Bakı şəhəri
təhsil işçilərinin sentyabr
konfransında ötən tədris ilinin
yekunları və qarşıda duran vəzifələr
müzakirə edilmişdir
Sentyabrın
10-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) təşkilatçılığı ilə təhsil
işçilərinin sentyabr konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda BŞTİ müdirinin müavini Məhəmməd
Bayramov gündəlikdəki məsələlər
barədə məlumat vermişdir.
Sonra M.Bayramovun "2012-2013-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda
məruzəsi dinlənilmişdir. Bildirilmişdir
ki, bu gün
Azərbaycanda təhsil sistemi tam yeni bir
mühitdə fəaliyyət göstərir. Müstəqil
dövlət quruculuğunun mühüm amillərindən biri
olan milli təhsil sahəsində
beynəlxalq standartlara uyğun
fundamental islahatların aparılmasına,
təhsilimizin milli, ümumbəşəri
dəyərlər, demokratik, dünyəvi
prinsiplər əsasında inkişaf
etdirilməsinə geniş imkanlar yaradılmışdır. Ölkə
iqtisadiyyatının dinamik inkişafı
təhsilin inkişafı üçün
əlverişli şərait yaratmışdır.
Hazırda BŞTİ-nin tabeliyində 311 tam
orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi) və
sağlamlıq imkanları məhdud uşaqlar
üçün 4 məktəb vardır.
Bu məktəblərdə 318 min 750 şagirdin təlim-tərbiyəsi
ilə 29 min 949 müəllim məşğul
olur.
Ölkəmizdə
təhsilə dövlət səviyyəsində diqqət və
qayğının nəticəsidir ki, təkcə
ötən tədris ilində Bakı şəhərində
880 və 640 yerlik
4 yeni məktəb binası inşa edilmiş, 76 məktəb
binasında əsaslı təmir işləri
aparılmış, şagird sıxlığının aradan qaldırılması üçün
20 məktəbdə əlavə korpus istifadəyə verilmişdir.
Həmçinin 5 məktəbin idman və
akt zalları tamamilə yenilənmişdir.
Yeni tədris ilinədək 164 məktəb
binasının cari təmir işləri başa çatdırılacaqdır.
M.Bayramov demişdir
ki, ümummilli lider Heydər Əliyevin "Mən müəllim
adından yüksək ad
tanımıram" kəlamı müəllim əməyinə
verilən ən yüksək qiymətdir. Prezident İlham
Əliyevin müvafiq sərəncamı
ilə son beş ildə,
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələri
başlanan dövrdən, Bakı şəhəri
üzrə 127 məktəb (respublika
üzrə 43,2 faiz) "Ən
yaxşı ümumtəhsil məktəbi", 270 müəllim
(respublika üzrə 46,6 faiz)
"Ən yaxşı müəllim" adını
qazanmış, eyni zamanda,
58 müəllim "Tərəqqi" medalına, 103 müəllim
isə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Birinci sinfə şagird
qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna
uyğun olaraq
aparılmışdır. Son illər
ümumtəhsil məktəblərinin birinci siniflərində şagird
qəbulunun sayı artmaqda davam
edir. Belə ki,
2012/2013-cü dərs ilində I sinfə 36 min
431 şagird qəbul olunmuşdur.
2013/2014-cü dərs ilində də birinci
siniflərə qəbul olunan şagirdlərin
sayında artım gözlənilir. Bu
günədək 35 min uşaq
birinci sinfə qəbul olunmuşdur.
M.Bayramov bildirmişdir ki, xüsusi istedadı ilə fərqlənən
uşaq və gənclərimizə daim diqqət və qayğısını əsirgəməyən
Heydər Əliyev Fondu elmimizin,
təhsilimizin inkişafı üçün
bir çox uğurlu layihələr həyata keçirmiş, bu sahədə
genişmiqyaslı işlər görmüşdür. Heydər
Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın fəaliyyətinin
bir istiqamətini də məhz xüsusi istedada malik uşaqların yaradıcılıq
imkanlarının artırılması, onlara
bu işdə dəstək təşkil
edir. İstedadlı şagirdlərin aşkarlanaraq üzə
çıxarılması və onların potensial
imkanlarının daha da
inkişaf etdirilməsi BŞTİ-nin
də fəaliyyətinin əsas istiqamətlərindən biridir.
M.Bayramov yeni dərs
ilinin başlanması münasibətilə
təhsil işçilərini təbrik etmiş,
onlara uğurlar arzulamışdır.
Sonra Azərbaycan təhsilinin inkişaf və uğurlarından bəhs edən
videoçarx nümayiş
etdirilmişdir.
Konfransda 220 nömrəli
tam orta məktəbin
direktoru Almaz Əsgərova,
2012/2013-cü tədris ilində "İlin
ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, 42 nömrəli məktəbin müəllimi
Natəvan Hacıyeva, 12 nömrəli
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin direktoru Elçin
Mehdizadə, builki
ali məktəblərə qəbul
imtahanlarında 700 bal toplamış Məhəmməd
İsmayılov və başqaları
ölkəmizdə elmin, təhsilin
inkişafına daim göstərilən
dövlət qayğısından söhbət
açmışlar.
Sonda məruzə və
çıxışlar ətrafında fikir
mübadiləsi aparılmış, təklif və iradlar səsləndirilmişdir.
Tədbirdə
təhsil naziri Mikayıl Cabbarov,
məktəb direktorları, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibləri, təhsildə xüsusi
nailiyyətlərlə fərqlənmiş və yüksək
balla ali məktəblərə
daxil olmuş məzunlar,
eləcə də aidiyyəti təşkilatların nümayəndələri
iştirak etmişlər.
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.