Azərbaycan ilə İsrail arasında gömrük xidməti sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsrail Gömrük Direktorluğunun gömrük sərhəd keçid məntəqələri üzrə direktor müavini Avraham Hadad və ekspertlər - Alon Tassa, Omer DinurGal Orpaz ilə görüşmüşdür.

DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Aydın Əliyev Azərbaycanla İsrail arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə etmiş, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirmişdir.

DGK-nın sədri hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, əməkdaşlığın perspektivlərdən bəhs etmiş, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, ötən il tərəflər arasında imzalanmış saziş iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul vermiş və inteqrasiyanı sürətləndirmişdir.

A. Əliyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yolundan, büdcə gəlirlərinin formalaşmasında, iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, sistemdə informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Avraham Hadad ölkəmizdə iqtisadi tərəqqinin, hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırmışdır. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələri yüksək qiymətləndirən qonaq ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmiş, həmçinin gömrük müstəvisində münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 4.