Dahi Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettası Los-Ancelesi fəth etdi

 

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Ancelesin səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının premyerası olmuşdur.

AzərTAc xəbər verir ki, "Arşın mal alan" operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi Azərbaycanın Amerikanın mədəni həyatında əlamətdar hadisə olmuşdur.

Bu, ölkəmizin rəhbərliyinin respublikamızın xaricdə təbliği, Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmaz fəaliyyəti, Heydər Əliyev Fondunun Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği istiqamətində gördüyü işlər sayəsində mümkün olmuşdur. Buna görə Azərbaycan incəsənətinin təbliğində dövlət siyasətinin növbəti uğurunu əminliklə qeyd etmək olar.

Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə səyləri sayəsində Azərbaycan klassik musiqisinin korifeyi Üzeyir Hacıbəylinin əsəri Amerikanı fəth etmişdir.  Artıq 100 ildir ki, bütün dünyanı dolaşan bu səhnə əsəri Amerika Birləşmiş Ştatlarında böyük rezonans doğurmuşdur.

 Buna qədər premyeranın təbliği məqsədilə xüsusi internet səhifə açılmış, videoçarx hazırlanmışdır. CBC telekanalının xüsusi müxbiri Ceyhun Əsgərov isə əsərin səhnələşdirildiyi "Doroti Çendler Pavilyon" teatrından reportaj hazırlamış, aktyor tamaşaçılardan eksklüziv müsahibələr almışdır.

Operettanın Amerika tamaşaçısının qəlbini fəth edəcəyi şübhə doğurmurdu. Tamaşaya qədər rejissor Maykl Şnakın rəhbərliyi altında aktyor truppası bir neçə ay gərgin məşqlər etmişdir. Sonuncu əsas məşq isə əsərin tamaşaçıya yüksək səviyyədə təqdim olunacağından xəbər verirdi. Məşqlər zamanı çətinlik yaradan isə ariyaların Azərbaycan dilində oxunmasına hazırlıq olmuşdur. Aktyorlar tələffüzün ideal səviyyədə olması üçün çox çalışmışlar.

Ariyaların sözlərini, onların mənasını öyrənməyə çox vaxt sərf etdiyini bildirən Əsgər rolunun ifaçısı Ceyms Cudd demişdir: "Onları çalışdıqca daha dəqiq tələffüz etmək istəyirdim.  Bugünkü səviyyəyə çatmaq üçün biz böyük yol keçdik. Orijinalda bir çox şeyləri saxladıq, amma həm əlavələr etdik, axı bu əsərin 100 yaşı vardır".

Gülçöhrə rolunun ifaçısı Aşa Lindsey 7 il əvvəl bu əsəri səhnələşdirəndə, o dövr Azərbaycan qadınları, İslam dini təbii ki, xalqımızın mədəniyyəti haqqında çox şey öyrəndiyini bildirmişdir. O demişdir: "Hazırda mənim çoxlu azərbaycanlı dostlarım var. Hətta mən özüm bu qeyri-adi ölkə haqqında çox şey danışa bilərəm. Qəhrəmanımın istədiyini yaxşı bilirəm, əgər Gülçöhrə indiki dövrdə yaşasaydı, çox cəsur mərd olardı".

Əsəri Amerika tamaşaçısına böyük ustalıqla təqdim edən rejissor Maykl Şnak demişdir ki, amerikalıların ənənələrə öz yanaşması vardır.  ABŞ-da böyüməkdə olan nəsil yenilikləri qəbul etməyə hazırdır. Azərbaycan həm ona görə maraqlıdır ki, o vaxtlar bu müsəlman ölkəsinə Qərbin təsiri güclü idi.

Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim etmişdir. Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində, Mədəniyyət Turizm Nazirliyinin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.

Bu əsəri mənimsəmək istəyən ermənilər 1937-ci ildə məhz Los-Ancelesdə "Arşın mal alan" müziklini yaradaraq onu erməni əsəri kimi təqdim etmişdilər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirmişdir ki, Kaliforniyada 1,5 milyondan çox erməni yaşayır, onların əksəriyyəti isə Los-Ancelesdə məskunlaşmışdır. Baş konsul demişdir: "Erməni lobbisi bizə qarşı güclü mübarizə aparır. Onların təsirini azaltmaq üçün biz Azərbaycan haqqında həqiqətləri Amerika cəmiyyətinə çatdırmalıyıq bunu da edirik. Bu işdə ən yaxşı vasitə isə Azərbaycanın zəngin mədəni irsini təbliğ etməkdir".

Los-Ancelesin ən məşhur konsert zallarından olan "Doroti Çendler Pavilyon" teatrının  zalının tamaşa başlamamışdan əvvəl tam dolması premyeranın uğurla keçəcəyindən xəbər verirdi. Üç min tamaşaçı iki saat ərzində musiqi yumorla müşayiət olunan bu sevgi əhvalatının sonunu gözləyirdi. Tamaşanı heyranlıqla izləyən insanların üzlərində müxtəlif ifadələri hiss etmək çətin deyildi. Kimi Şərq musiqisindən zövq alır, kimi sevgililərə görə həyəcan keçirir, kimi Azərbaycanın milli geyimlərinə heyran qalmışdı. Amma sonda təəssürat eyni idi: ifaçıları hamı bir nəfər kimi ayaq üstə alqışlayırdı.

Tamaşadan sonra zalı tərk edən tamaşaçılar hələ səhnədə gördüklərini müzakirə edirdilər. Əminliklə demək olar ki, indiyədək Azərbaycan haqqında az da olsa eşidənlər, bundan sonra bu kiçik Şərq ölkəsinə əsl maraq göstərməyə başlamışdılar. Əsərin tamaşaçılarda yaratdığı düşüncələr, hisslər o qədər güclü idi ki, onlar gördüklərini furşetdə davam etdirirdilər.

Los-Anceles sakini xanım Kalma Blumber: "Bu, fantastikdir. Gözəl musiqi, qeyri-adi geyimlər, çox maraqlı əhvalat. Mən özüm üçün Azərbaycan, onun tarixi haqqında çox şeyi kəşf etdim, öyrəndim. Bu, əsl sensasiyadır".

Avstriyanın Los-Ancelesdəki konsulu xanım Liliana Popova: "Möhtəşəm, valehedici musiqi idi. Mənim qardaşım pianoçudur. O, Bakıda simfonik orkestrlə çalışıb mənim bununla bağlı çox xatirələrim var. Bu gün isə mən çox xoşbəxtəm. Bu axşamkı tamaşa mənə çox böyük təəssüratlar bəxş etdi".

Los-Anceles sakini Cim Kerkman: "Bu həqiqətən bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir".

"Arşın mal alan" Los-Ancelesi fəth etdi. Bunu isə heç hər əsər edə bilməz. Çünki Los-Anceles həm Hollivud hesab olunur. Hollivudu isə təəccübləndirmək elə asan deyildir.

 

Azərbaycan. - 2013.- 10 sentyabr.-  S. 8.