Vladimir KULİŞOV: «MDB ölkələrinin
Sərhəd Qoşunları Komandanları Şurasının
Bakıda keçirilən 70-ci iclası çərçivəsində
7 məsələ müzakirə edilmiş,
21 qərar qəbul olunmuşdur»
"MDB-nin iştirakçısı olan ölkələrin Sərhəd
Qoşunları Komandanları Şurasının Bakıda
keçirilən 70-ci iclasında 7 məsələ müzakirə
edilmiş, 21 qərar qəbul olunmuşdur".
Bu barədə
Rusiya Federal Təhlükəsizlik
Xidməti direktorunun birinci
müavini, RF
Sərhəd Xidmətinin rəhbəri Vladimir
Kulişov sentyabrın 10-da Sərhəd
Qoşunları Komandanları Şurasının 70-ci iclasının
yekunlarına dair mətbuat konfransında
məlumat vermişdir.
V.Kulişov bildirmişdir
ki, MDB ölkələrinin nümayəndə
heyətləri Bakıya səfər çərçivəsində
bir sıra
obyektlərdə, o cümlədən
Azərbaycan Dövlət Sərhəd Xidməti
Akademiyasında olmuşlar. V.Kulişov demişdir: "Hazırda bu
təhsil müəssisəsi mütəxəssislər
yetişdirmək üçün çox ciddi bazaya malikdir. Əminəm
ki, bu, dövlət sərhədində
xidmət edən insanların peşəkarlıq səviyyəsini
artırmağa imkan verəcəkdir. Biz isə hərtərəfli, o
cümlədən təhsil müəssisələri xətti
ilə mükəmməl əlaqələndirmə işləri
aparmalıyıq".
Rusiya Sərhəd Xidmətinin
rəhbəri demişdir ki,
tədbir çərçivəsində şuranın fəaliyyəti
təhlil edilmiş, xüsusi
əməliyyatların nəticələri
qiymətləndirilmişdir. Bu il Xəzər dənizi, Qara
dəniz və Azov dənizində birgə
səylərlə həyata keçirilmiş
profilaktiki tədbirlərdən də
danışılmışdır. V.Kulişov
demişdir: "Tərəfimizdən 7 məsələ nəzərdən
keçirilmiş, fəaliyyət istiqamətlərimizlə
bağlı 21 qərar qəbul edilmişdir.
Bundan əlavə, MDB sərhədlərində
yarana biləcək böhranlı vəziyyətlərin
aradan qaldırılması üzrə
işlərin əlaqələndirilməsinə dair razılaşma əldə olunmuşdur".
MDB-nin
iştirakçısı olan ölkələrin
Sərhəd Qoşunları Komandanları Şurasının
70-ci iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və
Ukraynanın sərhəd xidmətlərinin,
Sərhəd Qoşunları Komandanları Şurasının
Əlaqələndirmə Xidmətinin, MDB Antiterror Mərkəzinin,
Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak etmişlər.
AzərTAc
Azərbaycan. - 2013.- 11 sentyabr.- S. 9.