Yevlaxda hava
limanı açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
10-da Yevlax hava limanının açılışında
iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Mərasim
iştirakçılarını salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Yenidən
Yevlaxda olmağımdan çox məmnunam. Mən son illər
ərzində dəfələrlə Yevlax rayonunda olmuşam,
müxtəlif tədbirlərdə,
açılışlarda bərabər iştirak etmişik. Bu gün isə yeni aeroportun
açılışını edirik. Çox gözəl
hadisədir, böyük rəmzi məna daşıyır.
Çünki Yevlax aeroportunun yenidən fəaliyyətə
başlaması çox əlamətdar hadisədir, ölkəmizin
inkişafını, gücünü göstərir. Onu
göstərir ki, vaxtilə yaradılmış bütün
vacib infrastruktur obyektləri bu gün yenidən qurulur, bərpa
edilir və daha da müasir görkəm alır.
Bildiyiniz kimi,
Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi.
O vaxt uçuş-enmə zolağı o qədər
böyük deyildi, ancaq kiçik təyyarələri qəbul
edə bilərdi. Bu gün isə yeni zolaq tikilmişdir.
İstənilən təyyarə enə bilər -
"Boeing", "Aerobus", digər təyyarələr.
Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və
Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən
qurulmasında bu aeroportun çox böyük rolu olacaqdır.
Son illər ərzində
Azərbaycanda nəqliyyat sektoruna çox böyük sərmayələr
qoyulmuşdur, investisiyalar cəlb edilmişdir - həm xaricdən,
həm daxildən. Bu investisiyalar daha çox dövlət
büdcəsi hesabına qoyulur və beləliklə, Azərbaycan
artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə
çevrilmişdir. Bizim çox əlverişli coğrafi
mövqeyimiz vardır. Ancaq əgər nəqliyyat infrastrukturu
olmasa, bu coğrafi yerləşmə böyük əhəmiyyət
kəsb etməz. Məhz son illərdə bu sahəyə
qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika-nəqliyyat
mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın
bütün növləri bu gün ən yüksək
standartlara cavab verir, o cümlədən hava nəqliyyatı.
Bu sahəyə xüsusi diqqət verilir və son illərdə
Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr
və sərnişinlərə göstərilən xidmət
bizim inkişafımızı əyani şəkildə
göstərir.
Son 10 il ərzində
Azərbaycanda bir neçə aeroport yenidən quruldu -
Naxçıvan, Gəncə və Lənkəran. Bu
aeroportlardan beynəlxalq uçuşlar
başlamışdır. Eyni zamanda, 3 yeni aeroport tikilmişdir
ki, heç vaxt olmamışdır - Zaqatala, Qəbələ
və Heydər Əliyev Aeroportunun yeni aerovağzal kompleksi və
yeni infrastrukturu. Bu gün açılışa hazırlanan
Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən
gözəl, ən müasir aeroportlardan biridir və yaxın
zamanlarda fəaliyyətə başlayacaqdır. Yevlax
aeroportunun da nəqliyyat sahəsində öz yeri var və
şadam ki, bu layihə də qısa müddət ərzində
icra edilmişdir. Bu, mənim bilavasitə göstərişimlə
icra edilən layihədir. Əminəm ki, bu aeroportun fəaliyyəti
Azərbaycan iqtisadiyyatına bir töhfə olacaqdır.
Bütövlükdə
nəqliyyatla bağlı bütün məsələlər
uğurla icra edilir - yollar tikilir, o cümlədən kənd
yolları. Yevlax rayonunda da kənd yolları tikilir, dəmir
yolu yenidən qurulur. Bakıda ən böyük dəniz
limanı tikilir. Xəzər dənizindən böyük dəniz
limanı Bakıda olacaqdır. Gəmiqayırma zavodu tikilir, gəmilər
alınır. Yəni biz bu məsələlərə kompleks
şəkildə yanaşırıq və beləliklə, bu
gün nəqliyyat infrastrukturunun mövcudluğu bizə yeni
imkanlar verir. Əlbəttə ki, biz Bakı-Tbilisi-Qars dəmir
yolunun fəaliyyətini səbirsizliklə gözləyirik. Bu
layihə də Azərbaycan tərəfindən bir təşəbbüs
kimi irəli sürülmüşdür. Bizim tərəfdaşlar,
qonşularımız bu layihəyə böyük dəstək
vermişlər. Bakı-Tbilisi-Qars dəmir yolu birgə səylərlə
tikilir və tikiləndən sonra dünya miqyasında yeni bir
dəhliz olacaqdır. Həm məsafə baxımından, həm
iqtisadi səmərə nöqteyi-nəzərindən bu layihənin
çox böyük iqtisadi və siyasi mənası
vardır. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizi
də Azərbaycan ərazisindən keçir, biz bu dəhlizin
inkişafında da maraqlıyıq və öz səylərimizi
qoyuruq.
Beləliklə,
hesab edirəm ki, son 10 ildə nəqliyyatla bağlı
qarşıda duran bütün vəzifələr
artıqlaması ilə icra edildi və bu gün
açdığımız aeroport bunun növbəti
sübutudur.
Yevlax rayonunun
inkişafına gəldikdə, çox şadam ki, son illərdə
inkişaf çox sürətli olmuşdur. Böyük
quruculuq işləri aparılmışdır, Yevlax müasir
şəhərə çevrilmişdir. Böyük
infrastruktur obyektləri, abadlıq işləri, parklar,
xiyabanlar, bulvar tikilmişdir. Keçən dəfə burada
olarkən bulvarda da oldum. Çox şadam ki, bu müsbət təcrübə
artıq burada da tətbiq olunur. Bakı bulvarı bildiyiniz
kimi, genişlənir və artıq yaxın zamanlarda 14 kilometrə
çatacaqdır. Yevlax bulvarı tikilib. Kür çayı
üzərində yerləşən digər şəhərlərdə
bulvarlar tikilir. Bu, gözəl bir təşəbbüsdür
və istirahət yeridir, insanların rahatlığı
üçün yaradılan yerlərdir. Yevlaxda digər
istirahət zonaları yaradılmışdır, parklar,
bağçalar, iş yerləri.
Bu,
mənim Yevlaxa altıncı səfərimdir və son müddət
ərzində mən dəfələrlə burada müxtəlif
açılışlarda iştirak etmişəm. Çox
şadam ki, Yevlax çox sürətlə inkişaf edir və
rayonun gələcək inkişafı ilə bağlı əlavə
tədbirlər görüləcəkdir.
Burada qazlaşdırma uğurla gedir. Şəhər tam
qazlaşdırılıbdır və hesab edirəm ki,
yaxın aylarda bütün kəndlər də
qazlaşdırılacaqdır. Yəni qazlaşdırma 100
faizə çatacaqdır. İçməli su-kanalizasiya
layihəsinin icrası gözlənilir və hesab edirəm ki,
bir il ərzində, yaxud da, il yarım ərzində bu məsələ
də öz həllini tapacaqdır. Çünki bu, çox
ciddi məsələdir. Bildiyiniz kimi, indi ölkə üzrə
hər bir yerdə içməli su, kanalizasiya layihələri
icra edilir, o cümlədən Yevlaxda da bu, icra ediləcəkdir.
Kənd yollarının tikintisi gedir. Bu gün biz bir kənd
yolunun açılışını qeyd edəcəyik. Yəni
bütün infrastruktur layihələrinin icrası müsbət
istiqamətdə gedir. Bu layihələrin mütləq əksəriyyəti
Azərbaycanın dövlət büdcəsi hesabına
reallaşır və büdcəmiz də son 10 il ərzində
20 dəfə artmışdır. Yəni hesab
edirəm ki, dünya miqyasında belə artım heç bir
yerdə müşahidə olunmur. İqtisadi artım, əlbəttə
ki, büdcə xərclərinin artımına gətirib
çıxarmışdır və bütün iqtisadi
uğurlar məqsədyönlü şəkildə ölkəmizin,
regionların inkişafına yönəldilir. Şadam
ki, ikinci regional inkişaf proqramı uğurla başa
çatır. Növbəti proqram hazırlanır və
növbəti 5 il ərzində hər bir rayon üzrə, o
cümlədən Yevlax rayonu üzrə əlavə tədbirlərin
görülməsi nəzərdə tutulur.
Mən
bir daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Əminəm
ki, gələcəkdə biz sizinlə hələ çox
görüşəcəyik. Çünki burada
açılışlar çox olacaqdır və gözəl
tədbirlərdə bir-birimizi təbrik edəcəyik. Sağ olun.
* * *
Yevlaxın
inkişafına göstərdiyi diqqət və qayğıya
görə rayon ictimaiyyəti adından Prezident İlham
Əliyevə minnətdarlığını bildirən
Şahin KƏRİMOV dedi:
- Möhtərəm
cənab Prezident, icazə verin, yevlaxlılar adından Sizi
salamlayım, şəhərimizə "Xoş gəlmisiniz!"
deyim. Son 10 ildə ölkəmiz böyük nailiyyətlər
əldə etmişdir. Artıq indi bizim güclü dövlətimiz
vardır. Biz öz güclü dövlətimizlə fəxr
edirik! Hər bir azərbaycanlı fəxr edir ki, o, Azərbaycanın
vətəndaşıdır, güclü Azərbaycan
dövlətinin vətəndaşıdır. Bu güclü
dövləti Siz bizə bəxş etmisiniz, cənab Prezident.
Bu gün
açılışına toplaşdığımız bu
hava limanı Azərbaycanın yeni bir nailiyyətidir. Bu hava
limanından təkcə yevlaxlılar deyil, ətraf
rayonların əhalisi də istifadə edəcək, sərbəst
uçuşlar edəcəkdir. Eyni zamanda, bu hava limanı
Yevlaxın iqtisadiyyatına böyük uğur gətirəcəkdir.
Möhtərəm cənab Prezident, belə hava limanları,
Sizin dediyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində
açılmışdır. Bunlar hamısı Vətənimizə,
xalqımıza xidmət edəcəkdir. Bütün bunlara
görə Sizə yevlaxlılar adından öz dərin minnətdarlığımı
bildirirəm.
* * *
Gənclər
adından çıxış edən Əli QULİYEV Azərbaycanda
yürüdülən gənclər siyasətinə verdiyi
töhfələrə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirərək dedi:
- Möhtərəm
cənab Prezident, bu gün hər bir yevlaxlı, hər bir gənc
fəxr edir, öz doğma şəhəri ilə qürur
hissi keçirir. Qürur hissi ilə demək istəyirəm
ki, son 10 ildə şəhərimiz tamamilə dəyişib,
yeni görkəm alıb,
gözəl, abad bir şəhərə çevrilibdir. Bu, hər
birimizi qəlbən sevindirir.
Cənab
Prezident, Sizin hər dəfə Yevlaxa səfərinizdən
sonra şəhərimizdə daha böyük layihələr
həyata keçirilir. Buna görə biz Sizi həmişə
gözləyirik, həmişə Sizi görmək
arzusundayıq. Şəhərimizdə
gördüyünüz bütün gözəlliyi,
bütün yeniliyi yevlaxlılar məhz Sizin qayğı və
diqqətinizdən aldıqları enerji ilə qurub
yaradırlar. Şəhərimiz haqqında söylədiyiniz
çox dəyərli sözlər yevlaxlıların zəhmətinə
verilən ən böyük mükafatdır. Mən
inanmıram ki, dünyanın hər hansı bir ölkəsində
10 il ərzində bu qədər yeniliyə, bu qədər tərəqqiyə
nail olunsun. Bu, yalnız Azərbaycana və yalnız Sizə məxsusdur,
cənab Prezident, gənclərə göstərilən
qayğı və diqqət çox yüksək səviyyədədir.
Bizim
üçün hər cür şərait
yaradılıbdır. Belə bir şəraitdə isə gənclərimiz
yüksək vətənpərvərlik ruhunda
formalaşırlar. Siz bizim üçün Vətəni sevmək
nümunəsisiniz. Vətənini sevən, Prezidentini dəstəkləyən
bir gənc olaraq bildirmək istəyirəm ki, biz hər an
Sizinləyik. Siz də bizə güvənə bilərsiniz.
Çünki bizim ürəyimiz Sizinlədir.
Prezident
İlham ƏLİYEV: Çox sağ olun.
* * *
Azərbaycan
Prezidenti hava limanının rəmzi
açılışını bildirən lenti kəsdi.
Dövlət
başçısı Yevlax hava limanının planını
əks etdirən stendə baxdı.
"Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava
limanı istismar olunduğu dövrdə öz
inkişafının iki böyük mərhələsini
yaşamışdır. Birinci mərhələ 1978-1980-ci illərdə
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə respublikanın fəal aerofikasiyasının
aparıldığı dövrə təsadüf edir. Bu
dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş,
kənd təsərrüfatı aviasiyasının təmin
edilməsi üçün baza yaradılmışdı. Bu
çərçivədə uzunluğu 1600, eni 35 metr olan
uçuş-enmə zolağı yenidən qurulmuşdu. Uçuş-enmə zolağı işıq-siqnal
sistemi ilə təchiz edilmiş, uzaq və yaxın
ötürücülər, radiomayak, pelenqator və
dispetçer radiolokatoru quraşdırılmışdı.
Bu, "Yak-40" reaktiv təyyarələrinin gecə-gündüz
qəbulunu təmin etməyə və hava gəmilərində
Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax,
Yevlax-Minvod-Yevlax istiqamətlərində
uçuşların açılmasına imkan vermişdi. Sərnişinlərə
xidmət göstərilməsi üçün saatda 100 sərnişin
buraxılış qabiliyyəti olan aerovağzal binası da
inşa olunmuşdu. Həmin vaxtlar perronda, eyni
zamanda, 4 "Yak-40" təyyarəsi yerləşə
bilirdi. İkinci istiqamət üzrə "AN-2" tipli kənd
təsərrüfatı təyyarələrinə xidmət
göstərilməsi üçün baza
yaradılmış, onlar üçün anqar, bu təyyarələrin
aviasiya və radio avadanlıqlarına xidmət
laboratoriyası və akkumulyator binası tikildi. O
dövrdə yanacaq-sürtkü materialları anbarı və
"AN-2" təyyarələri üçün 60 dayanacaq
inşa edilərək hava limanı genişləndirilmişdi.
Uçuş və texniki-mühəndis heyətləri,
onların ailələri üçün istirahət və
yaşayış şəraiti yaradılmışdı.
Aviaşəhərciyin ərazisi
abadlaşdırılmış, buradakı klub və digər
sosial təyinatlı obyektlər təmir edilmişdi.
Prezident
İlham Əliyevin diqqət və qayğısı Yevlax hava
limanının inkişafında mühüm mərhələ
olmuşdur. Məhz bu diqqət və qayğı nəticəsində
qısa müddətdə yeni uçuş-enmə
zolağı, perron, yönəldici yol inşa edilmiş,
aerovağzal müasirləşdirilmiş,
yardımçı bina və tikililər yenidən bərpa
olunmuşdur.
Bildirildi ki,
milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax
hava limanı bu ilin martından başlayan
tikinti-quraşdırma işləri nəticəsində ən
müasir standartlara uyğun yenidən qurulmuşdur. Burada həyata
keçirilən işlər ölkəmizdə gedən
inkişaf proseslərinin əyani sübutudur.
Hava
limanının texniki-iqtisadi göstəriciləri barədə
məlumat verilərkən diqqətə
çatdırıldı ki, yenidənqurma işləri nəticəsində
2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min
kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə
zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə
zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində,
ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton
örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8
min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi
1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da
görülən işlər sırasına daxildir.
Uçuş-enmə zolağı, yönəldici yol və
perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə
təchiz edilmişdir. Burada sərnişinlərin
uçuşa gediş və gəliş zonaları, qeydiyyat
masaları, kafe, brifinq və hava limanının işçiləri
üçün ofis otaqları yaradılmışdır.
Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin
yerləşdiyi dördmərtəbəli bina da tamamilə
yenidən qurulmuşdur.
Qeyd olundu ki,
vağzalyanı meydan abadlaşdırılmış, 60
avtomobil tutumlu dayanacaq tikilmişdir. Hava limanının fasiləsiz
elektrik enerjisi ilə təmin edilməsi üçün
transformator yarımstansiyası inşa olunmuş, 1300 metr
uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilmişdir.
Bundan əlavə, radionaviqasiya sistemlərinin və
işıq-siqnal avadanlığının elektrik enerjisi ilə
təmin olunması üçün transformator
yarımstansiyası tikilmiş və 250 kilovolt gücündə
dizel generatoru quraşdırılmışdır. Burada təhlükəsizliyin
təmin olunması üçün aeroport boyu 9 kilometr
uzunluğunda mühafizə hasarı çəkilmişdir. Uçuşların təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq
Mülki Aviasiya Təşkilatının tələb və
normalarına cavab verən, Avropa istehsalı olan radio və
meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini
idarəetmə sistemi və rabitə sistemi quraşdırılmışdır.
Bir çox iritutumlu təyyarələri qəbul etmək
gücündə olan Yevlax hava limanı sərnişin
daşımaları ilə yanaşı, ölkəmizdə kənd
təsərrüfatının inkişafında da
mühüm rol oynayacaqdır. Hava limanına yeni yol
salınmış, böyük abadlıq işləri
görülmüşdür.
* * *
Dövlət
başçısı sakinlərlə söhbət etdi.
Prezident
İlham ƏLİYEV: Yevlaxda da aeroportu bərpa etdik.
SAKİN: Hər
şeyimiz var idi, bir aeroportumuz yox idi.
SAKİN:
İndi dünyada nələrin baş verdiyini yaxşı
görürük. Ölkələrdə müharibələr
gedir, insanlar bir-birini qırır, aclıq, səfalət
dünyanı başına götürüb gedir, şəhərlər
dağılır. Ancaq Azərbaycan dinamik şəkildə
inkişaf edir. Buna görə Sizə dərin təşəkkürümüzü
bildiririk. Ölkəmiz dinamik, hərtərəfli, əhatəli
inkişaf edir. Mən bu sahədə az-çox təcrübəli
insan kimi görürəm ki, Siz infrastrukturdan başladınız.
Bunlar çox yerində olan addımlar idi. İndi ölkəmizdə
bütün sahələr inkişaf edir, özü də
inkişaf çox sürətlə gedir. Dünyanın super
dövlətləri vardır ki, onları iğtişaşlar
bürüyüb. Onlar ixtisarlar edirlər, maaşları
azaldırlar, kəsirlər. Ancaq şükürlər olsun
ki, Sizin rəhbərliyiniz sayəsində ölkəmiz
sürətlə inkişaf edir. Hər gün televizorda
görürük, Siz içməli su, kanalizasiya xətlərinin
açılışını edirsiniz. Bunlardan savab, bunlardan
önəmli heç nə ola bilməz. Siz bununla
insanların qəlbini fəth edirsiniz, sevincini
qazanırsınız. Sağ olun, var olun! Tanrı Sizi qorusun,
cənab Prezident!
Prezident
İlham ƏLİYEV: Azərbaycan doğrudan da inkişaf
edir.
SAKİN:
Respublika gözəlləşdikcə, rayonlarımız
gözəlləşdikcə biz ağsaqqallar və
ağbirçəklər də gözəlləşirik.
Prezident
İlham ƏLİYEV: Əlbəttə.
SAKİN: Sizinlə
fəxr edirik. Bütün Yevlax rayonu, hamı Sizinlə fəxr
edir.
Prezident İlham ƏLİYEV: Sağ olun. Biz Yevlax rayonunun timsalında Azərbaycanın dinamik
inkişafını görürük. Siz
də qeyd etdiyiniz kimi, indi dünyada böhran davam edir.
İqtisadi böhran bir neçə il
bundan əvvəl başlamışdır, sonra maliyyə
böhranına çevrilmişdir. Bundan
başqa, dediyiniz kimi, müxtəlif yerlərdə siyasi
böhran yaşanır, müharibələr,
qarşıdurmalar, vətəndaş müharibələri.
Azərbaycan isə öz yolu ilə gedir. Azərbaycan dinamik şəkildə, təhlükəsizlik,
əmin-amanlıq, sabitlik şəraitində inkişaf edir.
Sabitlik əsas idi. Biz
1990-cı illərin əvvəllərini yaxşı
xatırlayırıq. O vaxt sabitlik yox idi. Müstəqillik
əldə edən gənc dövlət, demək olar ki, müstəqilliyini
əldən verirdi. Ancaq Heydər
Əliyevin rəhbərliyi altında sabitlik yarandı. Azərbaycan inkişafa qədəm qoydu və bu
gün də bu yolla gedir.
Son illər ərzində Azərbaycan
regional inkişaf proqramlarının icrası nəticəsində
böyük bir yol keçmişdir. Siz də qeyd etdiyiniz kimi, infrastruktur layihələrindən
başladıq. İlk növbədə,
elektrik enerjisi. Çünki bunsuz heç
bir inkişaf mümkün deyildir. Ondan
sonra yollar, qaz, su xətləri, nəqliyyat infrastrukturu. Özəl sektora dəstək verildi. Fermerlərə 100 milyonlarla manat kreditlər verildi.
İldən-ilə artan pensiyalar, maaşlar,
sosial ödəmələr bu gün Azərbaycan
reallıqlarını təşkil edir. Deyə bilərəm
ki, dünya miqyasında iqtisadi və sosial məsələlərin
həlli işində son illər ərzində Azərbaycan qədər
inkişaf edən ikinci ölkə yoxdur.
Bu yaxınlarda dünyanın ən mötəbər
iqtisadi qurumu olan Dünya İqtisadi Forumu yeni bir hesablama dərc
etmişdir ki, orada da rəqabət qabiliyyətliliyinə
görə Azərbaycan dünyada 39-cu yerdədir.
Bax budur reallıq, budur bizim
inkişafımız. Biz bir çox
inkişaf etmiş ölkələri geridə qoyduq. Mən
bir neçə il bundan əvvəl
demişdim ki, biz də inkişaf etmiş ölkəyə
çevrilməliyik. Biz buna nail
olacağıq.
Növbəti illərdə görüləcək
işlər hesabına Azərbaycan daha da sürətlə
inkişaf edəcəkdir. Biz yalnız qabağa gedəcəyik, yalnız
inkişaf edəcəyik. Bütün
regionlar, həmçinin Yevlax daha da gözəlləşəcəkdir.
Halbuki indi də çox gözəl şəhərdir,
müasir şəhərdir. Mən də
hər dəfə gələndə görürəm ki,
şəhər gözəlləşib, abadlaşıb.
Siz - burada yaşayan insanlar həm bunu
görürsünüz, həm də ki, bunu təmin edirsiniz.
Yəni bu, sizin zəhmətinizin hesabına
baş verir.
Sizi təbrik edirəm, sizə uğurlar,
cansağlığı arzu edirəm. Gələcəkdə görüşlərimiz hələ
çox olacaqdır.
SAKİNLƏR: Çox sağ
olun. Sizin rəhbərliyinizlə.
SAKİN: Xahiş edirəm bizim
salamlarımızı Mehriban xanıma çatdırın.
Deyin ki, biz hamımız onu çox istəyirik. O ki, o zərif
çiyinlərini Sizin daşıdığınız
ağır yükün altına verir, həmişə var
olsun, həmişə beləcə bir yerdə olun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
SAKİN: Allah Sizə
cansağlığı versin, xoşbəxt olun! Səmimi sözümdür, Siz yaxşı prezidentlərin
ən yaxşısısınız. Biz
Sizinləyik. Allah Sizi qorusun ki, Siz bu
respublikanı daha da gözəlləşdirəsiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun.
SAKİN: Mən Bakıda oldum. Aman Allah,
Bakı necə gözəldir!
Prezident İlham ƏLİYEV: Yevlax da geri
qalmır.
SAKİN: Geri qalmır. İndi
bütün rayonlar gözəldir. Amma Bakı,
ümumiyyətlə, çox gözəldir. Allah
Sizi saxlasın.
Prezident İlham ƏLİYEV: Bütün
rayonlar bir-biri ilə yarışır. Mən də
deyirəm ki, bu, yaxşı yarışdır, sağlam rəqabətdir.
SAKİNLƏR: Çox sağ
olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 1-2.