AÇG-nin səmt qazından necə istifadə olunur?

 

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından çıxarılan səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün "Azəriqaz" dövlət qaz şəbəkəsinə ötürülür.

BP Azərbaycan şirkətindən aldığımız məlumatda bildirilir ki, bu ilin birinci yarısında "Dərinsulu Günəşli" platformasından hasil edilən səmt qazı 28 düymlük  sualtı kəmər vasitəsilə birbaşa Səngəçal terminalına nəql olunub. Buradan isə mavi yanacaq "Azəriqaz" şəbəkəsinə göndərilib.

"Azəri" yatağındakı üç platformadan - "Mərkəzi Azəri"dən, "Qərbi Azəri"dən və "Şərqi Azəri"dən səmt qazı yataqdaxili kəmərlərlə "Mərkəzi Azəri"dəki KompressorSuvurma Platformasına (KvəSP) nəql edilib. KvəSP-dən isə onun bir hissəsi yenidən kollektora vurulub. Qalan hissəsi yataqdaxili borularla  28 düymlük kəmərə qovuşdurularaq yenə də onun vasitəsilə Səngəçal terminalına çatdırılıb. Buradan isə "Azəriqaz"a təhvil verilib. Sözügedən məlumatda bildirilir ki, hazırda "Mərkəzi Azəri"də beş quyudan laya qazvurma əməliyyatları davam edir.

"Çıraq" platformasında hasil edilmiş səmt qazının bir hissəsini ARDNŞ-nin "Neft Daşları"ndakı kompressor stansiyasına 16 düymlük kəmər gətirir.

Bu ilin birinci yarısında AÇG-dən ARDNŞ-ə gündə təxminən 6,7 milyon kubmetr, yaxud 236 milyon standart kubfut səmt qazı təhvil verilib. Yarım ildə verilmiş səmt qazının həcmi 1,21 milyard kubmetr (42,7 milyard kubfut) təşkil edib. Bu isə 2013-cü ildə ARDNŞ-ə təhvil verilməsi planlaşdırılan həcmə az qala bərabərdir. Belə ki, bütün il üçün plan 1,24 milyard kubmetr ya 44 milyard standart kubfutdur.

Xatırladaq ki, AÇG layihəsinin iştirakçıları BP (o, həm operatordur), ARDNŞ, "Şevron", "İnpeks", "Statoyl", "EksonMobil", TPAO, "İtoçu", ONGC Videş Limited şirkətləridir. Hesablanıb ki, potensial olaraq AÇG müqavilə sahəsindən ümumilikdə 5 milyard bareldən çox neft çıxarılacaq. Bu, dünyada işlənən nəhəng layihələrdən biridir. İndiyədək AÇG-dən 2,1 milyard barel neft hasil olunub.

AÇG bir neçə mərhələdə işlənməkdədir. Belə ki, "Çıraq" yatağından karbohidrogenlər İlkin Neft Layihəsi çərçivəsində çıxarılır. Buradan hasilat 1997-ci ilin noyabr ayında əldə olunub. "Faza 1" adlanan mərhələ "Mərkəzi Azəri"ni əhatə edir. "Azəri" yatağının bu hissəsi 2005-ci ilin əvvəlindən neft verir. "Faza 2"yə isə yatağın qərb şərq hissələrinin işlənməsi daxildir. "Qərbi Azəri"dən 2006-cı ilin yanvarında, "Şərqi Azəri"dən həmin ilin oktyabrında ilk neft alınıb. "Faza 3"ü əhatə edən "Dərinsulu Günəşli"dən hasilata 2008-ci ilin  aprelində başlanıb.

AÇG-nin işlənməsinin növbəti mərhələsi "Çıraq Neft Layihəsi"dir (ÇNL). Layihə çərçivəsində bütövlüklə Azərbaycanda inşa edilmiş yaxın günlərdə Xəzərdə quraşdırılacağı gözlənilən "Qərbi Çıraq" platformasından bu ilin sonunda neft səmt qazı alınacaq.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 11 sentyabr.-  S. 11.