İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin iqtisadi
beyin mərkəzlərinin I Bakı Forumu və «Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf» mövzusunda I Beynəlxalq konfrans
keçirilmişdir
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar
Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının
və "EcoMod Networking"
şirkətinin birgə təşkilatçılığı
ilə keçirilmiş tədbirdə
İƏT-ə üzv ölkələrin
iqtisadi beyin mərkəzlərinin
rəhbərləri, dünyanın müxtəlif ölkələrindən
olan elm adamları iştirak
etmişlər. Forumda İƏT-ə üzv ölkələrin iqtisadi
beyin mərkəzləri arasında elmi əlaqələrin qurulması və
davamlı olaraq inkişaf
etdirilməsi imkanları müzakirə olunmuşdur.
İqtisadi inkişaf
nazirinin müavini Sevinc Həsənova Azərbaycanın təşkilatın
fəaliyyətinə böyük önəm
verdiyini və regionda uğurlu fəaliyyətində maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir
ki, İƏT çərçivəsində
əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə
bir sıra işlər görülmüş,
konseptual istiqamətlər müəyyənləşdirilmişdir.
Azərbaycan İƏT-ə üzv
dövlətlər arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsi və regiondaxili
ticarətin artırılması məqsədilə 10 müxtəlif
saziş imzalamışdır. Həmçinin
ölkəmiz İƏT Bankına üzvdür
və bu, Azərbaycanın üzv ölkələrdə həyata
keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal
iştirakına şərait yaratmışdır.
Nazir müavini
İƏT-ə üzv olan
dövlətlərlə ticarət dövriyyəsində
davamlı artımın müşahidə edildiyini
diqqətə çatdırmış, həmçinin forum iştirakçılarına Azərbaycanın
sosial-iqtisadi inkişafı barədə məlumat
verərək demişdir: "Dünya iqtisadiyyatı ağır iqtisadi tənəzzülə məruz
qaldığı halda ölkəmizdə
iqtisadi artım təmin olunmuş,
iqtisadiyyatın rəqabətqabiliyyətliliyi qorunub
saxlanılmışdır. 2012-ci ildə ÜDM-in
real artımı 2,2 faiz
təşkil etmiş və cari qiymətlərlə 54 milyard
manat olmuşdur.
Bu isə Azərbaycanın Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin
70 faizindən çox hissəsinə sahib olmaqla regionun
lider dövləti kimi
mövqeyini daha da gücləndirmişdir. Azərbaycanın valyuta ehtiyatları ÜDM-in
70 faizini təşkil edir
ki, bu da
dünya miqyasında çox
yüksək göstəricidir. Uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 6 faizə enmiş, əməkhaqqı və pensiyalar dəfələrlə
artırılmışdır. Azərbaycanın son illər ərzində qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən
də yüksək qiymətləndirilir. Dünya
İqtisadi Forumunun
dünən açıqladığı "Qlobal
Rəqabət Qabiliyyəti İndeksi
2013-2014" hesabatında Azərbaycan öz
mövqeyini xeyli dərəcədə
yaxşılaşdıraraq 148 ölkə arasında 39-cu pilləyə
yüksəlmişdir".
S.Həsənova
İƏT ölkələrinin iqtisadi beyin mərkəzlərinin əməkdaşlığının
genişləndirilməsi, bu istiqamətdə
birgə elmi-tədqiqatların aparılması, müxtəlif
tədbirlərin təşkili və əldə olunmuş müsbət nəticələrdən
istifadənin vacibliyini vurğulayaraq
Bakı Forumunun və Beynəlxalq konfransın bu baxımdan əhəmiyyətini qeyd etmişdir.
İqtisadi Əməkdaşlıq
Təşkilatının baş katibi Şamil Ələsgərov
çıxışında təşkilata üzv
ölkələr arasında əməkdaşlığın
genişləndiyini və bu prosesin davamlılığı məqsədilə
yeni istiqamətlərin
aktuallığını diqqətə
çatdırmışdır.
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli,
İqtisadi İnkişaf
Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktoru Vilayət Vəliyev, "EcoMod Networking" şirkətinin
prezidenti Əli Bayar
isə çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi
beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və
əldə olunmuş nəticələrdən,
bu mərkəzlərin əməkdaşlığı
sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional
inteqrasiyada əhəmiyyətindən bəhs
etmişlər.
Konfrans kənd təsərrüfatı,
regional inteqrasiya, ticarət
məsələləri mövzularında sessiyalarla
davam etmişdir. Tədbirdə
ekspertlərin məruzələri dinlənilmiş, mövzu ətrafında müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.