«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun birinci iclası keçirilmişdir

 

Sentyabrın 10-da Bakı Biznes Mərkəzində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun birinci iclası keçirilmişdir

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı dövlət qurumlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 may tarixli sərəncamı ilə yaradılmış Milli Fəaliyyət Qrupunda əlaqədar dövlət qurumlarının nümayəndələri təmsil olunmuşdur.

AzərTAc xəbər verir ki, iqtisadi inkişaf naziri, Milli Fəaliyyət Qrupunun rəhbəri Şahin Mustafayev iclasda çıxış edərək son 10 ildə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçmiş, əsasları ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan milli iqtisadiyyat Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Qlobal iqtisadi-maliyyə böhranı illərində Avropa ölkələrinin bir sıra ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etdiyini, ölkədə makroiqtisadi sabitliyin tam təmin olunduğunu diqqətə çatdıran Ş.Mustafayev demişdir: "Son 10 ildə ÜDM 3,4 dəfə, qeyri-neft ÜDM-i 2,7 dəfə artmış, ÜDM-in adambaşına düşən həcmi 8,4 dəfə artaraq 7500 ABŞ dollarına çatmışdır. Həmin dövrdə ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuş, büdcə gəlirləri 14,2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft məhsullarının ixracı 4,5 dəfə artmış, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşmışdır. Ölkədə həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmış, 1,2 milyon yeni yeri açılmış, əhalinin gəlirləri 6,1 dəfə çoxalmış, yoxsulluq səviyyəsi 6 faizə enmişdir. Əldə edilən bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir".

 Nazir vurğulamışdır ki, bir neçə gün əvvəl açıqlanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə qərarlaşmışdır. Bununla yanaşı, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı ortagəlirli" ölkələr kateqoriyasına yüksəlmiş, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən, "yüksək insan inkişafı" ölkələri qrupuna daxil olmuşdur.

Ş.Mustafayev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdıraraq demişdir: "Bu ilin ilk yeddi ayında ÜDM 5 faiz artmış, qeyri-neft ÜDM-ində isə 10,5 faiz artım qeydə alınmışdır. Qeyri-neft ÜDM-in yüksək artım tempi konsepsiyada nəzərdə tutulan digər hədəflərə də nail olmaq üçün zəmin yaradır. Yeddi ayda ölkə iqtisadiyyatına qoyulan investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz, qeyri-neft ixracı isə 10 faiz artmışdır. Son illərdə sürətlə artan investisiyalar, yaradılmış əlverişli biznesinvestisiya mühiti, sahibkarlığın inkişafına dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirlər, xarici ticarət prosedurlarının sadələşdirilməsi ortamüddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcəkdir".

Məlumat verilmişdir ki, sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye parkları yaradılır. Hazırda icra olunanya icrası planlaşdırılan irimiqyaslı sənaye layihələri - Bakı Gəmiqayırma Zavodu, Sumqayıt Karbamid Zavodu, Polad İstehsal Kompleksi, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, sement istehsalı müəssisələri konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanın qeyri-neft sənayesinin inkişafında və bu sahədə ixrac imkanlarının artırılmasında xüsusi rol oynayacaqdır.

Qeyri-neft ixracının təxminən yarısının kənd təsərrüfatı və aqrar sektorun emal məhsullarından ibarət olduğunu bildirən nazir demişdir ki,  sənaye üsulu ilə quş əti istehsalı son 10 ildə 4,6 dəfə çoxalmışdır. Son 3 ildə qurulan süd zavodları sayəsində süd emalı 2 dəfədən çox artmışdır. Konsepsiyada qeyri-neft sektorunda ÜDM-in ortaillik artım tempinin 7 faizdən yuxarı saxlanılmasının, adambaşına düşən ÜDM-in 13 min ABŞ dollarına, qeyri-neft ixracının həcminin isə adambaşına 1000 ABŞ dollarına yüksəldilməsinin nəzərdə tutulduğu, ötən dövr ərzində konsepsiyanın 8 əsas istiqaməti üzrə 250-yə yaxın tədbirin həyata keçirildiyi də diqqətə çatdırılmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasına dair təqdimatla çıxış etmişdir.

İclasda konsepsiya çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı müzakirələr aparılmış, bu işlərin sürətləndirilməsi barədə tapşırıqlar verilmişdir.

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.