Hacı Zeynalabdin Tağıyevin büstü açıldı

 

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində məşhur sənayeçi, böyük xeyriyyəçinin büstü açılmışdır.

Bu münasibətlə keçirilmiş mərasimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi Nasir Rzayev açaraq son vaxtlar yaşayış məntəqəsinin abadlaşdırılması istiqamətində görülən işlərdən danışdı. O, qəsəbədə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılmasını dövlətin və ictimaiyyətin bu vətənpərvər insana ehtiramının növbəti təsdiqi kimi qiymətləndirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ömrünü doğma xalqının gələcəyi naminə sərf etmiş Hacı Zeynalabdinin çoxsaylı xeyirxah əməllərindən söz açdı, onun mesenatlıq fəaliyyətinə toxundu. O qeyd etdi ki, böyük xeyriyyəçinin gördüyü işlər bilavasitə Azərbaycan xalqının gələcəyinə hesablanmışdı. Hacı Zeynalabdinin yadigarlarından biri - Şollar su kəməri bu gün də xalqın istifadəsindədir.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Hacı Zeynalabdin Tağıyevin xatirəsini hörmətlə yad etdilər, böyük şəxsiyyətin xalq qarşısında misilsiz xidmətlərindən danışdılar.

Hacı Zeynalabdin Tağıyevin nəticəsi Fərhad Mehmandarov ulu babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2013.- 11 sentyabr.-  S. 10.