Bakıda «Birgə
Cəmiyyətlər-2014» Forumuna
hazırlıq məqsədi ilə beynəlxalq toplantı keçirilir
Sentyabrın
5-də Bakıda Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin,
Madrid Klubunun və
İsgəndəriyyə Kitabxanasının birgə təşkilatçılığı
ilə beynəlxalq toplantı işə
başlamışdır.
Latviya, Finlandiya, Niderland, Mavritaniya və
digər ölkələrin keçmiş
dövlət və hökumət
başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq
qurumların rəhbərlərinin iştirakı ilə
keçirilən Yüksək Səviyyədə Görüşün məqsədi "Birgə
Cəmiyyətlər-2014"
Forumuna hazırlıqdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov
tədbirin açılış mərasimində
çıxış edərək cari ilin mayında Bakıda keçirilmiş
Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətini və onun ölkəmizdə təşkil olunan tədbirlər arasında özünəməxsus
yerini qeyd etmişdir.
Tədbirinin əhəmiyyətindən
söz açan N.İbrahimov demişdir ki, müxtəlif ölkələrin müəyyən təcrübəyə
malik keçmiş
dövlət və hökumət
başçılarının iştirak
etdikləri bu
görüş beynəlxalq aləmdə
böyük
marağa səbəb olmuşdur. Toplantının məqsədi gələn il
Bakıda keçiriləcək ikinci Cənubi
Qafqaz Forumuna
hazırlıq, gələcək fəaliyyətin əsas
istiqamətlərinin müəyyənləşdirilməsidir.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin
Azərbaycanın dünyada daha da yaxından tanınmasına kömək etdiyini
söyləyən komitə sədri gələn il forumun "Cənubi Qafqaz Forumu" deyil,
"Açıq Cəmiyyət Forumu"
adı altında keçiriləcəyini də diqqətə
çatdırmışdır.
N.İbrahimov
vurğulamışdır ki, bu gün Azərbaycan dünyada tolerant ölkə
kimi tanınır. Bu da təbiidir. Çünki
tolerantlıq və qarşılıqlı ehtiram
bizim gündəlik həyat tərzimizdir.
Ölkəmizdə yaşayan bütün xalqlar,
onların hamısı etnik və ya dini mənsubiyyətindən
asılı olmayaraq, bütün
hüquqlardan istifadə edir,
bir ailə kimi
yaşayırlar. Azərbaycanda müxtəlif
xalqların və dinlərin nümayəndələri
arasında sülhün və əmin-amanlığın,
dostluq, qardaşlıq və əməkdaşlığın
bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş
milli-dini siyasətin kompleks
şəkildə həyata keçirilməsinin nəticəsidir.
Hazırda Azərbaycan başqa sahələrdə
olduğu kimi,
tolerantlıq baxımından da bir sıra ölkələr üçün çox
yaxşı nümunədir.
Qeyd olunmuşdur
ki, bu gün
dünyada qlobal
problemlərlə məşğul olan təşkilatların
Bakını özlərinə mərkəz seçməsi heç də təsadüfi deyildir.
Son illər respublikamızda baş verən sürətli inkişaf
prosesi Azərbaycanı
maraqlı və cəlbedici ölkəyə çevirmişdir.
N.İbrahimov Bakının beynəlxalq mərkəzə
çevriləcəyinə inamını ifadə etmiş, toplantı
iştirakçılarına uğurlar
arzulamışdır.
Latviya
Respublikasının sabiq prezidenti,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Madrid Klubunun
üzvü xanım Vayra Vike-Frayberqa hər bir
ölkənin, müxtəlif dinlərə, icmalara
mənsub insanların özünəməxsus xüsusiyyətlərinin
olduğunu vurğulamış, bu məsələdə
immiqrasiya proseslərinin rolunu
xüsusi qeyd etmişdir. Bildirilmişdir
ki, bu proseslər cəmiyyətlərin
çoxdinli, çoxmədəniyyətli
olmasına şərait yaratmışdır. Cəmiyyətlərin
inteqrasiyasında iqtisadiyyatın, xüsusən də ticarətin
tarixi rolunu diqqətə
çatdıran sabiq prezident
hər bir dövlətin siyasi
liderinin doğru qərar
qəbul etməklə inteqrasiyanı düzgün
istiqamətləndirə biləcəyini vurğulamışdır.
Bildirilmişdir ki, iqtisadi inkişaf cəmiyyətin
paylanmasına kömək edir. Siyasi plüralizmin mövcudluğu müasir
cəmiyyətimizdə əhəmiyyətli amillərdən biridir. Bu baxımdan hər
bir dövlət üçün
seçki sisteminin təkmilləşdirilməsi
çox mühüm əhəmiyyət
kəsb edir. Bu istiqamətdə
hökumətin üzərinə düşən məsuliyyət
milli səyləri dəstəkləməkdən
ibarətdir. Strategiyanın hər hansı bir təhlükənin qarşısını
almaq üçün
müzakirələrin aparılmasına mühüm
töhfələr verdiyini diqqətə
çatdıran V.Freyberqa sülh,
təhlükəsizlik və sabitliyin dövlət başçıları
tərəfindən təmin edilməsinin vacibliyini
də vurğulamışdır.
Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri İsmail Serageldin
toplantının maraqlı keçəcəyinə,
faydalı müzakirələrin aparılacağına əminliyini
bildirərək demişdir ki, tədbirdə sabiq
dövlət və hökumət
başçılarının iştirakı bu
görüşün əhəmiyyətini
daha da artırır. Bu gün qloballaşan dünyada insanlar öz aralarında olan mədəniyyət fərqlərinə, gender bərabərliyinə, gələcəkdə
davamlı cəmiyyətin formalaşdırılmasına dair məsələləri müzakirə
edirlər. İnanıram ki, ənənəvi forumların keçirilməsi
qadınların rolunun gücləndirilməsi,
etnik, dini
azlıqların qorunması, müştərək cəmiyyətlərin
inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcəkdir.
İ.Serageldin tədbirin keçirilməsinə
yaradılan şəraitə görə
iştirakçılar adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
Finlandiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
idarə heyətinin və Madrid Klubunun üzvü
xanım Tarya Halonen Azərbaycana
yenidən səfər etməkdən məmnunluğunu bildirmiş, ölkəmizdə güclü inkişafın şahidi
olduğunu vurğulamışdır.
Azərbaycanın maraqlı ölkə olduğunu
söyləyən Tarya Halonen
qeyd etmişdir ki, ölkədəki
iqtisadi artım inkişaf
üçün bir çox imkanlar yaradır.
Finlandiyalı
qonaq dayanıqlı inkişafın aspektlərindən,
ekoloji təsirin azaldılması istiqamətində
görülən vacib işlərdən,
alternativ və bərpa olunan
enerji mənbələrindən, insan kapitalından, xüsusən də gənclərin
potensialından geniş istifadə edilməsinin
vacibliyindən danışmışdır.
Niderland
Krallığının sabiq baş naziri, Madrid Klubunun prezidenti Vim Kok yenidən Bakıda
toplaşdıqları üçün məmnunluğunu
bildirmiş, dörd ay əvvəl
Azərbaycanda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətindən, uğurlu nəticələrindən söz açmışdır. V.Kok növbəti foruma hazırlıq məqsədi
daşıyan bu tədbir çərçivəsində
aparılacaq müzakirələrin böyük
əhəmiyyət kəsb etdiyini, müasir dünyada bu mövzuların aktuallığını və
vacibliyini vurğulamışdır.
Dialoq, müzakirə
və debatların keçirilməsi baxımından
forumların əhəmiyyətinə
toxunan Niderland
Krallığının sabiq baş naziri Bakıda təşkil
edilən belə mötəbər tədbirlərdə
müxtəlif dövlətlərin sabiq
prezidentlərinin, baş nazirlərinin
iştirakının Azərbaycanın həm də həmin
ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını
vurğulamışdır.
Sonra toplantı işini "Qadınlar və birgə cəmiyyətlər",
"Dini azlıqlar və birgə cəmiyyətlər",
"Cənubi Qafqazda münaqişələrin
həlli" mövzularında sessiyalarla davam etdirmişdir.
Bakıda
"Birgə Cəmiyyətlər-2014" Forumuna
hazırlıq məqsədi ilə keçirilən beynəlxalq toplantı sentyabrın
6-da başa çatacaqdır.
AzərTAc
Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 10.