YARDIMLI: dünən və bu gün

 

Azərbaycanın ən qədim yaşayış məskənlərindən, zəngin tarixi, arxeoloji abidələrin mövcud olduğu və hələ də arxeoloqları gözləyən diyarlarından biri Yardımlı rayonu 1921-1930-cu illərdə Vərgədüz dairəsi kimi Lənkəran qəzasının tərkibində olub. 1930-1938-ci illərdə inzibati mərkəzi eyni kənd olmaqla Vərgədüz rayonu, 1938-ci ildən isə eyni qəsəbənin adı ilə Yardımlı rayonu adlandırılıb. Əməksevər yardımlılar 1920-ci il aprel işğalından sonra sovet hakimiyyətinə qarşı fəal mübarizə aparıb və onu ən gec qəbul ediblər. Buna baxmayaraq, sovet hakimiyyəti Yardımlının mədəni inkişafında mühüm rol oynayıb.

Tez-tez olmasa da, demək olar, ildə bir neçə dəfə doğulub, boya-başa çatdığım Yardımlı rayonuna gedirəm. Hər dəfə görülən işləri, yenilikləri gördükdə ötən illəri və arxivlərdən öyrəndiyim Yardımlı tarixini xatırlayıram. Yardımlılar rayonun nə vaxtsa düzələcəyinə inanmayıb, ümidlərini yalnız Vətənin birləşməsi arzularının gerçəkləşməsi ilə bağlayıblar.

Tarixi Azərbaycan ərazilərinin ortasında yerləşsə də, çarizm tərəfindən bölüşdürüldükdən sonra Yardımlını şimal tayın ən ucqar rayonu adlandırıblar. Bakıdan təqribən 304 kilometr məsafədə olan Yardımlı iqtisadi baxımdan fayda vermədiyi üçün dövlətin boynunda bir yük olduğundan baxımsız rayona çevrilib. Hətta şairlərin birinin Yardımlıya həsr etdiyi şeirlərinin birində belə bir misranı xatırlayıram: "Yadımlının hanı bizə yardımı?" Şəraitin ağırlığı səbəbindən "ayağı yer tutanlar" rayondan baş götürüb gedirdilər.

Sovet dövründə indiki Biləsuvar rayonu ərazisində bir sərhəd-keçid məntəqəsi var idi. Zona sakinləri kimi yardımlılar da evlərinə yerli hakimiyyət orqanlarının verdiyi arayışla, yad millətin nümayəndələrindən olan sərhədçilərin üzücü yoxlamalarından sonra keçib gedə bilirdilər. Bu, əzab-əziyyətdən başqa bir şey deyildi. İnsan öz evinə icazə iləmi getməlidir?

İndiyədək Yardımlı rayonuna Azərbaycanın iki rəhbərinin ayağı dəyib: sovet dövründə Mircəfər Bağırovun və müstəqillik illərində İlham Əliyevin! Azərbaycan rəhbərləri olmuş ulu öndər Heydər Əliyev isə hələ respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini olarkən 60-cı illərin ortalarında Yardımlıda olmuşdur.

Bu məqalənin başlıca məqsədi Azərbaycanın müstəqil olmadığı bir şəraitdə- 30-cu illərdə respublika rəhbəri Mircəfər Bağırovun və müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yardımlı rayonuna etdiyi səfərlərin nəticələrini heç kimi ittiham etmədən, dövrün şərtləri müxtəlif olsa da, müqayisəli təhlil etmək, müstəqilliyin nə qədər böyük bir əvəzedilməz dəyər olduğunu, on ildə - 2003-2013-cü illərdə Yardımlı rayonunun həyatında necə böyük dəyişikliklər yaratdığını göstərməkdir.

 

30-cu illərdə Azərbaycan rəhbərinin Yardımlıya səfəri

 

1937-ci ilin yayında Azərbaycan K(b)P MK-nın birinci katibi Mircəfər Bağırov Yardımlı rayonuna səfər edir. Azərbaycan rəhbərinin bu səfərinin nəticələri arxivlərin ən mötəbər sənədli mənbələrində əsasən iki qəmli hadisə ilə tarixləşib: Yardımlının İran ilə sərhəddə yerləşən bir neçə kəndinin köçürülməsi və görkəmli din adamlarının, antisovet qüvvələrinin repressiya edilməsi!

Hələ bu səfərə qədər, 1936-cı il 15 fevral tarixində SSRİ Xalq Komissarları Soveti ölkənin təhlükəsizlik tədbirlərini əsas götürərək Vərgədüz və Astara rayonlarının İran ilə sərhəddə yaxın kəndlərinin 250 təsərrüfatının köçürülməsi haqqında qərar qəbul etmişdi. O sistem şəraitində başqa cür hərəkət etmək imkanı olmayan Mircəfər Bağırov mərkəzi hakimiyyətin göstərişlərini sözsüz yerinə yetirmiş, 1936-cı ilin dekabr ayında ölkə rəhbəri İ.V.Stalinə göndərdiyi tamamilə məxfi məktubunda ötən bir il içərisində İran ilə sərhəd kəndlərində yaşayan 700 ailənin SSRİ-nin digər ərazilərinə, 300 ailənin isə Azərbaycanın müxtəlif rayonlarına köçürüldüyü barədə hesabat vermişdi.

Mircəfər Bağırovun Yardımlı rayonuna səfərindən sonra Azərbaycan K(b)P MK-nın 1937-ci il 1avqust tarixli 14/2 saylı tamamilə məxfi qərarı ilə Xalq Komissarları Sovetinə sərhədə 500 metr yaxınlıqda yerləşən bütün yaşayış məntəqələrini köçürmək tapşırıldı. Yardımlı rayonunun Ləzran sovetliyində sərhəddən 60 metr aralıda yerləşən Biromot kəndindən 10 təsərrüfat, Ovra sovetliyində sərhəddən 40 metr aralıda yerləşən Ovra kəndindən 63 təsərrüfat, həmin sovetliyin sərhəddən 30 metr aralıda yerləşən Laceyir kəndindən 22 təsərrüfat, Perembel sovetliyində sərhəddən 40 metr aralıda yerləşən Deman kəndində 10 təsərrüfat köçürülməli idi. Digər kəndlər də sərhədə yaxın yerləşirdilər. Onları da acı tale gözləyirdi

1937-ci ilin oktyabr ayında Azərbaycan SSR XKS həmin kəndlərin boşaldılmasına dair qərar qəbul etdi. Azərbaycan SSR XKS-nin 1938-ci il 11 aprel tarixli 9257 saylı tamamilə məxfi məktubu yerlərə göndərildikdən sonra həmin təsərrüfatlar və digərləri köçürüldü.

Uzun illər boyu dədə-baba torpaqlarında yaşayan yardımlılar 1938-ci ilədək Zubovka, sonralar Əli Bayramlı adlandırılan indiki Şirvan, 1930-cu ilə qədər Astarxanbazar adlandırılan indiki Cəlilabad, 1938-ci ildən Puşkin adlandırılan indiki Biləsuvar rayonuna köçürüldülər. Hətta Quba rayonuna köçənlər də oldu. Ev-eşiklərini itirən bu adamların çoxu xəstəliklərdən və mühitə uyğunlaşa bilmədiklərindən dünyalarını vaxtsız dəyişirdilər.

Yardımlı kəndlərinin köçürülməsi sonrakı illərdə də davam etdirildi. İkinci Dünya müharibəsindən sonra Yardımlının İran ilə sərhəddəki bir çox kəndləri, o cümlədən qədim Deman kəndi köçürüldü. Həmin dövrdə köçürülən yardımlıların nəslinin davamçıları bu gün Masallı, Cəlilabad, Biləsuvar, Lənkəran, Şirvan, Quba, Göycay, Sumqayıt, Bakı və digər yerlərdə yaşayırlar. Sonralar müxtəlif arxivlərdə işləyərək sənədli mənbələr əsasında yazdığım və Türkiyədə nəşr edilən, Frankfurt Mayn beynəlxalq kitab sərgisində böyük maraq doğuran və uğurla satılan "Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945" adlı irihəcimli monoqrafiyamda Mircəfər Bağırovun həmin səfəri və onun acı nəticələrini də verdim.

Mircəfər Bağırov səfər zamanı etdiyi çıxışında rayondakı antisovet qüvvələri və din adamlarını hədəfə aldı. Bir nəfər də olsun erməni yaşamadığı halda, bu zaman rayonda məsul vəzifələrdə çalışanların bir neçəsi erməni idi. Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində erməni Asaturov, Xalq Daxili İşlər Komissarlığının rayon şöbəsinin rəisi vəzifəsində əslən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan kiçik leytenant Nikolay Cavadoviç Sevoyan işləyirdi.

Respublika rəhbərinin bu səfərindən dərhal sonra rayonun bir neçə görkəmli din xadimi, o cümlədən xaricdə mükəmməl dini təhsil almış, artıq ixtiyar yaşına çatmış babam da qolçomaq sayıldığı, qatı antisovet təbliğatı apardığı üçün N.C.Sevoyanın təqdimatı ilə həbs olunur. İstintaq işini Azərbaycan SSR Xalq Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq hissəsinin müstəntiqi kiçik leytenant Avanesov aparır. Beləliklə, babam repressiya olunaraq 8 il müddətinə həbsxanaya atılır və orada vəfat edir. Sanki bu işləri apara biləcək bir azərbaycanlı müstəntiq yox imiş!

Tarixi araşdırmalar nəticəsində bu qənaətdəyəm ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycana bolşevik simasında qayıtmış ermənilər daşnak siyasətini üstüörtülü şəkildə həyata keçirmiş, milli ruhlu partiya və dövlət xadimlərini, ziyalıları və görkəmli din adamlarını məqsədyönlü surətdə repressiya etmişlər. Rayonda bir nəfər də olsun erməni yaşamadığı halda, mühüm vəzifələri onların nümayəndələrinin tutması 20-30-cu illər Yardımlı tarixinin xatırlanması istənilməyən acı bir səhifəsidir. Adamların repressiya edilməsinin onlarla ailəyə gətirdiyi müsibətlər isə nəsillər dəyişdikcə unudulsa da, onları arxivlərin artıq tarixləşmiş, toz basmış sənədlərindən silmək mümkün deyil!

SSRİ tərkibində müstəqil olmayan respublika rəhbərinin Yardımlı rayonuna səfərinin nəticələri yaşı qədim tarixə gedib çıxan kəndlərin köçürülməsi və Azərbaycanı azad görmək istəyən tanınmış adamların repressiya edilməsi oldu. Bu səfər yerli problemləri nəinki həll etmədi, əksinə, yüzlərlə ailənin evini dağıtdı, adamları isti ocağından etdi, rayonu ağsaqqalsız, ailələri başsız, qadınları həyat yoldaşısız, bacıları qardaşsız, anaları oğulsuz qoydu! Atasız qalaraq əlləri qoynunda yollara həsrətlə və ümidlə baxan gözü yaşlı, boynu bükük uşaqların cöhrəsinə silinmyən qəm-kədər, qüssə hopdurdu. Azərbaycanın müstəqil olmadığı bir şəraitdə yardımlılarin çoxlu ibrət dərslərindən biri budur.

 

Yardımlı 70-80-ci illərdə

 

Yardımlının inkişafında Heydər Əliyevin hakimiyyətdə olduğu 70-ci illər müstəsna yer tutur. Bu illərdə rayon iqtisadiyyatında ciddi irəliləyişlər oldu. Üzümçülüyün tətbiq edilməsi nəticəsində adamların həyat şəraiti yaxşılaşdı. İnsanlar özlərinə karxana daşlarından yaraşıqlı evlər tikdilər, maşınlar aldılar. Yardımlıda stadion, mədəniyyət evi, xalça sexi, inzibati binalar, yeni xəstəxana binası tikildi, park salındı. Bu illər Yardımlıda sanki bilik yarışı keçirilirdi. Gənclərin təhsilə marağı artmışdı. Minlərlə yardımlılı gənc ali məktəblərə qəbul olundular, kənd rayonunun ehtiyacı nəzərə alınaraq onlarla məzun zəruri ixtisasları almaq üçün keçmiş İttifaqın müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına göndərildilər. İndi də yardımlılar həmin illəri xoş xatırlayırlar.

 

Yardımlının hansı problemləri olub

 

Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində Yardımlının başlıca problemləri aşağıdakılar idi: Yardımlını Masallı ilə bağlayan və hələ 30-cu illərdə qayalıqlarda açılmış 53 kilometr dar çınqıl yol heç bir zaman asfalt görməyib, daim narahat və qorxulu olub. Adamlar bu məsafəni avtobuslarla 2-3 saata qət edərkən bəzən kinayə ilə deyərdilər: "Böyrəyimdəki daş düşdü. Daha həkimə ehtiyac qalmadı".

Rayonlararası yol belə olduğu halda, kəndləri rayon mərkəzi ilə birləşdirən və kəndlərarası yollar daha acınacaqlı vəziyyətdə idi. Dədə-babadan həmişə belə deyiblər: mədəniyyət yoldan başlar. Asfalt və rahat yolun olmaması Yardımlının başlıca problemi idi.

Yardımlıda heç zaman təbii qaz olmayıb. Nəhəng sovet dövləti xarici ölkələrə qaz satdığı, əvəzi ödənilməyən yardımlar etdiyi bir zamanda ölkə daxilində Yardımlı əhalisi təbii mavi yanacaq üzünə həsrət qalmışdı. Övladlarını məktəbə yola salan analar qış vaxtı sübh çağı saat 5-6-da yataqdan qalxıb min bir əziyyətlə sobanı qalayıb, çay qaynadardılar. Qazın olmaması səbəbindən meşələr, nadir ağaclar qırılardı. Nəticədə bulaqlar da quruyardı. Dağların, şiş qayaların arasında və təpələrdə yerləşən Yardımlıya və kəndlərinə qaz boruları çəkmək mümkünsüz görünərdi. Mavi yanacağın olmaması Yardımlının başlıca problemlərindən biri idi.

Rayon mərkəzində mərkəzləşdirilmiş su sistemi heç bir zaman olmayıb. Ötən əsrin 60-70-ci illərində rayona yerin üstü ilə kiçik borularla gətirilən su yalnız müəyyən edilmiş saatlarda verilərdi. Rayon sakinləri suyu vedrələrlə və səhənglərlə daşıyardılar. Kəndlərdən rayon mərkəzinə gələnlər Viləş çayının kənarındakı Əliyar bulağında su içmək üçün növbəyə durar, idarələrə gələn qonaqlar üçün isə su bulaqdan qablarda gətirilərdi. Mərkəzləşdirilmiş su sisteminin olmaması Yardımlının əsas problemlərindən biri idi.

Bir çox kəndlərdə adamlar içməli su problemini həll edə bilmir, onu uzunqulaq və atlarla uzaqda yerləşən bulaqlardan və şirin sulu dağ çaylarından gətirərdilər. Belə bir şəraitdə təsərrüfatla məşğul olmaq, bostan əkib-becərmək müşkül iş idi.

Məlumdur ki, kanalizasiya şəbəkəsinin olması məişət rahatlığı deməkdir. Yardımlıda heç bir zaman kanalizasiya sistemi olmayıb. Bunu yaratmaq relyef baxımından mümkünsüz göründüyü üçün həllinə ümid bəslənməyib, cəhdlər də edilməyib.

Lakin ümid sonda ölür, deyiblər. Problemləri həll edən Prezident İlham Əliyev yardımlıların ümidlərini nəinki ölməyə qoydu, mümkün olmayanları mümkün etməklə, bir sıra ilklərə imza atmaqla Yardımlı rayonuna yeni bir həyat bəxş etdi. Bir zamanlar ABŞ Prezidenti Vudro Vilson deyərdi: "Bəzən söyləyirlər, iş alınmır. Dövlət adamının böyüklüyü ondadır ki, mümkün olmayanı mümkün etsin, alınmayan işi aldırsın". Ötən on ildə cənab İlham Əliyev Yardımlı rayonu üçün uzun illər boyu mümkün olmayanları həll edərək xəyalları gerçəkliyə çevirdi.

 

İlham Əliyevin Yardımlıya səfərləri və problemlərin həlli

 

Yuxarıda sadalanan bütün bu problemlər İlham Əliyevin Yardımlı rayonuna 2005, 2008 və 2013-cü illərdə etdiyi səfərləri zamanı həll olundu. Müstəqil Azərbaycan dövlətinin Prezidenti səfərlərində təkcə rayon rəhbərləri ilə deyil, xalq ilə, ziyalılar və ağsaqqallarla görüşdü, onlara qucaq açdı, qəlblərdə ümid çırağı yandırdı. Tarixən dədə-babadan qalma bir söz var. Deyərlər: filankəsin ayağı ruzi-bərəkətli, əli çörəklidir. İlham Əliyevin səfərləri Yardımlıya yeni nəfəs, yeni həyat verdi, ruzi-bərəkətli oldu.

2005-ci ilin sentyabr ayında İlham Əliyevin Yardımlıya birinci səfəri öncəsində Yardımlı-Masallı yolu genişləndirildi, yenidən tikildi və asfalt döşəndi. İndi gözəl təbiətin qoynunda uca dağlar arasında uzanan, uçurumlar üstündə ürəkləri buza döndərən Yardımlı-Masallı yolu rahatlığına görə bəlkə də Avropanın ən qabaqcıl ölkələrinin yolları ilə rəqabət apara bilər. Yardımlı relyefini bilməyən adam üçün bu yolun tikintisi barədə yazılanlar bəlkə də qəribə görünə bilər. Ancaq şiş qayalar, uca dağlar, sərt döngələr arasında, dağ uçqunlarının olduğu bir yerdə yolun tikintisi nəhəng bir iş, böyük bir zəhmətin nəticəsi idi. İndi bu yolu 20-30 dəqiqəyə rahatlıqla qət edən adamlar onları əziyyətdən qurtardığı üçün "Yolu tikənin Allah ömrünü uzun eləsin, köməyi olsun, balalarını saxlasın"- deyərək dualar edirlər.

 Yardımlı-Masallı yolunun tikintisi sadəcə bir yol tikintisi olmadı. Bu yol özü ilə Yardımlıya gələn turistlərin sayını artırdı, rayon iqtisadiyyatının inkişafına töhfə verdi. Kənd təsərrüfatı, bostan və bağçılıq işləri canlandı.

Bir vaxtlar adamlar təkcə Yardımlı-Masallı yolunun bərbad halda olmasından deyil, kəndləri rayon mərkəzi ilə birləşdirən yolların olmamasından da əziyyət çəkirdilər. Yağışlar yağanda, xüsusən, payız düşən kimi rayon mərkəzi ilə bir çox kəndlərin əlaqəsi çətinləşər, maşın işləməzdi. Müstəqilliyin son on ilində Yardımlı kəndlərinin yol problemi həll edilməyə başladı. 2013-cü ilin sentyabr ayında Yardımlıya səfəri zamanı dövlət başçısı Yardımlı-Deman yolunun açılışını edərək 13 min nəfər sakinin yaşadığı 23 kəndi əzab-əziyyətdən qurtardı. Bir zamanlar bu yol üstündə olan Avaş və Arvana kəndlərinə maşınla 2 saata gedilərdisə, indi onu 15-20 dəqiqəyə qət edirlər. Deman yolu Ərdəbil şəhərinə yaxın bir yerdə sərhədə gedib çıxan bizi ideallarımıza yaxınlaşdırır. Əgər müstəqil olmadığımız bir dövrdə sərhəd kəndləri köçürülürdüsə, müstəqillik illərində sərhəd kəndlərinə müasir yollar çəkilir! Bunun da əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Belə bir yol yaxınlarda İran ilə Azərbaycan arasında yeni bir sərhəd-keçid məntəqəsinin açılacağına olan ümidləri də artırır. Onun gerçəkləşdirilməsi Yardımlı iqtisadiyyatı üçün faydalı perspektivlər vəd edir.

 Bu yol vaxtilə yox edilmiş Deman kəndinin bərpasına imkan verir. Artıq kənddən köçürülənlərin bəzilərinin övladları ata-baba yurdlarına qayıdırlar. Adı unutdurulmuş Deman kəndinin adına indi Yardımlı-Masallı yolunun üstündə, səfalı bir yerdə müasir Deman istirahət mərkəzi tikilib.

Yardımlı-Osnaqaran-Anzov-Hamarkənd-Abasabad kənd yolunun tikintisinin reallaşdırılması təkcə bu kəndlərin deyil, ucqar Alar və Şıxhüseynli, ətraf Lerik rayonu kəndlərinin əhalisinin də problemlərini həll edəcək. Viləş çayı üzərində tikilən körpülər də son illərin uğurlu işlərindəndir.

Yardımlının təbii qazla təmin olunması problemi də həllini tapıb. 2008-ci ilin avqust ayında Yardımlıya ikinci səfəri zamanı Azərbaycan Prezidenti rayon mərkəzinə və bir neçə kəndə mavi yanacağın verilməsini bildirən açılışı etdi. Hazırda rayon mərkəzi və 8 kənd təbii qaz ilə təmin edilib. Nəinki kəndlər, hətta kənddəki evlər arasındakı məsafə bir-birindən xeyli aralı olduğundan, relyefin mürəkkəbliyi səbəbindən boruları daşımaq, qaynaqlamaq və ona xidmət etmək xeyli çətinlik törətdiyindən Yardımlıda qaz kəmərlərinin çəkilişi ağır şərtlər altında aparılır. Buna baxmayaraq, Yardımlının və ətraf kəndlərin mavi yanacaqla təmini problemi həll edilib. Digər kəndlərə də təbii qaz kəmərlərinin çəkilişi davam edir. Bu gün təbii qazla təminat nəticəsində Yardımlıda fərdi evlərdə vətəndaşlar istilik sistemlərini quraşdırıblar, artıq meşələr qırılmır, analar əziyyət çəkmirlər, evlərin çoxunda 24 saat isti su var. Mənzillərdə yanan sadəcə mavi yanacaq deyil, Azərbaycan Prezidentinin yardımlılara verdiyi ürəyinin hərarəti, istisidir!

Müstəqilliyin son on ilində Yardımlı rayon mərkəzinin mərkəzləşdirilmiş su sistemi ilə təmin edilməsi problemi də həll edilib. 2013-cü ilin sentyabr ayında Yardımlıya səfəri zamanı Azərbaycan Prezidenti Yardımlıda mərkəzləşdirilmiş su sistemini istifadə üçün açdı. Artıq rayon mərkəzində su problemi yoxdur!

Kəndlərin də içməli su problemi aradan qaldırılır. Əhalisinin sayı 12 min nəfər olan 18 kəndin sakinlərinin içməli su problemini həll etmək üçün Sineyir adlanan uzaq bir dağdan borularla su çəkilir. Bu, təkcə içməli su problemini həll etməyəcək, eyni zamanda, təsərrüfat işlərini də canlandıracaq.

Rayon mərkəzində mərkəzləşdirilmiş kanalizasiya problemi də həllini tapıb. Relyef baxımından və evlərin bir-birindən aralı yerləşməsi səbəbindən nə qədər çətin və mürəkkəb olsa da, artıq Yardımlı rayon mərkəzində kanalizasiya problemi yoxdur. İlham Əliyev Yardımlı üçün mümkün olmayanları mümkün etdiyi, alınmayan işləri aldırdığı üçün yardımlıların əbədi rəğbətini qazanıb!

Bu gün Yardımlı rayonunda elektrik enerjisi problemi də aradan qaldırılıb. Rayona elektrik enerjisi xətti hələ 50-ci illərin sonu - 60-ci illərin əvvəllərində çəkilib. O zamandan etibarən rayonun elektrik enerjisi sistemində əsaslı yenidənqurma işləri aparılmamışdı. 80-ci illərin sonları - 90-cı illərin əvvəllərində nəinki kəndlərdə, hətta rayon mərkəzində işıqlar yanmazdı. Adamlar neft lampası, fənər və şam ümidinə qalardılar. İndi Yardımlıda 24 saat elektrik enerjisi var. Rayon mərkəzində elektrik enerjisi xətləri yer altına salınıb, kabelləşdirilib.

Yardımlıda müasir məktəb problemi də İlham Əliyevin hakimiyyətinin ilk on ilində həll edilib. Rayonda hələ 30-cu illərdə mədəni inqilab dövründə, sonralar isə 70-ci illərdə tikilən məktəblərin bir çoxu qəzalı vəziyyətdə idi. Yenilərini tikmək olmurdu. Son on ildə Yardımlıda 50-dən çox məktəb binası tikilib və ya təmir edilib. İlk baxışda bu, asan görünsə də, reallıqda belə deyil! Yenə də Yardımlının relyefi nəzərə alınarsa, onda bunun nə qədər çətin olduğu aydın görünər. Daş karxanalarından Yardımlıya bir daş əgər 45-50 qəpiyə gətirilirsə, rayon mərkəzindən kəndlərə aparılması bəzən 1 manata və daha baha başa gəlir. Həm də 400-500 daşı gətirən maşın həmin yükü kəndələrə apara bilmədiyindən yükün yarısı digər maşınlara yüklənir.

 Bu gün ən ucqar kəndlərdə belə, müasir informasiya texnologiyaları, maddi-texniki təchizatı olan məktəblər var. Rayonda 80 ümumtəhsil məktəbi, o cümlədən 42 tam orta, 22 ümumi orta, 16 ibtidai məktəb, 1 texniki peşə məktəbi, 3 məktəbəqədər tərbiyə, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Hazırda rayonda tikinti-abadlıq-quruculuq işləri daha da sürətlə həyata keçirilir. Yardımlı şəhərinin girişindən başlayaraq yolun hər iki tərəfində müasir zövqə uyğun istinad divarları hörülüb, yollar genişləndirilib, səkilər tikilib, küçə işıqları quraşdırılıb, statistika idarəsinin yeni inzibati binası istifadəyə verilib, YAP rayon təşkilatının inzibati binası tikilib. Polis şöbəsi üçün inşa olunan inzibati binada tikinti işləri sürətlə davam etdirilir. Mədəniyyət və istirahət parkındakı fəvvarə yenidən qurulub, Gənclər parkı salınıb, Şəhidlər xiyabanı abidə kompleksi əsaslı təmir olunub. Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz və park istifadəyə verilib.

 Yardımlı sənayesində də irəliləyişə nail olunub. Uzun illər boyu rayon sakinləri şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsulu satmaq üçün emal müəssisəsi olmadığından çətinlik çəkirdilər. Bu məsələ də həllini tapıb. Rayonda gün ərzində 10 ton meyvə qəbul etmək gücündə, meyvə tədarükü və emalı ilə məşğul olan limonad, su, kompot və mürəbbə sexi tikilir. Saatda 1500 şüşə limonad, 2000 şüşə meyvə şirəsi istehsalı gücünə malik sexdə həmçinin qazlı və qazsız su istehsal ediləcək. Artıq Yardımlı ölkəyə yardım edəcək!

 İlham Əliyev Yardımlı gənclərinin idman və sağlamlığına da xüsusi qayğı göstərərək müasir Olimpiya İdman Kompleksinin tikintisi üçün sərəncam verib. Artıq layihələndirmə işləri sona yetib. Bundan əlavə, rayonda cüdo və güləş zallarının, Gənclər evinin tikintisi üçün torpaq sahəsi ayrılib. Yeni iş yerləri açılıb.

 

Demoqrafik inkişaf

 

Son illərdə Yardımlıda demoqrafik inkişaf da diqqəti cəlb edir. Belə bir fakt maraqlıdır ki, Bakı quberniyası statistika idarəsinin məlumatına görə, hələ 1915-ci ildə Yardımlının da daxil olduğu Zuvand sahəsində təqribən 150 kəndi birləşdirən 11 kənd icmasında 38 min nəfər əhali yaşayırdı. Uzun illər boyu əhalinin sayı təqribən elə belə də qalıb. Yalnız son illərdə Yardımlıda demoqrafik artım müşahidə edilir. Bu gün 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarət olan Yardımlı rayonunun əhalisinin sayı artıq 60 min nəfərə yaxındır. Bir zamanlar rayonu tərk edənlər indi geriyə qayıdırlar!

Yardımlıya şəhər statusunun verilməsi də son illərin sevinclərindəndir. 2008-ci il 13 iyun tarixində Yardımlı rayonuna şəhər statusu verildi. İndi şəhər tikinti-quruculuq işləri və sosial-iqtisadi inkişaf nəticəsində əvvəlki məkanından çıxaraq daha da genişlənib. Tam əsasla demək olar ki, müstəqilliyin son on ilində Yardımlı bütün tarixində olmayan bir inkişaf səviyyəsinə gəlib çatdı. Yardımlılar bunun davamını istəyirlər!

 

Sabaha nikbinliklə

 

Yardımlının problemlərinin sürətli həlli və rayonun inkişafı adamlarda təkcə nikbinlik yaratmır, həmçinin müstəqilliyin nə qədər əvəzsiz bir milli dəyər olduğunu sübut edir. Bu dəyəri hamımızın qoruyub saxlaması, bundan sonra da mövcud olması üçün xalqın iradəsi həlledici şərtdir.

 

Musa QASIMLI,

 

Milli Məclisin deputatı, professor

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 3.