Azərbaycan gəncliyi
cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir
Ölkəmizdə
həyata keçirilən gənclər siyasəti Azərbaycan
gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal
iştirakının təmin olunmasına yönəlmişdir.
Bu siyasətin həyata keçirilməsində
gənclər təşkilatlarının, xüsusən öz sıralarında 200 mindən çox gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzərinə məsul vəzifələr
düşür. Birliyin
sədri Seymur Orucov gənclərlə
aparılan iş, həyata keçirilən
layihələr, təşkilatın beynəlxalq əlaqələri,
eləcə də qarşıdakı prezident
seçkilərinə hazırlıq barədə sualları
cavablandırır.
- Əvvəlcə
fəaliyyətinizin əsas istiqamətləri və prioritetləri
barədə danışmağınızı xahiş edirik. Rəhbərlik
etdiyiniz YAP Gənclər Birliyi
ölkənin ən böyük, ən
kütləvi gənclər təşkilatıdır. Üstəlik,
hakim partiyanı təmsil edirsiniz.
Bu, üzərinizə nə kimi məsuliyyət qoyur?
-
Bu gün bütün istiqamətlərdə davamlı olaraq inkişaf edən, iqtisadi gücünü
artıran Azərbaycanın qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün
çox önəmlidir. Çünki
həyata keçirilən uğurlu siyasət
birbaşa vətəndaşın sosial rifahına
yönəlmişdir. Bu mənada öz ətrafında yüz minlərlə vətəndaşı
birləşdirən Yeni Azərbaycan
Partiyası və onun önəmli qolu olan Gənclər Birliyi insanların ideya-siyasi
tərbiyəsi ilə bağlı işlərini ən müasir səviyyədə qurmağa
çalışır. Bizim əsas
vəzifəmiz dövlət siyasətinin mahiyyətini hər
bir gəncə çatdırmaqdan, onun tövsiyə və
tapşırıqlarını zamanında yerinə yetirməkdən
ibarətdir.
Bu gün
YAP Gənclər Birliyi Azərbaycanın ən
böyük və güclü
gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər
qurumunu digər təşkilatlardan fərqləndirir.
Son illər
partiyamızın Gənclər Birliyi fəaliyyətini
müasir dövrün
tələblərinə uyğunlaşdırır, daim yeniliyə can atır,
yeni layihələrlə
çıxış edir, gənclərlə
fəal iş aparır, bir
sıra aktual sosial aksiyalar həyata keçirir.
Məsələn,
bir neçə ildir ki, gənclərin inkişafı
baxımından uğurlu layihə
sayılan yay və qış məktəbləri
təşkil edirik. Bu
məktəblərə ölkəmizin fərqli bölgələrindən
yüzlərlə gənc cəlb olunur. Biz bu layihəni 2007-ci ildən
həyata keçiririk. Builki
yay məktəbi
iştirakçıların say çoxluğu baxımından fərqlənirdi.
Masallı və Oğuz rayonlarında reallaşan yay məktəbləri
çərçivəsində gənclərimiz həm asudə
vaxtlarını səmərəli keçirdilər, həm də
bir-biri ilə təmas qurdular,
münasibət yaratdılar, yeni dostlar tapdılar. Eyni zamanda, partiyamızı təmsil edən deputatlar, hökumət nümayəndələri
gənclərin qonağı oldular. Bu görüşlər zamanı aktual mövzular ətrafında
işgüzar fikir
mübadiləsi aparıldı, gənclər onları
maraqlandıran bir çox
suallara cavab
tapdılar. Hesab edirəm ki,
2013-cü ilin yay məktəbləri
gənclərimizin intellektual səviyyəsinin
yüksəlməsi və asudə vaxtlarının səmərəli
keçirilməsi baxımından daha əhəmiyyətli
oldu.
Təşkilatımız
bu gün gənclərin
ideyalarının reallaşdırılması
baxımından da ideal
bir məkana çevrilmişdir.
Bizə layihə təqdim edən gənclər onları
reallaşdırmaq üçün bütün mümkün imkanlarla təmin olunur.
Layihələr təkcə paytaxtı deyil,
regionları da əhatə edir. Belə ki,
biz mütəmadi olaraq
regionlara gedir, yerli gənclərlə müxtəlif mövzularda görüşlər keçiririk. Əsas məqsədimiz və fəaliyyətimizin
prioritet istiqaməti gənclərimizi
ölkəmizdə görülən işlərlə
bağlı hərtərəfli məlumatlandırmaq, Yeni Azərbaycan Partiyasının ideya və məqsədlərini hər kəslə
paylaşmaqdır.
Xüsusi vurğulamaq
istərdim ki, keçirilən hər bir tədbirdən, görüşdən sonra partiyamızın Gənclər Birliyinə
üzv olmaq istəyən
gənclərin sayı daha da artır. Hazırda təşkilatımız
öz sıralarında 200 mindən çox gənci birləşdirir. Bu, doğrudan da, böyük qüvvədir.
- Dediklərinizdən
belə məlum olur ki,
maarifçilik işləri, xüsusən
siyasi maarifləndirmə təşkilatın
fəaliyyətində prioritetlərdən biridir.
Bununla bağlı nə kimi
tədbirlər, layihələr həyata keçirirsiniz?
-
Təbii ki, bu sahədə
də əsas işimiz gənclərin
dövlət siyasəti ilə bağlı maarifləndirilməsidir,
onların vətənpərvərlik ruhunda
tərbiyə edilməsinə, azərbaycançılıq fəlsəfəsinə
yiyələnməsinə dəstək olmaqdır. Bu məqsədlə
həm paytaxtda, həm də regionlarda müxtəlif səpkili layihələr
həyata keçirilir.
Maarifləndirici
tədbirlərimiz bir neçə istiqamət
əhatə edir - azərbaycançılıq
ideyasının, Heydər Əliyev irsinin
təbliği, Prezident İlham
Əliyevin fəaliyyətinin öyrənilməsini, erməni
cinayətlərinin ifşasını, gənclərin sosial biliklərinin artırılmasını
və sair.
Bu istiqamətlərin hər
birinə dair mütəmadi olaraq Gənclər Birliyinin
ofisində tədbirlər təşkil edilir,
dövlət rəsmiləri, elm
adamları ilə gənclərin görüşləri keçirilir. Bundan əlavə, gənclərin öz
təşəbbüsləri ilə rayonlarımızın işğal günləri, Xocalı
soyqırımı ilə əlaqədar sosial
şəbəkələrdə virtual aksiyalar keçirilir, müxtəlif
beynəlxalq təşkilatlara, dünya
dövlətlərinin parlamentlərinə erməni cinayətləri
ilə bağlı məktublar göndərilir.
Gənclərimizin
ideya-siyasi tərbiyəsində
partiyamızın rəhbər orqanlarında təmsil olunan insanların, həmçinin müxtəlif
dövlət qurumlarında fəaliyyət göstərən
şəxslərin təcrübələrindən də geniş istifadə edilir. Bu məqsədlə mütəmadi
görüşlər təşkil olunur.
- Bir qədər də YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri barədə
məlumat verməyinizi xahiş edirik. Bu əlaqələr
və əməkdaşlıq hansı istiqamətləri əhatə
edir, hansı formada və
necə qurulur?
- Əvvəlcə
onu deyim ki, YAP Gənclər Birliyi
partiyanın beynəlxalq əlaqələrinin qurulmasında fəal
iştirak edir. Partiya rəhbərliyi
bizə bu sahədə də böyük etimad göstərir
və bunun nəticəsi olaraq
Gənclər Birliyinin Avropa
Xalqlar Partiyası, Asiya
Ölkələrinin Siyasi Partiyaları
Komitəsi, Türkiyənin, Qazaxıstanın,
Rumıniyanın və bir sıra digər
ölkələrin hakim siyasi
partiyaları ilə sıx əlaqələri
qurulmaqdadır.
Bir müddət əvvəl
Bakıda Asiya Ölkələri Siyasi Partiyalarının Gənclik
Qollarının ikinci toplantısı keçirilmişdir. Toplantıda bir çox aktual məsələlər müzakirə edilmiş, Bakı Bəyannaməsi qəbul olunmuşdur. Gənc Siyasətçilərin
Bakı Forumunda iştirak
edən Avropa gəncləri ilə görüş keçirilmiş,
ölkəmizdəki siyasi vəziyyətlə
bağlı fikir mübadiləsi
aparılmışdır. Həmçinin YAP Gənclər Birliyi Konrad Adenauer Fondunun Azərbaycanda,
Almaniyada və Gürcüstanda
keçirdiyi yay
universitetlərində, təlimlərdə fəal iştirak edir.
Beynəlxalq
əlaqələrin daha da
genişlənməsinə nail olmaq üçün bir sıra Avropa ölkələrinin
hakim partiyaları ilə də gələcək
əməkdaşlığa dair
yazışmalar aparırıq. İnanırıq ki, beynəlxalq əlaqələrimizin
coğrafiyası yaxın gələcəkdə daha da genişlənəcəkdir.
- Ölkəmiz
çox ciddi siyasi kampaniya - prezident seçkiləri ərəfəsindədir.
Bu dövrdə adətən keçilən
yola nəzər salınır, təhlillər
və müqayisələr aparılır. Dövlətin gənclər
siyasətini bu baxımdan necə xarakterizə
edərdiniz?
- Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan gənclər
siyasəti nəticəsində Azərbaycan gəncliyi
yüksək inkişaf mərhələsini
yaşayır. Bu gün
uğurla davam etdirilən
gənclər siyasəti müasir dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət
etibarilə yeni mərhələyə qədəm
qoymuşdur. Bu siyasətin
başlıca istiqamətlərindən biri
gənclərə dövlət dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli diqqət
göstərilməsindən ibarətdir.
Yeni mərhələdə
dövlət başçısı tərəfindən
gerçəkləşdirilən siyasət ən müxtəlif
sahələri əhatə etməklə geniş
spektrə malikdir. Belə ki, bu siyasət gənclərin
tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı,
asudə vaxtının səmərəli təşkili, həmçinin
cəmiyyət həyatının bütün
sahələrində fəal iştirakı ilə
bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş
strategiyasının müəyyənləşdirilməsi və
bu strategiyadan irəli
gələn vəzifələrin dəqiqliklə yerinə
yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman,
elm, mədəniyyət, incəsənət
və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini
daim uca tutur, ictimai-siyasi həyatda
yaxından iştirak edir.
Məhz həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində Azərbaycan gəncliyi
artıq cəmiyyətin inkişafında ciddi
rolu olan fəal sosial təbəqəyə çevrilmişdir.
Azərbaycanda dövlət
səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar və
layihələr həyata keçirilir.
Onların bir neçəsini
xatırlatmaq yerinə düşərdi. 2005-ci il avqust ayının
30-da "Azərbaycan Gəncliyi
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" sərəncam imzalanmışdır. Sərəncam gənclərin potensialından ölkənin
mənafeyi naminə səmərəli istifadə olunması,
onların məşğulluğunun təmin edilməsi,
dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədi
daşıyırdı. 2005-2009-cu illəri əhatə edən
bu proqramda eyni zamanda gənclərin və yeniyetmələrin sosial
problemlərinin həlli, o cümlədən
yaradıcı və istedadlı gənclərə, gənc
ailələrə dövlət qayğısının
artırılması, mənzil şəraitlərinin
yaxşılaşdırılması, gənclərin dövlət
quruculuğu işlərinə geniş cəlb olunması və digər
məsələlər də əksini tapmışdı.
Proqramın bütün müddəaları
yerinə yetirilmiş və öz bəhrəsini vermişdir.
Prezidentin təşəbbüsü
ilə 2007-ci ilin
"Gənclər ili" elan edilməsini də dövlətimizin gənclərə
olan diqqət və
qayğısının daha bir parlaq təzahürü
hesab etmək olar.
Ölkədə
həyata keçirilən uğurlu təhsil
islahatları nəticəsində gənclərimizin təhsil
səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlmişdir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" bütün
sosial təbəqələrdən olan gənclərin xaricdə təhsil
almaları üçün geniş imkanlar
açmışdır. Bilirsiniz ki, "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramında gənclərlə bağlı bütün
məsələlərin öz həllini
tapması üçün konkret hədəflər müəyyənləşdirilmişdir.
Hazırda proqram uğurla
icra edilməkdədir.
Çəkdiyimiz
misallar dövlətin gəncliyə diqqət
və qayğısını əks etdirən qlobal
layihələrin yalnız bir qismidir. Bu siyasəti dəyərləndirən
və onun davam etməsini
istəyən Azərbaycan gəncliyi qarşıdan gələn
prezident seçkiləri ilə
bağlı artıq öz seçimini etmişdir.
- YAP Gənclər
Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə
çıxış edir. Bəs, bu seçkilərlə bağlı yeni layihələriniz varmı?
- Əlbəttə,
var. Biz bu layihələri əsasən təbliğat-təşviqat
prosesində həyata keçirəcəyik. Müasir
dövrümüzdə İKT-nin əhəmiyyətini
nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri sosial
şəbəkələrdə işləməyə daha çox üstünlük verirlər. Layihələrimiz
də əsasən bununla
bağlıdır. Biz Azərbaycana böyük uğurlar gətirən
mövcud siyasi kursu təbliğ etməyi özümüzün
başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə
çalışırıq.
Azərbaycan. - 2013.- 10 sentyabr.- S. 5.