Bakıda Müstəqil
Dövlətlər Birliyinin Sərhəd
Qoşunlarının Komandanları Şurasının 70-ci
iclası keçirilmişdir
Sentyabrın
9-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının
Komandanları Şurasının (SQKŞ) 70-ci iclası keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə
Azərbaycan, Belarus, Qazaxıstan,
Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan,
Özbəkistan və Ukraynanın sərhəd xidmətlərinin,
Sərhəd Qoşunlarının Komandanları
Şurasının Əlaqələndirici Xidmətinin, MDB
İcraiyyə Komitəsinin, MDB-nin Antiterror Mərkəzinin, Avrasiya
İqtisadi Birliyinin
nümayəndə heyətləri iştirak
etmişlər.
Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi,
Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev açılış nitqi
ilə çıxış etmiş,
iclasın MDB ölkələri arasında sərhəd məsələlərində
əməkdaşlığın güclənməsinə
xidmət edəcəyinə
ümidvar olduğunu bildirmişdir.
Sərhəd
Qoşunlarının Komandanları Şurasının sədri,
Rusiya Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov
iclasın gündəliyini elan etmiş, müzakirə olunacaq
və qarşıda duran məsələlər
barədə məlumat vermişdir.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti Administrasiyası rəhbərinin
müavini, Azərbaycan Prezidentinin
müdafiə məsələləri üzrə köməkçisi
Vahid Əliyev bildirmişdir
ki, daxili sabitlik, yüksək iqtisadi
inkişaf templəri, uğurlu
sosial siyasət və əhalinin rifah halının yaxşılaşması nəticəsində
Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin təşkili
üçün əlverişli məkana
çevrilmişdir. MDB ölkələri
Sərhəd Qoşunları Komandanları Şurasının
Bakıda keçirilən iclası da bunu bir daha
təsdiqləyir. Hazırda qloballaşma
və dünya birliyində müxtəlif
ölkələrin birləşməsi prosesi
ilə əlaqədar dövlət sərhədlərinin səmərəli
mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında
əsas səylərdən biridir.
V.Əliyev
qeyd etmişdir ki, dövlət sərhədlərinin
mühafizəsi beynəlxalq
terrorizmə, separatizmə, transsərhəd mütəşəkkil
cinayətkarlığa, qeyri-leqal miqrasiyaya, narkotiklərin və kütləvi
qırğın silahının komponentlərinin
qaçaqmalçılığına qarşı fəaliyyətin
təsirli alətidir.
Bugünkü iclasın
iştirakçıları olan bütün ölkələr belə aktual və faciəvi sonluqla
nəticələnən problemlərlə tez-tez
üzləşirlər. Bizim sərhədlərimizi
qoruyan şəxslər, sizin
də sərhədlərinizi qoruyurlar. Hər
ötən gün bizim
səhv etmək hüququmuzu azaldır, məsuliyyətimizi
isə artırır. Bu nöqteyi-nəzərdən beynəlxalq sərhəd
əməkdaşlığı daha böyük əhəmiyyət kəsb edir. Şübhəsiz, sərhədlərin təhlükəsizliyinin
təmin olunması, o cümlədən
dövlət təhlükəsizliyi sistemi
əsas prioritetlərdən biridir və regionda sabitliyin zəmanətidir.
Hazırda dövlət sərhədində təhdidlərin
spesifika və xarakteri,
o cümlədən sərhədçilər
qarşısında qoyulan hədəflər
ölkələrimiz arasında sərhəd təhlükəsizliyinin
təmin olunmasına yeni metod
və yanaşmalar tələb edir.
V.Əliyev demişdir: "Hazırda Azərbaycan dünya birliyində layiqli
yer tutur və onun beynəlxalq aləmdə nüfuzu
ildən-ilə artır. Buna nümunə
olaraq son il yarım ərzində keçirilən
"Eurovision-2012" mahnı müsabiqəsini, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu, Beynəlxalq
Humanitar Forumu, Dünya İqtisadi Forumunu (Davos Forumu) və digər bu kimi beynəlxalq tədbirləri qeyd etmək olar. Azərbaycanın
öz tarixində ilk
dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2012-ci ilin
sentyabrından bu təşkilatda fəaliyyətə
başlamasını xüsusi qeyd etmək lazımdır".
V.Əliyev
vurğulamışdır ki, Azərbaycanın
beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən Xəzərin neft yataqlarının, nəqliyyat dəhlizlərinin
və ixrac boru kəmərlərinin
təhlükəsizliyinin təmin olunması sərhəd xidmətində
köklü dəyişiklikləri
zəruri edir. Buna
görə də dövlət başçısı sərhəd
təhlükəsizliyinin, sərhədlərin idarə
olunması sistemlərinin inteqrasiya edilməsinə,
sərhəd nəzarətində yeni norma və metodların tətbiqinə hərtərəfli
dəstək göstərir. Son on ildə ölkə
başçısı 19 dəfə Sərhəd Xidmətinin
müxtəlif hissələrinə baş
çəkmiş və dövlət sərhədlərinin
mühafizəsinin təşkili üzrə işlərin vəziyyəti
ilə şəxsən tanış olmuşdur.
2005-ci ildən etibarən Sərhəd Xidmətinin büdcəsi
yeddi dəfə artmışdır. Müasir sərhəd infrastrukturunun
yaradılması üzrə böyük
həcmdə işlər görülmüş,
maddi-texniki baza yaxşılaşdırılmış,
1200 mənzil, Olimpiya İdman
Mərkəzi, istirahət evi tikilib və istismara verilmişdir. Havadan nəzarətin
gücləndirilməsi və Xəzərdə sərhəd
təhlükəsizliyinin təmin olunması məqsədilə
sahil mühafizə dəstələri
yaradılmışdır. Həmçinin şəxsi heyətin
ixtisaslaşdırılmasının
yaxşılaşdırılması məsələsinə
də böyük diqqət
ayrılır. Dövlət başçısının müvafiq sərəncamı ilə Dövlət
Sərhəd Xidmətinin Akademiyası
yaradılmışdır.
İclasda Müstəqil
Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin
sərhədlərində vəziyyət və onun inkişaf meyilləri barədə fikir mübadiləsi aparılmış,
2013-cü ildə keçirilmiş birgə
əməliyyat-profilaktik tədbirlərin nəticələri
və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində
sərhəd əməkdaşlığının
hazırkı vəziyyəti və onun
inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilmiş, gələn ilin
fəaliyyət planı müzakirə olunmuşdur.
Sonra iştirakçılar
xatirə şəkli çəkdirmişlər.
İclas çərçivəsində
bir sıra sərhəd xidmətlərinin
nümayəndə heyətləri arasında ikitərəfli
formatda görüşlər keçirilmiş, qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Nümayəndə
heyətləri Dövlət Sərhəd Xidmətinin
Akademiyası, "Sərhədçi" İdman
Olimpiya Mərkəzi və digər
bölmələrinin fəaliyyəti ilə tanış olmuşlar.
Müstəqil
Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd
təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq
məsələlərinin əlaqələndirilməsini həyata
keçirən SQKŞ 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti
SQKŞ-də müşahidəçi statusuna
malikdir. Qurumun 2001-ci
ildə 40-cı, 2008-ci ildə isə 60-cı iclasları
Bakıda keçirilmişdir.
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.