Enerji idxalçısından ixracatçısına çevrilən ölkə

 

Yəqin bu narahatlığı hamı yaşayır - işıqlar söndümü, sanki həyat donur, harada olur-olsun adam özünə yer tapmır, əllər telefonda, gözlər lampada qalır. Belə diskomfortluq çox nadir hallarda olsa da, bugünümüzün reallığıdır. Dünənimizdə isə vəziyyət tam başqa idi. Əgər indi ölkənin bütün ərazisində elektrik enerjisinin texniki səbəblərdən qısa müddətə kəsilməsi əhalidə müəyyən təəccüb doğurursa, çox da uzaq olmayan 10-15 il əvvəl işığın sutka ərzində 6-7 saat verilməsi insanlara az qala sevinc hissi yaşadırdı.

Əgər hazırda Azərbaycan, o cümlədən Naxçıvan MR qonşu ölkələrə elektrik enerjisi ixrac edirsə, müqayisə etdiyimiz dövrdə respublikamız, xüsusən sərhəd bölgələrimiz bu enerji növünün idxalından asılı idi. Bu cür təzadların sayını, mahiyyətini artırmaq da olar, lakin zənnimizcə, bunlar da kifayətdir ki, qısa müddət ərzində Azərbaycanın "qaranlıq dünya"dan işıqlı ölkəyə çevrilməsini iddia edək.

Amma bir cümlə ilə ifadə etdiyimiz bu "çevrilmə"nin arxasında görülən məqsədyönlü işlər, qlobal layihələr durur. O işlər, layihələr ki, hər birimiz hazırda onların işıqlı nəticələrinə şahidlik edirik. Yaxın keçmişdə qaranlığa şahidlik etdiyimiz kimi...

Baxmayaraq ki, 2003-cü ildə ölkə üzrə təqribən 21 milyard kilovat-saat  elektrik enerjisi istehsal olunurdu,  o, tələbatı tam ödəmirdi, çünki xətlər, yarımstansiyalar, transformatorlar köhnə olduğundan itkilər çox idi. Bir də qarşıda Azərbaycanı bütün sahələrdə sürətli inkişaf bumu gözləyirdi. Deməli, elektrik enerjisi sahəsindəki mövcud gərginliyin aradan qaldırılması ilk növbədə həlli vacib olan problemlər sırasında idi. Odur ki, ölkə rəhbərliyi Azərbaycanın inkişaf istiqamətlərini hədəf götürərkən uzunmüddətli enerji təhlükəsizliyinin təminatını ön plana çəkdi. Bu, həm yeni generasiya gücləri yaratmaqla sənayenin inkişaf perspektivlərinin nəzərə alınması və istehlakçıların sutka ərzində fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təminatı, həm də tələbatdan artıq istehsal olunan elektrik enerjisinin ixracına istiqamətlənən hədəf idi.

bu hədəflərə çatmaq üçün son 10 ildə Azərbaycanda genişmiqyaslı işlər görülmüşdür. Təkcə konkret bir fakt: son 10 il ölkədə 14 yeni elektrik stansiyası tikilərək istifadəyə verilmişdir ki, onların da ümumi gücü 3 min meqavata yaxındır.

İndi isə onların xronologiyasına nəzər salaq. Beləliklə, 2004-cü ildən başlayaraq Azərbaycanın müxtəlif regionlarında modul tipli elektrik stansiyalarının tikintisinə start verilmiş, eyni zamanda köhnə istilik-elektrik stansiyaları əsaslı təmir olunmuşyeni enerji blokları tikilmişdir. Məsələn, 2006-cı ildə Astara, Şəki və Xaçmaz rayonlarında və Naxçıvan şəhərində hər birinin gücü 87, 2007-ci ilin əvvəlində isə Bakıda gücü 105 meqavat olan elektrik stansiyaları işə düşmüşdür. Ardınca - 2008-ci ildə Şəmkir SES-də ümumi gücü 190 meqavat olan 1 nömrəli hidroaqreqat yenidən qurulduqdan sonra şəbəkəyə qoşulmuşdur. Bunlardan əlavə, 2009-cu ildə Qusarda 12 aqreqatdan ibarət və ümumi gücü 105 meqavat olan "Şahdağ" elektrik stansiyası istifadəyə verilmişdir. Stansiyanın inşasında məqsəd həm adıçəkilən rayonun ərazisində salınan "Şahdağ" qış-yay turizm kompleksini, həm də ölkənin şimal bölgəsində yaşayan əhalini daha etibarlı və davamlı elektrik enerjisi ilə təmin etmək idi.

Təxminən eyni dövrdə - 2008-ci ildə Sumqayıtda gücü 525 meqavat olan buxar-qaz stansiyasının tikintisinə başlanmış və obyekt 2009-cu ilin noyabrında ölkənin enerji sisteminə qoşulmuşdur. Onu da qeyd edək ki, bu stansiyanın quruluşunatexniki göstəricilərinə görə MDB məkanında analoqu yoxdur. Yeni istifadəyə verilən enerji obyektlərinin sırasına 2010-cu ildə istifadəyə verilən 20 meqavat gücə malik "Biləv", Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində - Baş Mil kanalının üzərində inşa edilən 25 meqavatlıq su-elektrik stansiyalarını da əlavə etmək olar. Mingəçevirdəki "Azərbaycan" istilik-elektrik stansiyasının bloklarında aparılan yenidənqurma işlərinə isə 2011-ci ilin noyabrında yekun vurulmuşbununla da stansiyanın ilkin istehsal imkanı bərpa olunaraq ölkənin enerji sisteminə xeyli miqdarda güc əlavə edilmişdir.

Bu istiqamətdə görülən tədbirlərin sırasında həm təbii qaz, həm də mazutla işləyən "Cənub" stansiyası xüsusi vurğulanmalıdır. Şirvan şəhərində yerləşən stansiyanın tikintisinə 2007-ci ildə başlanmışdır. Diqqətçəkən faktdır ki, gücü 980 meqavat olan bu nəhəng stansiyanın inşası cəmi 6 il çəkmişdir. Cari ilin iyulunda istifadəyə verilən "Cənub" ES həm də müstəqillik illərində istifadəyə verilən ən böyük enerji obyektidir və tikintisində son texnologiyalardan istifadə olunduğu üçün ən müasir stansiya hesab edilir. Belə obyektlərdən biri də "Şimal" elektrik stansiyası olacaq. Hazırda stansiyada 400 meqavatlıq yeni enerji bloku tikilir. Blok istifadəyə verildikdən sonra ölkənin enerji sistemi əlavə gücə malik olacaq ki, bu da həm əhalinin, həm də sayı ilbəil artan yeni sənaye obyektlərinin etibarlı enerji təminatı deməkdir.

Göründüyü kimi, xüsusən son 10 ildə ölkənin elektrik enerjisi sarıdan təhlükəsizliyi tam təmin edilmişdir. Təkcə bir fakta nəzər salaq:  2003-2013-cü illər Azərbaycanda bütün əvvəlki dövrlər ərzində yaradılmış güc qədər elektrik enerjisi istehsal olunmuşdur ki, bu da çox nadir uğurlardan sayıla bilər.

Uğurlardan biri də ölkə ərazisində elektrik enerjisinin paylanma şəbəkəsinin yenidən qurulmasıdır. Belə ki, ötən dövr ərzində köhnələn, istismara yararsız elektrik verilişi xətləri yenilənmiş, istehlakçılara təzə sayğaclar quraşdırılmışdır. Bütün bunlar sonda həmçinin enerji itkisini minimuma endirməyə imkan vermişdir. Bu isə həm də elektrik enrjisinin izafi istehlakının qarşısını almışdır. Hazırda ölkədə illik elektrik enerjisi sərfi 18 milyard kilovat-saat civarındadır ki, bu da böyük məbləğdə dövlət vəsaitinə qənaət deməkdir. Müqayisə edib nəticə çıxarmaq üçün qeyd edək ki, keçən il Azərbaycanda 21,3 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunmuşdur. Ümumiyyətlə, bu gün ölkəmizin enerji gücü 6,5 min meqavat səviyyəsindədir və həmin güc Azərbaycanın nəinki hazırkı, habelə indən sonra bir neçə illik tələbatını ödəməyə imkan verir.

Buna baxmayaraq, ölkədə bu sahə üzrə həyata keçirilən tədbirlər davam edir. Xüsusən son dövrlər bütün dünyanın diqqət mərkəzində olan alternativ enerji mənbələrindən istifadə istiqamətində, daha konkret desək, Azərbaycanın coğrafi ərazisinin və iqlim şəraitinin imkan verdiyi günəş və külək enerjisindən istifadə üçün əməli tədbirlər görülür. Hələ 2004-cü ildə Azərbaycanda ilk dəfə olaraq alternativ və bərpa edilən enerji mənbələrindən istifadəyə dair dövlət proqramının qəbulu bu sahəyə ölkədə xüsusi diqqət verilməsinin konkret sübutudur. Proqram Azərbaycanın malik olduğu bu növ enerji potensialından maksimum istifadə etməklə həyata keçirilməli tədbirləri nəzərdə tutur. Sənəddə müvafiq dövlət strukturları qarşısında elektrik enerjisi istehsalında külək, günəş, su, biokütlə və termal suların enerjisindən istifadə imkanlarını araşdırmaq və pilot layihələr həyata keçirmək kimi vəzifələr qoyulmuşdur.

Məhz bu proqramın qəbulundan sonra ölkə ərazisində kiçik modul su-elektrik stansiyalarının quraşdırılmasına, beynəlxalq təcrübələrə əsaslanan digər alternativ enerji mənbələrindən istifadə üçün sınaq layihələrinin reallaşdırılmasına başlandı. 2009-cu ildə bu sahədə yeni addım atıldı: iyun ayında Sənaye və Energetika Nazirliyinin yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı. 2011-ci ildə isə Prezident tərəfindən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Dövlət Strategiyasının hazırlanması haqqında sərəncam imzalandı. Nəhayət, 2012-ci ilin iyununda sözügedən sahə üzrə daha bir yenilik baş verdi: Prezidentin fərmanı ilə adıçəkilən dövlət agentliyi ləğv edilərək onun bazasında Alternativ və Bərpa  Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradıldı.

Ən önəmlisi isə odur ki, qəbul olunan sənədlər, struktur dəyişiklikləri nəticəsiz qalmadı. Artıq bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilmişdir. Həmin layihələr sırasına 2,7 meqavat gücə malik külək, 1,8 meqavatlıq günəş elektrik stansiyalarını, eləcə də 5,5 meqavatlıq "Qobustan eksperimental poliqonu və təlim mərkəzi" və s. obyektlər daxildir. Həmçinin qeyd edilən dövlət proqramının icrası çərçivəsində 25 meqavatlıq günəş panellərinin istehsalına da başlanmışdır. Yeri gəlmişkən qeyd edək ki, 2011-ci ildə ölkə üzrə istehsal olunan ümumi elektrik enerjisinin 10 faizi alternativ və bərpa edilən enerji mənbələrinin payına düşmüşdür.

Diqqətçəkən başqa bir fakt isə keçən il bu sahənin inkişafına 100 milyon manat investisiyanın qoyulması və cari ildə həmin rəqəmin 450 milyon manata çatacağının gözlənilməsidir. Amma heç kimə elə görünməsin ki, həmin sərmayələr sadəcə eksperiment üçün xərclənir. Mütəxəssislər hesablamışlar ki, hazırlanan Dövlət Strategiyasına əsasən sahənin inkişafına yatırılan sərmayələr  artıq 2020-ci ildə səmərə verməyə başlayacaq, yəni həmin pullar geri qayıdacaq və 600 milyon manat məbləğində reinvestisiya hesabına tam maliyyələşmə həyata keçiriləcək.

Hələlik isə gələcək üçün investisiyalar qoyularaq perspektivli layihələrin (gücü 110 meqavat və dəyəri 165 milyon avro olan Pürəkəşkül Külək Parkı, 75 milyon avroya başa gələn 50 meqavatlıq Hövsan Aerasiya Stansiyası, 250 milyon avroluq 100 meqavatlıq Dəniz-Külək Parkı və s.) icrası çərçivəsində sürətli işlər gedir.

Çox keçməyəcək, bu layihələr də digərləri kimi reallaşaraq ölkənin enerji sisteminə yeni güclər əlavə edəcək və Azərbaycan bu sahədə də nəinki regionda, hətta dünyada öncül dövlətlərdən birinə çevriləcək.

Təbiidir ki, Azərbaycanın dövlət müstəqilliyi olmasaydı, belə qısa müddətdə bu qədər elektrik enerjisi istehsalı obyektlərini planlaşdırmaq, onlara kifayət qədər vəsait ayıraraq tikintilərini qısa müddətdə başa çatdırmaq da mümkün deyildi. Bu, həm də müstəqil daxili siyasət deməkdir!

 

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 4.