Azərbaycanın
yəhudi icması xalqımızın musiqi
mədəniyyətinə böyük
töhfələr vermişdir
Sentyabrın
9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Avropa Yəhudi İttifaqının sədri
Tomer Orninin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mədəniyyət
və Turizm Nazirliyinin
mətbuat xidmətindən
bildirmişlər ki, "Jews news"
telekanalının sahibi Oleq
Rabinoviçin, kanalın yayım üzrə
direktoru Piter Dikensonun da iştirak
etdikləri görüşdə
nazir ölkəmizin beynəlxalq yəhudi
təşkilatları ilə işgüzar
münasibətlər qurduğunu, Mədəniyyət və
Turizm Nazirliyinin də
bu münasibətlərə mühüm əhəmiyyət verdiyini diqqətə
çatdırmışdır.
Respublikamızda
yaşayan yəhudi icmasından söz açan nazir bildirmişdir ki, icma Azərbaycan cəmiyyətinin
bərabərhüquqlu üzvü kimi tolerantlıq və sülh
şəraitində ömür sürür, ölkənin sosial-iqtisadi
və mədəni həyatında fəal iştirak
edir, müxtəlif mədəniyyət tədbirlərinə,
festivallara qatılır. Qəbələ
Beynəlxalq Musiqi Festivalında yəhudi əsilli
həmvətənlərimizin və İsraildən olan musiqiçilərin yaxından iştirak etdiklərini deyən nazir bu əməkdaşlıqdan
məmnun olduğunu
vurğulamışdır.
Qeyd olunmuşdur
ki, musiqi sahəsində
ölkəmizin İsraillə geniş əlaqələri
mövcuddur. Hələ ötən əsrin
20-ci illərində Azərbaycan Dövlət
Konservatoriyası yaradılarkən bu təhsil
ocağına dəvət edilən müəllim heyətinin əksəriyyəti
yəhudi əsilli musiqiçilər olmuşlar.
Onlar Azərbaycanın musiqi
mədəniyyətinə böyük
töhfələr vermişlər. Ənənəvi əməkdaşlıq
bu gün də uğurla davam etdirilir.
Azərbaycan musiqisinin də İsraildə sevilərək
dinlənildiyini vurğulayan nazir, xalqlararası mədəni əlaqələr
baxımından musiqi sahəsində əməkdaşlığı
uğurlu nümunə kimi
dəyərləndirmişdir.
İki ölkə
arasında digər sahələrdə də nümunəvi əməkdaşlığın
olduğunu nəzərə
çatdıran Əbülfəs Qarayev
artıq uzun müddətdir ki, Bakı-Təl-Əviv aviareysinin
istifadəyə verildiyini
xatırlatmış və bu faktı ikitərəfli
münasibətlər baxımından yüksək qiymətləndirmişdir.
Səmimi
görüşə görə minnətdarlığını
bildirən Avropa Yəhudi
İttifaqının sədri Tomer Orni Azərbaycana ilk dəfə
gəldiyini, ölkəmizdəki dinamik
inkişafı əyani şəkildə görməkdən məmnun
olduğunu demişdir.
Səfər çərçivəsində Qubaya, yəhudilərin yaşadıqları
Qırmızı Qəsəbəyə də baş
çəkəcəklərini diqqətə çatdıran
qonaq Azərbaycandakı yəhudi
icmasının sosial-iqtisadi vəziyyətlərindən
razı qaldıqlarını, burada bütün xalqların dinc
və əmin-amanlıq şəraitində yaşadıqlarını
qeyd etmişdir.
Nazir Əbülfəs Qarayev Tomer Ornini
qış aylarında Azərbaycana bir daha səfərə gəlməyə, Şahdağ Qış-Yay Turizm
Kompleksində xizək sürməyə, bu
istirahət məkanı ilə yaxından tanış olmağa dəvət etmişdir.
AzərTAc
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 4.