Güclü Azərbaycan, yüksək sosial rifah

 

Dünyada insan üçün ən böyük nemət azadlıq, dövlət üçünsə müstəqillikdir. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu xoşbəxtliyin dəyəri ölçüyəgəlməzdir. Bu mənada, istənilən xalqın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən və gələcək inkişaf strategiyası barədə aydın təsəvvürə malik olan xalqlar müstəqil dövlətlərini quraraq onun mövcudluğunu qoruyub saxlaya biliblər.

 

Heydər Əliyev müasir Azərbaycanın banisidir

 

Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb, mümkün ola bilən hər şeyi edib. Heydər Əliyev hələ Sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaradıb. Sərt sovet rejiminin qadağalarına baxmayaraq, cəsarətlə Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb.

Azərbaycanda dövlət müstəqilliyi yolunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra cərəyan etdi. Heydər Əliyevin qayıdışından sonra başlanan milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu. Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyinin bünövrəsini qoyan Heydər Əliyev xalqımızın ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə misilsiz tarixi xidmətlər göstərdi, Azərbaycanın müstəqilliyinin əldə olunmasında, milli dövlətçiliyinin yaşadılmasında tarixi missiya həyata keçirdi. Həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir.

Bu proseslərin davamı olaraq müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin tanıyıb ehtiram etdiyi Azərbaycan dövlətini qurmaq xilaskar kimi ulu öndər Heydər Əliyevə nəsib oldu. 1993-cü ildə ölkəmizin çətin bir vaxtında heç kimin öhdəsindən gələ bilməyəcəyi məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ulu öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı.

Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyəti bugünkü uğurlarımızda görünən müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı ağrılı günlərdə öz izini qoymuşdur. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur. Çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan problemləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensialı təcəssümünü tapıb. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası ölkəmizin əldə etdiyi bugünkü uğurlar fonunda xüsusi aktuallıq kəsb edir.

Ulu öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan tam mənada sosial dövlətdir. Bu məqalədə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hazırda yeni keyfiyyət göstəriciləri ilə səciyyələnən sosial siyasətin prioritetlərindən söz açacağıq.

 

Mütərəqqi konsepsiyalara əsaslanan sosial siyasət modeli

 

Sosial siyasət anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış daha sonra inkişaf edərək geniş mənada işlədildi, bütün təbəqələri əhatə etdi. Müasir elmi-nəzəri mülahizələrə görə, sosial siyasət dedikdə, əhalinin həyati mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi nəzərdə tutulur. Sosial siyasət çoxcəhətli prosesdir, o, mürəkkəb struktura malikdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin ümumi inkişafı haqqında fikir yürütmək olar. Bu mənada sosial siyasətin başlıca məqsədi yoxsulluğun və sosial təzadların olmadığı, yüksək həyat səviyyəsinə malik olan, sosial ziddiyyətlərin kəskin münaqişələrsiz həll edildiyi bir cəmiyyəti formalaşdırmaqdan, insanlarda fəal həyat mövqeyi yaratmaqdan, maddi imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən, cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün həyat səviyyəsinin onun öz səylərindən asılı olduğunu dərk etdirməkdən ibarətdir.

Təqdirəlayiq və kifayət qədər sevindirici haldır ki, ikinci dəfə dövlət müstəqilliyini əldə etməsindən cəmi 22 il keçməsinə rəğmən, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, ölkəmizdə əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər addım-addım reallaşdırılıb. Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktorlardan biri də lider amili ilə əlaqədar olub.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişinədək Azərbaycanda populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ayrı-ayrı sosial stratlara ünvansız, ehtiyaclarını dəqiqliklə qiymətləndirmədən pensiyaların, güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu. O dövrdə Azərbaycan dövlətinin keçirdiyi ağır iqtisadi böhran sosial siyasətdə sürətli dəyişikliklər edilməsinə imkan vermirdi. Lakin ötən əsrin 90-cı illərinin ortalarından etibarən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanda mövcud olan ictimai-siyasi durum normal məcraya düşdü və iqtisadiyyatda irəliləyiş meyilləri yarandı. Bunun nəticəsi kimi isə ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması məsələsi gündəmə gəldi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirərək Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədlərindən biri elan etdi.

Yeni model bu və ya digər spesifik cəhətlərlə yanaşı, sosial sferada yüksək nəticələr əldə etmiş qabaqcıl ölkələrin ən son təcrübəsini də özündə birləşdirməliydi. Təbii ki, o dönəmdə bu sahədə ən kiçik addımların belə atılması heç də asan deyildi. Lakin bu sahədə təkmil islahatların müəllifi olan ulu öndər Heydər Əliyev inanırdı ki, zaman ötəcək və biz ən irimiqyaslı sosial layihələri gerçəkləşdirmək iqtidarında olacağıq. Böyük öndər bilirdi ki, bu məqsədlərə nail olmaq üçün onun icra mexanizminin necə qurulmasının böyük əhəmiyyəti var. Bu mənada iqtisadiyyatın yüksək inkişafı sosial siyasət sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmağın əsasını təşkil etdi.

 

Heydər Əliyev tranzitoloji proseslərə böyük diqqət yetirirdi

 

Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özünün minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, yenə də yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.

Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, hüquqi aspektdə demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi asan və rahat olmayacaqdı. Bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.

Sosial siyasətin transformasiyası o zaman uğurlu hesab oluna bilər ki, elmi-nəzəri, iqtisadi əsaslara söykənsin, eyni zamanda sosial prioritetlər düzgün müəyyənləşdirilsin. Təhlillər göstərir ki, Heydər Əliyev sosial siyasətinin prioritetlərini pensiya islahatları, monetizasiya (güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi), yoxsulluğun azaldılması kimi məsələlər təşkil etmişdir.

Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə sisteminin mühüm sahəsi kimi qəbul olunur. Odur ki, bu sahədə islahatlar  mürəkkəb, maliyyətutumlu, uzun müddət tələb edən bir prosesdir. Çünki hər kəsin pensiya hüququ illər ərzində qazanılır, eyni zamanda ödənilən sığorta haqlarının məbləği və əmək stajı bilavasitə pensiyanın məbləğinə təsir edir. Bu sahədə düzgün verilməyən qərar bütövlükdə ölkənin sosial müdafiə sistemini sarsıda bilər.

Ölkəmizin pensiya sisteminin problemləri əsasən aşağıdakılardan ibarət idi: sosialist sistemindən miras qalan və sığorta prinsipinə söykənməyən pensiya sisteminin problemləri; 1991-1995-ci illərdə baş verən yüksək inflyasiya prosesləri nəticəsində insanların əvvəlki dövr üçün əməkhaqqının real dəyərdən düşməsi; hüquqi bazanın təkmil olmaması; sosial sığorta sisteminin dövlət sosial yardımı sistemindən ayrılmaması və s. Eyni zamanda maliyyə çatışmazlığı şəraitində əməkhaqlarının kəskin az olması pensiyaların da məbləğinə təsirsiz ötüşmürdü. Elə bu səbəbdən də ödənilən pensiyaların maksimum miqdarına uzun illər məhdudiyyət tətbiq olunmuşdu.

Heydər Əliyev sosial siyasətində pensiya islahatlarının əsas məqamları aşağıdakılar olmuşdur: 13 iyun 1997-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" qanun pensiya sistemində həmin dövr üçün zəruri hesab edilən bir sıra islahatlara yol açdı. Belə ki, pensiya yaşı mərhələlərlə kişilər üçün 60 yaşdan 62-yə, qadınlar üçün 55 yaşdan 57 yaşa çatdırıldı. Eyni zamanda pensiyaların hesablanması sistemində müəyyən dəyişikliklər edildi. Nəticədə 650 min vətəndaşın pensiyası orta hesabla 2,1 dəfə artırılaraq 1993-cü ildən sonra pensiyaya çıxmış vətəndaşların pensiyalarına bərabərləşdirildi.

Ümummilli lider 17 iyul 2001-ci il tarixli sərəncamla "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nı təsdiq etdi. Bu konsepsiya vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllini nəzərdə tuturdu.

Ulu öndər Heydər Əliyevin son fərmanlarından biri də pensiya sistemində islahatlar aparılmasına aid olmuşdu. "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" 4 avqust 2003-cü il tarixli 908 saylı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Dövlət Sosial Müdafiə Fonduna verildi. Bununla da sosial sığorta haqlarının yığılması, idarə olunması və sosial sığorta ödənişlərinin, o cümlədən pensiyaların maliyyələşdirilməsi, təyin olunması, əhaliyə çatdırılması üzrə vahid strukturun yaradılması istiqamətində həlledici addım atıldı.

2002-ci il yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni dövr başladı. Belə ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 15 noyabr 2001-ci il tarxli qanunla iki konseptual məsələ öz həllini tapdı: birinci, güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı; ikinci, kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütövlükdə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi. Güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılardan səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı.

Əlbəttə, həmin dövrdə bu addımlar birmənalı qəbul edilməsə də, zaman göstərdi ki, sosial siyasətin düzgün qurulması və onun dayanıqlı olması üçün başqa yol yoxdur. Güzəştlərin müavinətlərlə əvəzlənməsi ünvanlılığın gücləndirilməsinə səbəb oldu. Bu proses imkan verdi ki, imtiyazlardan məhdud səviyyədə istifadə edənlər və yaxud istifadə edə bilməyənlər də onlar üçün nəzərdə tutulmuş güzəştlərin pul əvəzini alsınlar.

Yoxsulluğun azaldılması hazırda beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri problemdir. Ölkəmizdə həmin problemin həlli aktual olsa da, bu sahədə ciddi nailiyyətlərin əldə olunması üçün irimiqyaslı maliyyə resursları tələb olunurdu. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsi, "Əsrin müqaviləsi" çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı. Yoxsulluğun azaldılması məqsədi ilə sosial siyasətin qarşısında dayanan vəzifə arasında eyniyyət olduğunu (hər ikisinin məqsədi insanların layiqli həyat səviyyəsinə nail olmaqdır) nəzərə alsaq görərik ki, bu istiqamətdə görülən irimiqyaslı işlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə ciddi irəliləyişlərə səbəb olmuşdur.

 

 

Sosial siyasətdə yeni istiqamətlər

 

2003-cü ildən etibarən ölkəmiz üçün milli transformasiyanın yeni mərhələsi başlandı. Məqsədyönlü siyasət kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaratdı, milli tərəqqinin sabitliyini və davamlılığını təmin etdi, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi.

Azərbaycan hakimiyyətinin iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq büruzə verən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqət yetirilməsidir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən iki dövlət proqramı bölgələrdə mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur.

Hər iki sənəd modern dövlət quruculuğunun tranzitoloji proseslərindən bilavasitə xəbər verir. Birinci proqramın icrası zamanı meydana çıxan önəmli hallardan biri də o oldu ki, bu proses başlı-başına buraxılmadı, sənədə vaxtaşırı əlavə və dəyişikliklər edildi. Bu da tranzitoloji prosesin tənzimlənməsindən və çevik idarə olunmasından xəbər verirdi. Birinci proqramdan sonra növbəti proqramın qəbul olunması ölkədə sosial transformasiyada tranzitoloji aspektlərə necə böyük önəm verildiyinə bariz nümunədir. Bu da, öz növbəsində, Azərbaycanda sosial siyasətin transformasiyasının uğurunu şərtləndirən əsas cəhətlər sırasında yer alır. Beləliklə, qloballaşma prosesinin daha geniş vüsət aldığı yeni əsrdə ölkəmizin sosial və iqtisadi inkişafı obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə əks etdirərək irimiqyaslı islahatlarla müşayiət olunmaqla zamanın çağırışlarına cavab verən növbəti və kifayət qədər sürətli inkişaf mərhələsinə daxil oldu.

Bu gün ölkəmizdə həyata keçirilən modern sosial siyasət malik olduğu konrkret parametrlərlə diqqəti cəlb edir. Həmin parametrlərdən bəhs edərkən burada əsas cəhətlərdən biri sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində həlledici addımların atılması, buna xidmət edən "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu oldu. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla qurulmasına gətirib çıxardı. Beləliklə, ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi formalaşdırıldı. Bununla da sosialist prinsiplərinə, başqa sözlə desək, həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemini inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunan - vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi əvəz etdi. Mövcud qanunvericiliyə uyğun olaraq sığortaolunanların fərdi uçotu həyata keçirilir və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanılır. Beləliklə də vətəndaşların pensiya təminatı fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla müəyyən edilir.

"Sosial müavinətlər haqqında" qanun isə əvvəllər sistemsiz halda olan müavinətlərin dairəsini, təyin olunması şərtlərini vahid bir sənəddə tənzimləyir. Bu qanun ölkənin aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur.

Qeyd edilənlər onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətləri vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilib.

Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 29 avqust 2013-cü il tarixli fərmanı, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 27 avqust 2013-cü il tarixli, "Minimum əməkhaqqının artırılması haqqında" 31 avqust tarixli sərəncamları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Artım nəzərə alınmaqla hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də öncül yerlərdən birini tutur. Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur ki, həmin vəsait fondun büdcəsində nəzərə alınıb.

Ümumiyyətlə, 2003-2013-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddini üstələmişdir. Qeydiyyata alınmış sığortaolunanların sayı təqribən 2 dəfə artaraq 1 milyon 303 min nəfərdən 2 milyon 581 nəfərə çatmışdır.

Əlbəttə, fərəhlə bir məsələni də qeyd etməliyik ki, Azərbaycanda əhalinin sosial müdafiəsi yalnız pensiyaların və sosial müavinətlərin artırılmasını əhatə etmir. Bu gün ölkəmizin hər yerində inşa olunan sosial obyektlər - səhiyyə ocaqları, idman kompleksləri, reabilitasiya mərkəzləri Azərbaycandakı sosial siyasətin nə qədər əhatəli və çevik olduğunu göstərir. Bu, Azərbaycanın sosial siyasət modelinin özünəməxsus cəhətidir.

 

 

Bizi daha böyük hədəflər gözləyir

 

Hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bütün bunlar isə güclü və müstəqil dövlətçilikdən keçir. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı müstəqil vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

 

Ölkə rəhbərliyi Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də məqsədyönlü addımlar atır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bunun bariz nümunəsidir. Belə konsepsiya göstərir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Çünki hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Belə bir konsepsiyanın yerinə yetirilməsi Azərbaycanı bu hədəflərə çatdıracaq və inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaq.

Son 10 ildə iqtisadi müstəqilliyini daha da gücləndirən Azərbaycan dayanıqlı və dinamik iqtisadi artımını təmin edə bilmiş, sosial rifahın əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Bu müddətdə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini yuxarıda qeyd etdik. Eyni zamanda respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də ilk növbədə ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir.

Müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Fərəhli haldır ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış dövlətlərdən biri kimi göstərilir. İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Lakin əldə edilmiş nailiyyətlər son hədəf deyil və qarşıya Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması, bütün sahələr üzrə dayanıqlı tərəqqinin qorunub saxlanması kimi mühüm vəzifələr qoyulub. Bu məqsədə çatmaq üçün sosial sferada da qarşıdakı dövr ərzində təbii olaraq mühüm addımlar atılacaq. Azərbaycan iqtisadiyyatının sosialyönümlü olması göstərir ki, bu sahədə perspektiv vəzifələr uğurla reallaşacaq.

 

 

Hadi RƏCƏBLİ,

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor

 

Azərbaycan. - 2013.- 11 sentyabr.-  S. 8.