qorunması, hətta onun daha da möhkəmləndirilməsi zahirən qeyri-mümkün diplomatik gedişlər təsiri bağışlasa da, yalnız Heydər Əliyev diplomatiyası vasitəsilə mümkün olmuşdur. İstər həmin dövrdə, istərsə də bu gün bu strategiyanın yalnız bir qalibi var idi: Azərbaycan xalqı!

Başqa sözlə desək, son iki əsr ərzində Azərbaycan üçün əlverişli imkanlar vəd edən, amma eyni zamanda, ciddi təhlükə mənbəyi olan "coğrafiya, neft və geosiyasət" amilləri böyük məharətlə əlaqələndirilərək biri digərini tamamlayacaq formada vahid strategiya əsasında həyata keçirilmiş, uzunmüddətli dövr və perspektiv gələcək üçün hazırlanmışdır ki, zaman keçdikcə onun bəhrələri daha aydın şəkildə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi uğurlarında və sürətli inkişafında özünü göstərməkdədir.

Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edirdisə, artıq bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir.

Heydər Əliyev irsinə sadiq qalaraq son on il ərzində həyata keçirilən siyasi-iqtisadi islahatlar, səmərəli və düzgün dövlət idarəçiliyi nəticəsində Azərbaycanda iqtisadiyyatın real ifadədə 3 dəfədən artıq, dövlət büdcəsinin 19 dəfə artması, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə enməsi, 1 milyondan artıq yeni iş yerinin açılması, xarici valyuta ehtiyatının 48 milyard dollardan artıq olması və Azərbaycanın ortagəlirli dövlətlər sırasında öncül mövqelərdən birini tutması respublikanın beynəlxalq arenada qətiyyətini daha da artırmışdır.

Bu sürətli inkişafın fövqündə dünya miqyasında unikal və uğurlu inkişaf modellərindən hesab olunan Azərbaycanın qarşısında hər bir dövr üçün aktual olan Heydər Əliyev xarici siyasət strategiyasının müəyyən etdiyi ana xətt əsasında artıq yeni vəzifə və tapşırıqlar durur.

Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev diplomatiyamız tərəfindən "reaktiv" deyil, məhz "proaktiv" tədbirlərin görülməsi, erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoymuşdur. Prezident diplomatlar qarşısında bəyan etdi ki, onlar işlədikləri ölkələrdə Qarabağ problemini hər fürsətdə qaldırmalı, bu problemə dair həqiqətləri həmin ölkələrin ictimaiyyətinə daha fəal şəkildə çatdırmalı və Azərbaycana qarşı aparılan informasiya müharibəsində önə keçmək üçün məlumatların yayılmasını gözləmədən özləri əsl həqiqətləri yaymalıdırlar.

Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci il 21 sentyabr tarixdə keçirilmiş dördüncü müşavirəsində inkişafımızın hazırkı mərhələsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə yeni tapşırıq və vəzifələr müəyyən etmişdir:

- Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması;

- Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi;

- Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi;

- Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü bəzi əks təbliğat əməllərinin qarşısının alınması;

- İkitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verilməsi və ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi;

- Azərbaycanın qeyri-daimi əsasda üzv seçildiyi BMT Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq hüququn prinsiplərinə uyğun səmərəli fəaliyyətin davam etdirilməsi, yeni üzv qəbul olunduğumuz Qoşulmama hərəkatında fəaliyyətin artırılması və çoxtərəfli çərçivələrdə də çevik diplomatik fəaliyyətimizin davam etdirilməsi;

- Xarici iqtisadi əlaqələrin genişləndirilməsinin dəstəklənməsi və Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların müəyyən edilməsi;

- Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi;

- Mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması;

- Dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarmışdır. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmağa və yalanları ifşa olunmağa başlanmışdır. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət etmişdir. Təəssüflər olsun ki, düşmənçilik strategiyasını seçmiş erməni lobbisi bu gün də ölkəmizə qarşı çirkin addımlar və destruktiv tendensiya nümayiş etdirməkdən çəkinmir.

Azərbaycana qarşı açıq təcavüz, etnik təmizləmə və müharibə cinayətləri törədən və bunun müqabilində beynəlxalq ictimaiyyət tərəfindən "cəzasızlıq" ilə üzləşən Ermənistan elə zənn edirdi ki, bu yolla torpaqlarımızın işğalının davam etdirilməsinə və sonra digər Azərbaycan torpaqlarına iddia üçün yeni fürsətlər əldə edəcəkdir. Amma Azərbaycanın yürütdüyü qətiyyətli, müstəqil xarici siyasət və münaqişə tərəfi kimi Ermənistanın məsuliyyətinin müəyyən edilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində işğalçı dövlət nəinki bu xülyadan məhrum olmuş, hətta "müstəqil dövlət" kimi təqdim etməyə çalışdığı qondarma rejimi tanımaq iqtidarını belə itirmişdir.

Erməni liderləri ötən 20 ildən sonra mifik ideologiya əsasında formalaşdırılmış strategiya ilə erməni xalqını yəqin ki fəlakətə apardıqlarının fərqindədirlər!

SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən Azərbaycan ilə Ermənistan arasında o dövrdə bütün sahələrdə fərq bir o qədər də böyük olmadığı halda, bu gün regionda strateji müvazinət müqayisəyə gəlməyəcək şəkildə Azərbaycanın xeyrinə dəyişmişdir. Nəticə etibarilə Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistan strateji baxımdan məğlub olmuşdur və zaman keçdikcə də bu strateji məğlubiyyətin daha acı fəsadları qabarıq şəkildə özünü göstərəcəkdir.

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə mane olur.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hələ konkret nəticə verməməsinə baxmayaraq, dünya birliyində artıq yekdil bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Azərbaycan Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama hərəkatı başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərin qəbul edilməsinə nail olmuş və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş və münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulanmışdır. Dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların belə bir prinsipial mövqe nümayiş etdirməsindən Ermənistan nəticə çıxarmalı, öz mövqeyini bir daha təhlil etməli və dünya ictimaiyyətinin mövqeyinə uyğun şəkildə hərəkət etməlidir.

Minsk qrupu çərçivəsində aparılan danışıqların bugünkü vəziyyətinin təhlili onlar tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir. Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirmişdir. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk qrupunun daha nəticəyönümlü fəaliyyəti üçün əsasdır.

Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə mane olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir.

Azərbaycanın mövqeyi aydındır: biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Təcavüzkar dövlətin öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Biz Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik. Lakin Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir. Ermənistan dərk etməlidir ki, onun xilası münaqişənin tez bir zamanda həll edilməsi və qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə əlaqələrin normallaşdırılmasından asılıdır.

Erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticəsi kimi Ermənistanın ölkəmizə qarşı təcavüzü artıq Meksika, Pakistan, Kolumbiya, Panama, Peru, Çexiya, Bosniya-Herseqovina, İordaniya parlamentləri və ABŞ-ın on dörd ştatının yerli qanunverici orqanları səviyyəsinə çıxarılmış, insanlıq əleyhinə cinayət kimi tanıdılmışdır. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir.

Məhz bu baxımdan Azərbaycan Prezidenti tərəfindən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir və onların sırasına yaxın vaxtlarda yeniləri də əlavə olunacaqdır. 2013-cü il ərzində isə Azərbaycanın Avstraliya və Vyetnamda səfirlikləri fəaliyyətə başlamışdır. Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər.

Azərbaycanın xarici siyasəti üçün qismən yeni məntəqələr olan Latın Amerikası və Afrika qitəsində son dövrlərdə səfirliklərimizin açılması qısa müddət ərzində bu ölkələr ilə əlaqəlimizin inkişafında mühüm rol oynamışdır.

Eyni zamanda qeyd olunmalıdır ki, daxili sabitliyə, yüksək inkişaf göstəricilərinə malik olan və artıq özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq etmiş Azərbaycan ilə əməkdaşlığın inkişafında digər dövlətlər də maraqlıdırlar.

Etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan ikitərəfli münasibətlərin fəlsəfəsinə, siyasi, hüquqi çərçivəsinə uyğun olaraq hər bir dövlət ilə olan əlaqələrini üçüncü tərəfə qarşı istifadə etməkdən tamamilə uzaq, xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin etimad və rəğbətini qazanmışdır.

Bu, bir daha özünü Azərbaycanın 2011-ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində özünü göstərmişdir. Azərbaycanın bu seçkilərdə mütləq qələbəsinin qaçılmaz olduğunu dərk edən Ermənistan eyni qrupdan namizəd olsa da, biabırçı məğlubiyyətdən xilas olmaq üçün prosesin ilkin mərhələsində namizədliyini geri götürmüşdür. Azərbaycan Avropa İttifaqı ölkələrinin tam dəstəyini alaraq seçkilərdə iştirak edən Sloveniya və Macarıstan ilə rəqabət şəraitində dünya birliyinin tam dəstəyini qazanmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, BMT TŞ-yə seçilməyimiz müstəqilliyinin 20 illiyində Azərbaycanın böyük tarixi qələbəsi idi!

Qeyd olunmalıdır ki, diplomatik dairələrdə BMT TŞ-yə seçkiləri uğurla apararaq bu posta yiyələnmək və eyni zamanda, qeyri-daimi üzv kimi üzərinə düşən məsuliyyətli yükü layiqincə icra etmək və qlobal problemlərin həllinə töhfə vermək dövlətin inkişaf səviyyəsinin mükəmməlliyinin xüsusi meyarı kimi qəbul olunur.

2012-ci ilin may ayında ölkəmiz BMT TŞ-də rotasiya qaydasına əsasən sədrlik etmişdir. 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq Sülh və Təhlükəsizliyə Terrorizmin Açdığı Hədələr mövzusu çərçivəsində "Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirilmişdir. Bu yüksək tribunadan dünya birliyinə səslənən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, TŞ-də olduğu müddətdə Azərbaycan ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə edəcəkdir. 2013-cü ilin oktyabr ayında Azərbaycan yenidən TŞ-yə sədrlik edəcəkdir.

Azərbaycanın TŞ-də prezidentliyi dövründə Afrika regionu üzrə Sudan və Cənubi Sudan, Konqo Demokratik Respublikası, Qvineya-Bisau, Liviya, Qərbi Afrika, Somali, Asiya regionu üzrə Əfqanıstan, Avropa üzrə BMT-nin Kosovoda Müvəqqəti İdarəçilik Missiyası (UNMİK), Bosniya və Herseqovina kimi ölkələrdə beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan məsələlərlə bağlı görüşlər keçirilmişdir. Bu baxımdan fevral ayında Afrikada sülh və təhlükəsizlik, dekabr ayında Afrikada sülh və təhlükəsizlik bəndi altında Sahel bölgəsində vəziyyət mövzusunda keçirilmiş yüksək səviyyəli iclas və görüşlər qeyd oluna bilər. Ölkəmizin TŞ-də sədrliyi dövründə qəbul olunmuş üç qətnamənin hər biri Afrika ölkələri (Sudan və Qvineya-Bisau) haqqındadır. Bu da Azərbaycanın Afrika qitəsində baş verənlərə qarşı biganə olmadığının və sözügedən regionda baş verən hadisələri yaxından izləməsinin göstəricisidir.

Əlavə olaraq, ölkəmiz siyasi və təhlükəsizlik baxımdan dünyanın ən qaynar regionlarından sayılan Yaxın Şərq regionu üzrə şuranın iclas və görüşlərində iştirak etmiş, xüsusən də Fələstin, Suriya, Liviya, Livan, Yəmən və dünyanın gündəmində olan bu kimi digər məsələlərin müzakirəsində yaxından töhfəsini vermişdir. BMT TŞ-yə üzvlük ölkəmizə xüsusilə Afrika və Latın Amerikası kimi regionlarda yeni tərəfdaşlar qazandırmış, iqtisadi, siyasi, mədəni və sosial-humanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır.

Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.

Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir.

İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda bu kimi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin ilbəil artan iqtisadi qüdrəti bizə imkan verəcəkdir ki, regionlararası inkişaf üçün gələcəkdə də fəaliyyətimizi daha intensiv şəkildə quraq.

Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlıdır. Bu regional məsələlərin həllində sülh və tərəqqi təşviqi baxımdan strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün ciddi addımlar atmışdır və görülən işlər regionun inkişafına və dünya birliyinə inteqrasiyasına öz töfhəsini vermişdir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz infrastruktur layihələri, eləcə də yaxın vaxtlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur. Bu sırada Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələri üzrə əldə edilmiş razılıqlar da qeyd olunmalıdır.

Azərbaycan həmçinin iki əsas internet mübadilə məntəqələri olan Asiya (Honq-Konq) və Avropa (Frankfurt) arasında vacib yeni tranzit marşrutunun yaradılmasına yönəlmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilmə mərhələsinə daxil olmuşdur. Bu layihənin əsas məqsədi qoşulma sürətinin artırılması və qiymətlərin aşağı salınması vasitəsilə mərkəzi Avrasiya regionunun İKT sütununa qoşulmasının təkmilləşdirilməsidir.

Artan siyasi və iqtisadi qüdrəti, nüfuzu ilə bərabər Azərbaycanın malik olduğu başqa bir önəmli strateji resursu onun siyasi terminologiyada "yumşaq güc - soft power" adı ilə qəbul olunan zəngin mədəni irsi, əsrlərdən bəri özünə kök salmış və Azərbaycan xalqının həyat tərzinə çevrilmiş milli, dini tolerantlığı və multikulturalizmə olan yanaşmasıdır. Başqa sözlə desək, çoxminillik tarixində multikulturalizm və tolerantlığın nəinki mümkünlüyünü, hətta inkişafını sübut etmiş Azərbaycan bu xüsusda dünya üçün bir örnəkdir. Ona görə də Bakı bu gün sivilizasiyalararası dialoq və multikulturalizm mövzusunda aparılan qlobal müzakirələrin mərkəzi məntəqələrindən birinə çevrilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi sayəsində ərsəyə gələn Bakı Humanitar Forumunda hazırlanan tövsiyə və təkliflər multikulturalizmin konseptual inkişafında mühüm rol oynayır, bu tövsiyələr beynəlxalq təşkilatlar, dövlətlər və tədqiqat mərkəzləri tərəfindən ciddi şəkildə öyrənilir, tətbiq edilir. Azərbaycan bu kimi fəaliyyəti ilə milli, dini, mədəni və irqi müxtəliflik şəraitində dünyada sülhün bərqərar olmasına və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə  əsaslı töhfəsini verir.

Multikulturalizm siyasətimizin tərkib hissəsi kimi Azərbaycan diplomatiyasının yeni istiqamətləri meydana çıxmışdır ki, bu sırada da mədəni və humanitar diplomatiyamız diqqət çəkir. Bu xüsusda Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu xüsusilə qeyd edilməlidir. Mehriban xanım Əliyeva Azərbaycan ilə UNESCO arasında münasibətlərin inkişafı üçün mühüm işlər həyata keçirir. Xatırlatmaq istərdik ki, ölkəmiz bu yaxınlarda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitse-prezidenti və bu təşkilat çərçivəsində digər rəhbər vəzifələrə seçilərək üzv ölkələrin tam dəstəyini əldə edib. 2012-ci ilin 21 dekabr tarixində UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyasında Azərbaycanın təşəbbüsüylə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənədin qəbul edilməsi ilə ölkəmiz işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərinin daha da geniş müzakirə edilməsi və müəyyən mexanizmlərin qəbul edilməsi üçün bünövrə yaratmışdır.

UNESCO çərçivəsində həyata keçirilən siyasətin davamı olaraq məhz Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində unikal çalarları olan zəngin Azərbaycan mədəniyyətinin dünya səviyyəsində təbliği həyata keçirilir. Bu sırada Avropanın və dünyanın aparıcı şəhərlərinin mədəni həyatında mühüm hadisəyə çevrilmiş Azərbaycan mədəniyyət günlərini, sərgiləri, rəqs və musiqi proqramlarını, yaradıcılıq gecələrini və təqdimatları qeyd etmək olar. Hər bir xalqın ilk növbədə öz mədəniyyəti ilə tanındığını nəzərə alaraq qeyd etmək lazımdır ki, mədəni və ictimai diplomatiyamız sayəsində dünya miqyasında yalnız siyasi, biznes və ya akademik dairələrdə deyil, məhz geniş kütlələr arasında Azərbaycan haqqında dolğun fikir formalaşdırılır.

Ehtiyacı olanlara yardım etmək kimi Azərbaycan xalqının digər bir nəcib xüsusiyyətindən və ənənəsindən çıxış edərək Heydər Əliyev Fondu başda olmaqla, dünyanın bir sıra regionlarında Azərbaycan tərəfindən həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Humanitar diplomatiya siyasətimizin sistemli şəkildə həyata keçirilməsi, qlobal səviyyədə aclıq və yoxsulluğa qarşı mübarizə aparılması, təbii və texnogen fəlakətlərdən əziyyət çəkən dövlətlərə yardım göstərilməsi məqsədilə Xarici İşlər Nazirliyi daxilində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi təsis edilmişdir. BMT-nin müvafiq strukturları, Afrika İttifaqı və İslam Əməkdaşlıq Bankı ilə yaxından əməkdaşlıq edən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Afrika qitəsində, Əfqanıstanda, Fələstində uğurlu humanitar layihələr həyata keçirmişdir və bundan sonra da bu nəcib missiya davam etdiriləcəkdir.

Qeyd olunanlar bir daha ona dəlalət edir ki, ulu öndər Heydər Əliyev irsinə sadiq qalaraq Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırılmış, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilmiş, Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilmişdir. Əldə edilmiş nailiyyətlər vahid strategiya çərçivəsində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Ona görə də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan səmərəli şəkildə istifadə etməklə ölkəmizin nüfuzunun və təsir imkanlarının daha da artırılması qarşıda duran başlıca vəzifələrdir.

 

 

Elmar MƏMMƏDYAROV

 

Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 3.