Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Biləsuvar rayonunda bir sıra tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, müasir lisey-məktəb digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal emal müəssisələri yaradılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Biləsuvar şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Biləsuvar şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 1.