Gəncədə «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda regional konfrans keçirilmişdir

 

Sentyabrın 10-da Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, respublikanın qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrlərinin, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində abidəsini və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrini əhatə edəcək  analoji silsilə tədbirlərin yeddincisi olduğunu diqqətə çatdırmışdır. Komitə sədri regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır.

DQİDK-nın sədri dövlətin din siyasətinin pozitiv dünyəvilik prinsipləri əsasında qurulduğunu vurğulayaraq son illərdə bu istiqamətdə görülmüş işlərdən söhbət açmışdır. Bildirmişdir ki, 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa  əsaslı təmir, yenidənqurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmişya əsaslı bərpa olunmuşdur.

Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmişdir. O, hazırda milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirilən tədbirləri diqqətə  çatdırmışdır. Qeyd etmişdir ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Yalnız iki faktı - tariximizin və milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Şamaxı Cümə məscidi və siz gəncəlilərin və Azərbaycan xalqının inanc yeri olan "İmamzadə" kompleksinin təmir-bərpasını göstərməklə bunun əyani şahidi oluruq.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir tədbirin təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirmişdir. Vurğulamışdır ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Milli Məclisin deputatları  Qənirə Paşayeva  Asəf Hacıyev Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açmışlar.

Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. Bu baxımdan DQİDK tərəfindən dəstəklənən "Qazi Qarabağ azanı" layihəsi, "Axundimamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd olunmalıdır.

Həmçinin DQİDK-nın dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənmişdir. Qeyd olunmuşdur  ki, belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir.

Regional konfrans çərçivəsində, ümumilikdə dörd paneldə 12 məruzə dinlənilmişdir. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparmışlar.

Tədbir çərçivəsində regional konfransın iştirakçıları "İmamzadə" kompleksini ziyarət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 11 sentyabr.-  S. 10.