Qarabağda yeni dəfinə
aşkar olunmuşdur
2009-cu ildən
başlayaraq Azərbaycan-Almaniya beynəlxalq
ekspedisiyası tərəfindən Mil-Qarabağ
bölgəsində arxeoloji tədqiqatlar
aparılır.
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji
ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev bildirmişdir ki, neolit dövrünə aid
məşhur Kamiltəpə yaşayış məskənində
geniş qazıntı işləri ilə
yanaşı, bölgənin arxeoloji xəritəsini
tərtib etmək
məqsədilə Füzuli, Beyləqan,
Xocavənd və Ağcabədi rayonlarının ərazisində,
xüsusilə, Şpartı, Qarasu və Qarqarçay hövzələrində, Xonaşen dərəsi ətrafında kəşfiyyat-axtarış
işləri də davam etdirilir.
Artıq bölgədə son neolit dövründən (eramızdan əvvəl
VII minilliyin sonlarından) son
orta əsrlərə qədərki böyük bir tarixi mərhələni əhatə edən
120-yə yaxın abidə qeydə alınmışdır. Bu abidələr Azərbaycanın qədim və
orta əsrlər tarixinin
öyrənilməsində mühüm əhəmiyyət
kəsb edir.
Almaniya Arxeologiya İnstitutunun əməkdaşı
Andrea Riccinin
başçılıq etdiyi kəşfiyyat
qrupu Kamiltəpədən 8 kilometr cənub-şərqdə, Şpartı
(Şivarxı) çayı hövzəsində - Ağcabədi,
Xocavənd və Füzuli
rayonlarının kəsişdiyi ərazilərdə kəşfiyyat
apararkən mis sikkələrdən ibarət
dəfinə aşkar edilmişdir. Dəfinə ümumi
çəkisi 2,7 kiloqram olan
586 ədəd sikkədən ibarətdir.
AMEA-nın
Milli Azərbaycan Tarixi
Muzeyinin əməkdaşı Aygün Məmmədovanın verdiyi
məlumata görə, bu metal
pullar Azərbaycan Atabəylər (Eldəgizlər)
dövlətinin hökmdarları Əbu Bəkr və Özbəyin
adından XII əsrin sonları - XIII əsrin əvvəllərində
zəbt edilmişdir. Həmin ərazidən 13
kiloqrama yaxın vulkanik
şüşə olan iri
obsidian parçasının - dəvəgözü
daşı və XI yüzilliyin 70-ci illərində
rum səlcuqlarının
hökmdarları adından kəsilmiş metal
pullar da
tapılmışdır. Onların arasında üzərində
atlı təsviri olan sikkələr diqqəti
daha çox cəlb edir. Yaxın gələcəkdə bu pulların təmizlənərək kompleks halda tədqiq
olunması nəzərdə tutulur.
AzərTAc
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 7.