Azərbaycanın Xarici İşlər Nazirliyi BMT Baş Məclisinin 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis olunması üzrə təklifin dəstəklənməsi barədə qətnamənin qəbul edilməsi ilə bağlı açıqlama vermişdir

 

Xəbər verildiyi kimi, bu il sentyabrın 4-də BMT Baş Məclisinin 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya Rabitə Alyansının təsis olunması üzrə təklifin dəstəklənməsi barədə qətnamə qəbul edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, BMT-nin əksər üzv dövlətləri tərəfindən dəstəklənmiş və bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, İsrail, Şri-LankaYeni Zelandiyanın həmmüəllif kimi qoşulduqları bu qətnamənin qəbul olunması Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair uzunmüddətli baxışının və regional telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsinə dair səylərinin beynəlxalq arenada ciddi dəstəklə qarşılanmasının bariz təzahürüdür.

Respublikamızın beynəlxalq arenada artan nüfuzununona olan hörmət, etimad və rəğbətin və ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan tərəfindən yürüdülən ardıcıl diplomatik fəaliyyətin nəticəsidir ki, ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq birliyin mütləq əksəriyyətinin, o cümlədən dövlətlərin və özəl sektorun dəstəyini qazanır.

Qeyd olunmalıdır ki, haqqında bəhs olunan qətnamə regionlararası əməkdaşlığın inkişaf etdirilməsi və telekommunikasiya tranzit yollarının şaxələndirilməsinə xidmət edən və hökumətlərarası platforma rolunu oynayan Avrasiya Rabitə Alyansının fəaliyyətinin beynəlxalq birlik tərəfindən yaxından dəstəklənməsinin göstəricisidir.

Avrasiya Rabitə Alyansı 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin vacib tərkib hissəsidir. TASİM layihəsi ilə əlaqədar Azərbaycan tərəfindən irəli sürülən qətnamələr də müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 2009-cu il 21 dekabr tarixli və 2012-ci il 21 dekabr tarixli 64 və 66-cı sessiyalarında BMT-yə üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə qəbul edilmişdir.

TASİM Asiya ilə Avropa arasında yeni əsas tranzit yolu yaradaraq "rəqəmsal uçurum"un aradan qaldırılması və onun "rəqəmsal imkanlara" çevrilməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və yerli iqtisadiyyatların şaxələndirilməsi, elektron hökumət konsepsiyalarının inkişafı və rəqabətin artırılmasına əsaslı şəkildə töhfə verəcəkdir.

BMT Baş Məclisinin son qətnamələri ilə dünya birliyi tərəfindən yaxından dəstəklənən Avrasiya Rabitə Alyansı və TASİM layihəsi Azərbaycanın irəli sürdüyü yeni təşəbbüslərdən olaraq tarixi İpək Yolunun "virtual" və "rəqəmsal" imkanlarının da artırılmasında  mühüm rol oynayır.

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 6.