Yeni infrastruktur
layihələri Qaxın turizm
potensialını da gücləndirir
Ötən son on ildə ölkəmizin
yol-nəqliyyat infrastrukturu əsaslı
şəkildə yenilənib. İstər Azərbaycan ərazisindən
keçən beynəlxalq avtomobil
magistralları, istərsə də şəhərlər və
rayonlararası yollar müasir
standartlara uyğun
yenidən qurulur. Qeyd
edək ki, qəsəbə və kəndlərarası
yollar da diqqətdən
kənarda qalmır.
Qax rayonuna
bu dəfə yeni
açılmış Şəki-Qax-Zaqatala avtomobil
yolu ilə getdik. Tamamilə yenidən qurulan bu müasir və rahat avtomobil yolunun istifadəyə verilməsi münasibətilə
avqustun 16-da tədbir keçirilib.
35 kilometrlik ikizolaqlı avtomobil
yolu Şəkinin 28 mindən çox əhalisi olan 21 və
Qax rayonunun 2 mindən
yuxarı əhalisi olan 6
yaşayış məntəqəsini birləşdirir.
Onu da öyrəndik ki, yeni avtomobil
yolu Şəki-Qax arasında əvvəlki
77 kilometrlik marşrut
məsafəsini 42 kilometr qısaldıb. Yolun üzərindəki müasir
və yaraşıqlı körpülər, yolboyu
keçib getdiyimiz abad və baxımlı kəndlər insanda xoş duyğular oyadır. Hiss
edirsən ki, ölkənin sosial-iqtisadi inkişafı bu
yerlərin də dirçəlişinə əsaslı şəkildə
təsir edir.
Qısa vaxt ərzində Qaxa
çatırıq. Qaxın mərkəzi səliqəli və
gözəldir. Müasir tikililərlə
qədim memarlığın vəhdəti,
yaşıllıqlar, küçələrin və
yolların rahatlığı ilk
baxışdan diqqəti çəkir.
Avqust ayı Qax
üçün əlamətdar olub. Təməli 2008-ci il
19 sentyabrda qoyulan Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılaraq istifadəyə
verilib. Kompleksin 480
tamaşaçı tutumu olan
idman zalı, 410 yerlik
üzgüçülük hovuzu var. Burada
müasir dünya
standartlarına uyğun hər cür şərait yaradılıb. Bu Olimpiya İdman
Kompleksində gələcəyin Avropa, dünya və Olimpiya
çempionları yetişəcək. Qax
sakini, əlbəyaxa döyüş
üzrə dünya
çempionatının finalçısı Ramil
Məmmədlinin dediklərindən: "Bu
gün Azərbaycan dünyada
idman dövləti kimi
tanınır və idmançılarımız ölkəmizi
beynəlxalq yarışlarda layiqincə təmsil edirlər,
bayrağımızı uca zirvələrə
qaldıraraq himnimizi səsləndirirlər".
R.Məmmədli
onu da qeyd
etdi ki,
tanınmış idmançılar yetişdirməklə
yanaşı, bu kompleks
gənclərin sağlam ruhda
böyüməsinə xidmət edəcəkdir.
Qaxda Heydər Əliyev Mərkəzinin
açılışı da əlamətdar
hadisə kimi yaddaşlara
yazıldı. Tikintisinə 2011-ci ilin
noyabrında başlanılan bu mərkəz
qaxlıların ümummilli liderin xatirəsinə dərin
ehtiramının nümunəsidir. Mərkəzin möhtəşəm
binası şəhərin gözəlliyini daha
da artırır.
Qax şəhər sakinlərinin
çoxdan gözlədiyi gün
də gəlib çatıb. Şəhərin su təchizatı və kanalizasiya
sistemləri istifadəyə verildi.
Mütəxəssislərin
bildirdiyinə görə, Qax şəhərinin
su təchizatı sistemi
ötən əsrin 60-cı illərinin sonunda
yaradılıb. İndiyə qədər şəhər
sakinləri Kürmük və Qumçay çaylarının, həmçinin
subartezian quyularının sularından
istifadə ediblər.
Paylayıcı su xətləri olan yerlərdə gün ərzində
4-6 saat fasilələrlə su verilib, olmayan
yerlərdə isə tələbat fərdi qaydada
ödənilib.
İndiki halda İlisu kəndinin
yaxınlığındakı bulaqlardan Qax şəhərinə çəkilən su həm yeni qurulmuş, həm də əvvəlki şəbəkə
vasitəsilə fasiləsiz verilir.
Onu da öyrəndik ki, "Qax şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi" perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 14 min
nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş
və Qaxingiloy kəndlərində isə
7,5 min nəfərin içməli su
təchizatının yaxşılaşmasına hesablanıb.
Qeyd edək ki,
Qaxın içməli su probleminin
həlli turizmin inkişafına da təsirini göstərəcək.
Aldığımız məlumata görə, hazırda Qaxda 11 turizm obyekti fəaliyyət göstərir.
Qaxın
"İçəribazar" Turizm Mədəniyyət
Mərkəzində turistlərə nümunəvi xidmət üçün hər cür
şərait yaradılıb. Elə istirahət obyektlərində
də turistlərin asudə vaxtlarının səmərəli
təşkili üçün müvafiq tədbirlər planı mövcuddur.
Rayonun tarixi
və görməli yerlərinə gəzintilərin təşkili
üçün mədəniyyət və
turizm şöbəsində 6 marşrut hazırlanıb. Qeyd
edək ki, Qaxda kənd
turizminin inkişafına da
diqqət yetirilir. Turistlər əsasən
İlisu, Ağçay,
Qaşqaçay, Armudlu,
Ləkit və Qum kəndlərində
istirahətə üstünlük verirlər.
Turizm infrastrukturunun
genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Tikilməkdə
olan yeni turizm kompleksləri də nəzərə
alınmaqla obyektlərdə yerlərin sayı rayon üzrə 700-ə
çatdırılmalıdır.
Ümumilikdə
Qax yeni inkişaf mərhələsini yaşayır.
Fərəhli haldır ki, həm tarixilik, milli-memarlıq xüsusiyyətləri
qorunur, həm də müasir
inkişaf xətti sistemli
şəkildə davam etdirilir.
Bunun üçün
dövlət də yetərincə öz
qayğısını göstərir.
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 6.