Naftalanda «Qarabağ» sanatoriyasında tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalanda "Qarabağ" sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaqdır. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu layihənin icrası nəticəsində, təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaqdır. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir.

Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

 

*  *  *

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy və Şəmkir rayonlarında da səfərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir.

(Bu rayonlara səfərlərdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 5.