ABŞ səfəri
əlamətdar hadisələrlə yadda
qalmışdır
Azərbaycan
Respublikasının rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov sentyabrın 3-dən 5-dək
ABŞ-ın Nyu-York şəhərində
səfərdə olmuşdur.
Nazirin ABŞ-a
səfəri əlamətdar hadisələrlə yadda qalmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları və
Xarici İşlər nazirliklərinin birgə
təşəbbüsü ilə BMT Baş
Məclisində müzakirəyə çıxarılan və
Avrasiya Rabitə Alyansının (ABA)
yaradılmasını nəzərdə tutan
qətnamə layihəsi yekdilliklə bütün
BMT-yə üzv olan
dövlətlər tərəfindən qəbul olunmuşdur.
Qətnamə
layihəsi Azərbaycanın BMT yanında daimi
nümayəndəsi Aqşin Mehdiyev tərəfindən Məclis üzvlərinə
təqdim edilmişdir.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, qətnamə
layihəsinin müzakirəsi zamanı BMT Baş
Məclisinin sədri Vuk Yeremiç
və BMT Baş katibinin
iqtisadi və sosial məsələlər
üzrə müavini Vu
Honqbo çıxış edərək
Azərbaycanın təşəbbüsünü dəstəkləmişlər.
Sentyabrın
4-də BMT Baş
Məclisinin 67-ci sessiyası çərçivəsində
keçirilən 98-ci plenar iclasda iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə
çıxış etmişdir.
BMT
Baş katibinin iqtisadi və sosial məsələlər
üzrə müavini Vu
Honqbo, qurumun İnkişaf Proqramının rəhbəri
xanım Helen Klark ilə
keçirilən ikitərəfli görüşlərdə
Azərbaycanın BMT layihələrindəki rolu
və növbəti təşəbbüslər müzakirə
olunmuşdur.
ABŞ Dövlət
Departamentində beynəlxalq kommunikasiyalar və informasiya
siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə
görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində
rabitə və informasiya-kommunikasiya
texnologiyaları sahələrində əlaqələrin
genişləndirilməsi müzakirə mövzusu
olmuşdur.
Bundan əlavə, nazir Ə.Abbasov
ABŞ-ın "ITT Exelis" qrupunun vitse-prezidenti, istefada olan general-mayor
Merser və "Futron"
şirkətinin prezidenti Şhakil
Qureyşi ilə ikitərəfli işgüzar görüş
keçirmişdir.
RİTN-in təşəbbüsü
ilə "UN Plaza" mehmanxanasında Azərbaycan
gecəsi təşkil edilmişdir. Tədbirdə
BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycanın
və yerli diasporların nümayəndələri
iştirak etmişlər.
Tədbir və
görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin
Mehdiyev iştirak etmişdir.
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 4.