Beynəlxalq
ictimaiyyətin diqqəti Ermənistanın işğalı
altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli
vəziyyətə yönəldilir
Sentyabrın
7-də Tərtər şəhərindəki Gənclər Mərkəzində
Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)
hazırladığı "Sərsəng - humanitar
faciənin qarşısının alınması" layihəsi
üzrə "SOS Sərsəng" adlı beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər
verir ki,
AVCİYA-nın prezidenti, Milli
Məclisin deputatı Elxan Süleymanov
konfransda çıxış edərək
layihənin məqsədindən danışmışdır.
Bildirilmişdir ki, 1976-cı ildə inşa edilmiş Sərsəng
su anbarının Ermənistanın
işğalı altında olduğu 20 ildən
artıq müddət ərzində baxımsız qalan texniki qurğuları
və avadanlıqları qəzalı vəziyyətə düşmüşdür. Odur ki, su
anbarının təbii fəlakət, texniki
və yaxud təxribat xarakterli
səbəblər üzündən dağılması
ehtimalı böyükdür. Layihənin məqsədi dünya
ictimaiyyətinin diqqətini ətraf rayonların əhalisi üçün həyati əhəmiyyətə
malik Sərsəng su
anbarının təhlükəli vəziyyətinə yönəltmək,
beynəlxalq təşkilatları Ermənistanı su anbarı və əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti
beynəlxalq qətnamələrə uyğun
olaraq Azərbaycana verməyə məcbur
etməkdir.
Tərtər
Rayon İcra Hakimiyyətinin
başçısı Ceyhun Cəfərov
layihənin təşkilatçılarına və konfrans iştirakçılarına minnətdarlığını
bildirmiş, Sərsəng su
anbarının Ermənistanın işğalı altında
olmasının rayona vurduğu
ziyandan danışmışdır. Bildirmişdir ki, münaqişədən əvvəl rayonun əkin sahələri əsasən Sərsəng
su anbarı vasitəsilə suvarılırdı.
İşğal nəticəsində su anbarına nəzarəti ələ
keçirən erməni tərəfi qışda suyu qəsdən açıb buraxır və
torpaqlar su altında
qalır. Əhalinin və təsərrüfatların suya ehtiyac duyduğu
yay mövsümündə isə suyun qarşısı kəsilir. Nəticədə
su sarıdan ciddi problemlər
yaranır, rayon iqtisadiyyatına xeyli zərər dəyir.
Konfransda siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin "Sərsəng su bəndinin doğurduğu
nəticənin və risklərin beynəlxalq hüquqi
aspektləri", iqtisadi elmlər doktoru Çingiz
İsmayılovun "Sərsəng su anbarının
Aran Qarabağın iqtisadiyyatına təsiri",
layihənin əlaqələndiricisi Samir İsayevin "Sərsəng su bəndinin tənzimlənməyən
fəaliyyətinin ətraf mühitə zərərli təsiri",
Fövqəladə Hallar Nazirliyinin
İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariel Hüseynovun "Sərsəng
su anbarında baş
verə biləcək qəzanın mümkün
fəsadları", hüquq elmləri doktoru Kamil Səlimovun
"Dünyada baş
vermiş humanitar təhlükələrin
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması təcrübəsi
- beynəlxalq hüquqi aspektlər" mövzularında
məruzələri dinlənilmişdir. Bildirilmişdir
ki, hündürlüyü
125 metrə çatan bənd və 560 milyon kubmetr su tutumuna malik
anbar hazırda Azərbaycan üçün böyük
təhlükə mənbəyinə çevrilmişdir.
Burada təxribat, texnogen
və ya təbii fəlakət nəticəsində
baş verə biləcək qəza ekoloji böhranla
yanaşı, böyük insan
tələfatına, bölgədə humanitar
fəlakət yaşanmasına səbəb ola
bilər. Digər tərəfdən, anbardan
suyun qəsdən buraxılması və ya kəsilməsi bölgənin kənd təsərrüfatına
ciddi ziyan vurur, torpaqların səhralaşmasına səbəb
olur, ciddi ekoloji və sosial problemlər
yaradır. Bütün bunların məsuliyyəti
isə işğalçı Ermənistanın üzərinə
düşür.
Konfransda
çıxış edən Yunanıstan parlamentinin
keçmiş üzvü
Spiridon Kuvelis, Almaniya parlamentinin keçmiş üzvü
Haqqı Kəskin, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya parlamentinin üzvü Eero Lehti, siyasi elmlər namizədi
Sergey Markov Sərsəng
su anbarı ətrafında yaranmış
vəziyyətlə bağlı rəy və mülahizələrini bildirmiş,
mövzu ətrafında müzakirələr
aparılmışdır.
Tədbirdə
www.sarsang.org saytının təqdimatı keçirilmişdir.
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 4.