Bu, inkişafın son həddi deyil, hələ başlanğıcıdır

 

Dünya İqtisadi Forumunun hesabatındakı faktlar Azərbaycanda bütün sahələr üzrə əldə olunan uğurların məntiqi nəticəsidir

 

Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyanonun müasir simasını formalaşdıran Azərbaycan dövləti bütün sahələrdə əldə edilən yüksək göstəricilərlə qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır.

Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə  inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Bütün bunları beynəlxalq qurumlar, agentliklər öz hesabatlarında daim qeyd etməkdədirlər. Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda da bu, öz əksini tapıb. Beynəlxalq ictimaiyyətə təqdim edilən hesabatda Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. Rəqabətlilik reytinqinə görə ölkəmiz 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qeyd edək ki, 2012-2013-cü illər hesabatında Azərbaycan 144 ölkə arasında 46-cı yeri tutmuşdu. Bir il ərzində 7 pillə irəliləmək, təbii ki, Azərbaycan üçün böyük uğurdurqlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasətin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Reytinq cədvəlində, bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

Hesabatda göstərilən faktlar onu deməyə əsas verir ki, son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanı dünya iqtisadi sistemində rəqabətədavamlı ölkələr sırasına çıxarıb. Eyni zamanda, bu, ölkəmizə investisiya yatırılmasına müsbət təsir göstərəcək. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.

Azərbaycanın qeyd olunan uğurları əldə etməsi şübhəsiz ki, dövlətin ölkədəki resursları düzgün istiqamətdə yönləndirmək bacarığındadır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan artıq donor ölkəyə çevrilib. Neft gəlirlərini iqtisadiyyatın digər sferalarına yönəltmək, infrastruktur quruculuğunu sürətləndirmək, keçmiş istehsal sahələrini yeniləşdirmək və paralel şəkildə investisiyanı ölkəyə cəlb edərək onların qorunmasına zəmanət vermək həyata keçirilən mühüm addımlardır. Bu göstəricilər Azərbaycanda bütün sahələr üzrə aparılan məqsədyönlü işin nəticəsidir. Ölkədə iqtisadi sahədə islahatların aparılması, Avropaya inteqrasiya, bazar iqtisadiyyatının tənzimlənməsi bəhrəsini verir. Bir çox sahələrin inkişafı istiqamətində görülən işlər həm ölkə daxilində, həm xaricdə ciddi qiymətləndirildi. Bundan əvvəl digər təşkilatlar da Azərbaycanın demokratik inkişafında, bazar iqtisadiyyatının qurulmasında, rəqabətlilik qabiliyyətinin yüksək olmasındakı uğurlarını qeyd ediblər. Dünyanın beynəlxalq reytinq agentliklərinin, iqtisadi təşkilatların hazırladıqları hesabatlarda, reytinqlərdə Azərbaycanın hər dəfə irəlilədiyi qeyd edilir. Son 10 il ərzində qazandığı uğurlara, həyata keçirdiyi böyük layihələrə və ev sahibliyi etdiyi beynəlxalq toplantılara görə Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət olduğunu təsdiqlədi. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu gün ölkəmizdə işsizliyin səviyyəsi 5,2 faiz, yoxsulluğun səviyyəsi isə 6 faizdir. Dünyada ikinci bir ölkə tapılmaz ki, orada 10 il ərzində 1 milyon 180 min yeni yeri açılsın. Təkcə bu ilin altı ayında 55 min yeri yaranıb və onlardan da 45 mini daimi yeridir. Hərtərəfli və dinamik inkişaf edən Azərbaycanda artıq əmək bazarı tam olaraq formalaşıb, çox qısa bir müddət ərzində ölkəmiz məşğulluq məsələlərinin həlli yönündə böyük təcrübə toplayıb.

Bütün bu nəticələrə və həyata keçirilən məqsədyönlü siyasətin gələcəkdəki uğurlarına əsaslanaraq deyə bilərik ki, bu, inkişafın son həddi deyil, hələ başlanğıcıdır. Azərbaycanın iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığı uğurlar bundan sonra da artacaq və adı dünyanın inkşaf etmiş ölkələri sırasında çəkiləcək.

 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 7.