Dünya xalqlarını heyrətə
gətirən sənət əsəri
Dahi
Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
operettası amerikalıların ifasında da
ürəkləri fəth etdi
Şərqdə
operanın banisi sayılan Üzeyir
Hacıbəyli Azərbaycan musiqisində əsaslı, fundamental dönüş
yaratmış dahi bəstəkar kimi daim dünya
xalqlarının diqqət mərkəzində olub.
Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq
məktəblərinin nailiyyətləri, forma
və janrları ilə zənginləşdirmiş,
ümumiyyətlə, Şərq musiqisinin
gələcək inkişaf perspektivlərini,
estetik prinsiplərini müəyyənləşdirmiş,
musiqi tariximizə dəyərli töhfələr
vermiş Üzeyir
Hacıbəylinin 1908-ci ildə H.Z.Tağıyev
teatrında oynanılan "Leyli və Məcnun"
operası Azərbaycanda, eləcə də Şərqdə opera sənətinin təməlini qoyub. Sonralar Üzeyir bəy "Şeyx
Sənan", "Rüstəm və Söhrab",
"Şah Abbas və
Xurşud banu",
"Əsli və Kərəm", "Harun
və Leyla", "Arşın mal alan" və "Koroğlu" operalarını bəstələyib.
Çoxşaxəli
yaradıcılığa malik olan Üzeyir Hacıbəyli,
eyni zamanda, musiqili komediya
janrının da banisi
sayılır və əsərləri Azərbaycan kinosunun ən uzunömürlü
filmlərinin ekranlaşmasını şərtləndirib.
Ötən əsrin əvvəllərində iki
dəfə Azərbaycanda, bir dəfə
isə Amerikada ekranlaşdırılan
"Arşın mal alan"
əsərinə milli
kinematoqrafçılarımızın 1945 və 1965-ci illərdə
yenidən müraciət etmələri heç
də təsadüfi deyildi.
Dahi bəstəkarın
hələ keçmiş sovetlər
dövründə Avropa və Asiyanın
136 ölkəsində nümayiş olunan, 75 dilə tərcümə edilən yüz
yaşlı "Arşın mal alan" operettasının bu
günlərdə Amerikanın Los-Anceles kimi nəhəng mədəniyyət mərkəzinin səhnəsində
amerikalılar tərəfindən səsləndirilməsi Azərbaycan
misiqisinin və Üzeyir
Hacıbəyli yaradıcılığının
dünyanın növbəti dəfə fəthi kimi dəyərləndirilir. "Arşın mal alan"
operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi, əlbəttə,
Azərbaycan-Amerika mədəni əlaqələrinin ali göstəricisi və əsərin 100 illik yubileyinə layiqli
töhfədir.
Belə bir möhtəşəm tədbirin
reallaşması ölkə rəhbərliyinin
respublikamızın beynəlxalq aləmdə təbliği,
Azərbaycan həqiqətlərinin daha geniş ictimai auditoriyaya çıxarılması istiqamətində
fəaliyyətidir. Bu, dövlətimizin mədəniyyət
siyasətinin tərkib hissəsi olmaqla
yanaşı, Heydər Əliyev Fondunun
xalqımızın zəngin mədəni irsinin
təbliğində həyata keçirdiyi layihələrdən biridir.
Klassik musiqimizin korifeyi sayılan
Üzeyir bəy Hacıbəylinin
adıçəkilən, yüz ildir ki, dünyanı dolaşan operettası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, respublikamızın
Los-Ancelesdəki baş konsulluğunun,
eləcə də Dövlət Neft
Şirkətinin birgə layihəsi əsasında Amerika səhnəsində də
alqışlarla qarşılandı.
Loc-Ancelesin ən məşhur "Doroti Çendler Pavilyon" teatrının səhnəsində rejissor Maykl Şnakın quruluşunda
tələbkar tamaşaçılara yüksək səviyyədə
təqdim edilən "Arşın mal
alan"ın obrazlarını azərbaycanlı aktyorlar deyil,
xalqımızın milli geyimlərində
səhnəyə çıxan amerikalılar yaratdılar. Aktyorların
fikrincə, onlar üçün bu əsəri
hazırlamaq çox böyük
şərəf sayılır, çünki
dünyaya ölməz musiqi
əsərləri bəxş etmiş dahi Üzeyir Hacıbəylinin
operettası Şərqin milli-mədəni ənənə və
məişətləri ilə yaxından tanışlıq
imkanı qazandırıb.
Operettanın
əsas və baş rollarından biri - Gülçöhrənin
ifaçısı Aşa Lindşeyin
fikrincə, 7 il öncə əsəri səhnələşdirəndə
o, həmin dövr Azərbaycan
qadınının, eləcə də islam
dininin və əlbəttə, milli mədəniyyətimizin öyrənilməsinə
nail olub: "Hətta mən özüm bu qeyri-adi ölkə haqqında çox
şey danışa bilərəm. Qəhrəmanımın
nə istədiyini yaxşı bilirəm, əgər
Gülçöhrə indiki dövrdə
yaşasaydı, çox cəsur və qorxmaz olardı".
Üzeyir bəy Hacıbəyli daim dünya
xalqlarının maraq dairəsində olub. 1911-ci ildə musiqi təhsilini
artırmaq üçün Moskvaya gedən Üzeyir
Hacıbəyli burada filarmonik
cəmiyyətin musiqi kurslarında,
1913-cü ildə isə Peterburq
konservatoriyasında oxuyub. Peterburq
dövrü bəstəkarın
yaradıcılığında mühüm
rol oynayıb, o,
"Arşın mal alan"
musiqili komediyasını da
məhz burada yaradıb.
"Arşın
mal alan" dahi bəstəkarın üçüncü
və sonuncu musiqili
komediyasıdır. Sankt-Peterburq
Konservatoriyasında təhsil aldığı ildə Üzeyir Hacıbəylinin yazdığı bu operetta 75-ə yaxın xarici dilə tərcümə edilib,
100-dən çox teatrın səhnəsində
oynanılıb. "Arşın mal alan" həmçinin 5 dəfə
ekranlaşdırılıb, qrammafon
valına yazılıb. Bu musiqili
komediya əsasında ilk
bədii film isə 1916-cı ildə
çəkilib. Onu da
deyək ki, bu film səssiz olub. 1917-ci
ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal
alan"ı yenidən ekranlaşdırıb. Lakin
o bu işi
görərkən müəllifdən icazə almadığına
görə film cəmi iki
gün nümayiş etdirilib və bundan sonra ekrana
buraxılmayıb.
Üçüncü dəfə isə 1937-ci
ildə ABŞ-da yaşayan
rejissor R.Mamulyan
adlı bir erməni "Arşın mal alan"ı Üzeyir
Hacıbəylidən icazə almadan
ekranlaşdırıb və hətta filmdə Azərbaycan bəstəkarının
adını belə göstərməyib.
Baş rolda Rəşid Behbudov
çəkilməklə növbəti dəfə
"Arşın mal alan"
1945-ci ildə Bakı kinostudiyasında
ekranlaşdırılıb ki, bu musiqili film
dünyada geniş
şöhrət qazanıb. 1965-ci ildə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən
ekranlaşdırılıb. "Arşın mal
alan"ın taleyi həqiqətən uğurlu olub və bu gün də həmin musiqili komediyaya böyük maraq var. Bu səbəbdən də
teatrların repertuarından düşməyən
"Arşın mal alan"
tamaşaçıları yenə də valeh
etməkdədir.
UNESCO-nun Baş Qərargahında sentyabrın 17-də TÜRKSOY, eləcə
də Azərbaycan və Qazaxıstanın UNESCO-da
daimi nümayəndəliklərinin birgə
təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan"
operasının 100 illiyinə həsr edilmiş
bayram tədbirləri keçiriləcək.
UNESCO hələ
2011-ci ildə "Arşın mal alan" operasının 100 illiyini
yubileylər siyahısına daxil edərək
onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.
Bayram tədbirləri çərçivəsində
TÜRKSOY-un 20 illik fəaliyyətini
və "Arşın mal alan"
operasının yaradılmasını əks etdirən fotosərgi,
həmçinin operaya aid
tamaşa-konsertin keçirilməsi nəzərdə
tutulub.
Dördpərdəli
"Arşın mal alan"ın ilk tamaşası 1913-cü il
oktyabrın 25-də (noyabrın 7-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulub.
Daim Azərbaycan
tarixi, mədəniyyəti və incəsənətini
mənimsəməyə çalışan (hələ ərazilərin
işğalı ilə, oradakı maddi-mədəniyyət
nümunələrini məhv etmələrini demirik)
erməni siyasətbazları ölməz Üzeyir
Hacıbəyli sənətinə də göz
dikməkdən
çəkinməyiblər. "Arşın mal
alan" operettası da
bu aqibətlə üzləşən əsərlərdən
biri olub.
1916-cı il 21 avqustda erməni
saxtakarları Azərbaycan mədəniyyətinin incisi - Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
operettasının plagiatını həyata keçirməyə
cəhd göstəriblər. Həmin tarixdə "Russkaya muzıkalnaya kultura"
("Rus musiqi mədəniyyəti")
həftəliyi yazırdı: "Paris
konservatoriyasının məzunu artist Armenyan 13 ildir işlədiyi
teatrda qrup
yaratmışdır. Armenyan həm də
milli musiqişünasdır. Son zamanlar o
öz tamaşalarında musiqidən
istifadə edir. Biz onun çox gözəl
"Arşın mal alan"
operettasını görmüşük...
Armenyana eşq olsun! Nəinki milli teatr yaratmış, həm də erməni musiqisini bərpa etmişdir!"
Bu saxtakarlığı Aynur Hacıyeva tədqiqatları ilə ifşa etmişdir. Tədqiqatçının
apardığı araşdırmalardan məlum olub ki, hələ 1915-ci
ildə "Arşın mal alan" erməni operettası kimi
göstərilmişdir: "1914-cü ildə Azərbaycan aktyoru Hüseynqulu Sarabskinin truppası Tiflisdə qastrolda
idi. Operetta Maqalyan adlı birinin təxəyyülünü
valeh etdi".
Buna qədər erməni ansamblında
tarda ifa edən Maqalyan, H.Sarabskiyə operettanın sözlərini
erməni dilinə tərcümə etdirməyi təklif edir ki, buna
da məntiqli cavab
almış olur: "Bu
yöndə məsələləri əsərin müəllifi
- maestro Üzeyir
Hacıbəyovla razılaşdırmaq lazımdır. Sonralar Maqalyan Azərbaycan bəstəkarı ilə
görüşməyə və onu
"Arşın mal alan"
operettasını erməni dilinə tərcüməsinin
vacibliyinə inandırmağa müvəffəq olur. 1915-ci ildə Eriksyan
teatrında Ü.Hacıbəylinin operettasının erməni
dilində premyerası olur.
A.Hacıyevanın
tədqiqatlarına əsasən, 1916-cı ildən erməni
truppaları afişalarda Ü.Hacıbəylinin
adını xatırlamağı belə "unudublar":
"Bu, ilk dəfə
erməni truppasının Vladiqafqazda qastrolu zamanı baş verdi".
Ümumiyyətlə,
repertuarlarında "Arşın mal alan" operettası olan
truppaları hansısa bir mərkəz
idarə edirdi. Məsələn,
Armenyanın truppasının bu tamaşa ilə Bakıda görünməyə
ixtiyarı yox idi.
Voskanyanın truppası isə Rusiyada
görünə bilməzdi.
Daha bir oğurluq faktına diqqət yetirək:
1924-cü ildə Üzeyir Hacıbəyli
Nyu-Yorkdan violonçelist,
professor Okorkovdan aşağıdakı məzmunda məktub
alır: "...Burada hər tərəfdə
və hər yerdə "Arşın mal
alan" göstərilir. Sizin
əsəriniz Amerikada möhtəşəm
müvəffəqiyyət qazanmışdır. Hansısa Maqalyan əsəri özününkü
kimi təqdim edir və
böyük miqdarda pullar qazanır. Maqalyan o qədər varlanıb ki,
özünə iri villa
tikdirmiş və frontonda
iri hərflərlə "Arşın mal alan"
yazdırmışdır. Sizin müəllif
hüququnuzu qorumaq üçün mən artıq vəkillərlə
danışmışam. Mənə etibarnamə göndərin".
1937-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı
operettası üzrə Hollivudda onun adı göstərilmədən film çəkilir və Amerika
cəmiyyətinə erməni əsəri kimi
təqdim olunur...
Bütün bunlardan sonra milli və bəşəri mədəniyyətlərin
qovuşduğu bir məkanda
dahi bəstəkarın 100 yaşlı əsərinin
Amerika səhnəsində tamaşaya
qoyulması, həm də onların öz
ifalarında Azərbaycan dövlətinin mədəniyyət
siyasətinin tərkib hissəsi olmaqla yanaşı,
ölməz sənətkarın ədəbi irsinin
əbədiliyindən də soraq verir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 11.