Astanada MDB Daxili
İşlər Nazirləri Şurasının iclası keçirilmişdir
Qazaxıstan
Daxili İşlər Nazirliyi
mətbuat xidmətinin yaydığı məlumata görə,
Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili
İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilmişdir. İclasda
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov da
iştirak etmişdir.
Qazaxıstanın
daxili işlər naziri
Kulmuxanbet Kasımov iclas
iştirakçılarını salamlayaraq,
MDB ölkələri daxili işlər
orqanları arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində görülən
işlərdən danışmışdır. O
xatırlatmışdır ki,
şuranın bundan əvvəlki
iclası ötən ilin sentyabrında Azərbaycanda
keçirilmişdir.
İclasda 2020-ci ilə
qədərki dövrdə MDB ölkələri daxili işlər orqanları arasında inkişaf konsepsiyası təsdiq edilmiş, MDB ölkələrinin daxili işlər orqanları yanında Elmi Məsləhət Şurası haqqında
Əsasnamənin layihəsi müzakirə olunmuşdur.
Nazirlər
2014-2018-ci illər üçün cinayətkarlıqla
birgə mübarizə üzrə dövlətlərarası
proqramın və narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə mübarizə
üzrə əməkdaşlıq proqramının layihəsini
də nəzərdən keçirmişlər.
İclas çərçivəsində
Azərbaycan və Rusiya daxili
işlər nazirlikləri arasında 2014-2016-cı illər üçün qarşılıqlı əməkdaşlıq
haqqında protokol imzalanmışdır.
Sənəd qeyri-qanuni silahlı birləşmələrlə,
terrorçuluq və digər ekstremist fəaliyyətlə mübarizə
sahəsində, həmçinin nəqliyyat infrastrukturu
obyektlərində birgə tədbirlərin keçirilməsini
nəzərdə tutur.
Şuranın
iclasında ümumilikdə səkkiz məsələ
müzakirə olunmuşdur. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB-nin daxili işlər nazirlərini qəbul etmişdir.
Qulu
KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Astana
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 5.