Arıçılıq məhsullarının 14-cü sərgi-satış yarmarkası açıldı

 

Əhaliyə 500 ton təmiz bal təklif olunur

 

Dünən Dəniz Limanı Vağzalının salonunda 14-cü ənənəvi arıçılıq məhsulları respublika sərgi-satış yarmarkasının açılışı oldu. 300 arıçı 30 gün davam edəcək yarmarkaya 500 ton bal gətirib.

Tədbiri açan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov vurğuladı ki, son 10 ildə ölkənin bütün sahələrində olduğu kimi, aqrar sektorun tərkib hissəsi olan arıçılıqda da böyük nailiyyətlər əldə edilib: "Əvvəllər sərgi-satış yarmarkası keçirilərkən bölgələrdən arıçıların cəlb edilməsində müəyyən çətinliklər olurdu. İndi isə əksinədir, ildən-ilə bu tədbirdə iştirak etmək istəyən arıçıların sayı artır. Nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində arıçılıqla məşğul olanların sayı coğrafiyası ilə bərabər istehsal olunan məhsulun da həcmi çoxalıb. Bu il satış üçün sərgiyə 500 ton bal digər arıçılıq məhsullarının çıxarılması bunu bir daha təsdiqləyir".

A.Aslanov daha sonra bildirdi ki, hazırda ölkədə 225 min arı ailəsi bəslənilir: "Arıçılıq həm ailə təsərrüfatı olduğu üçün bu işlə 600 min insan bu ya digər dərəcədə məşğul olur. Bu da bölgələrdə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Arıçılara göstərilən dövlət qayğısı da ildən-ilə artır. Keçən il arıçılar təsərrüfatlarını inkişaf etdirmək üçün 450 min manat güzəştli kredit alıblar. Bu sahədə görülən işlər növbəti illərdə davam etdiriləcək".

Sərgi iştirakçısı Xanağa Hüseynov Astara rayonunun Niki kəndindən gəlib. İxtisasca dil-ədəbiyyat müəllimi olsa da, 50 ildir arı saxlayır. 170 arı ailəsi var. Builki yarmarkada 500-600 kiloqram bal satmağı nəzərdə tutur. Deyir ki, sərgi bizə bir ay ərzində istehsal etdiyimiz məhsulu satmağa imkan verir. Ona görə hər il istehsal etdiyi balı sərgi-satış yarmarkasına gətirir. Kənd Təsərrüfatı Nazirliyinin arıçılar üçün yaratdığı şəraitdən razıdır

İsmayıllı rayonunun Zoğallıq kənd sakini Siyavuş Əzizov kənd təsərrüfatı mütəxəssisidir. Söyləyir ki, kolxoz dağıldıqdan sonra işsiz-gücsüz qalmışdı: "Ailəmi dolandırmaq üçün arıçılıqla məşğul oldum. Hazırda təsərrüfatımda 32 arı ailəsi var. Dolanışığımdan razıyam. Çünki arıçılıq yaxşı gəlir götürmək imkanı verən sahədir. Zəhməti çox olsa da, maya dəyəri digər sahələrlə müqayisədə azdır. Ona görə işimdən razıyam, Allah bərəkət versin".

Azərbaycan Arıçılıar İttifaqının sədr müavini Elxan Ələkbərov söhbət zamanı qeyd etdi ki, ölkəmizdə arıçılığın inkişafında hər il təşkil olunan sərgi-satış yarmarkaları mühüm rol oynayır: "Arıçılar ilk növbədə bu yarmarkalarda bir-birləri ilə ünsiyyət qururlar. Rastlaşdıqları problemləri, bu sahədə olan yenilikləri müzakirə qazandıqları təcrübə ilə bir-birlərini tanış edirlər. Sərgilərdə arıçılığın inkişafı ilə bağlı keçirilən elmi konfranslar da arıçılar üçün zəngin bilik toplamağa imkan verir".

E.Ələkbərov Azərbaycan arıçılarının ildən-ilə beynəlxalq əlaqələrinin artdığını bildirdi: "Keçən il 25 arıçı Türkiyənin Antalya bölgəsində keçirilən "Marmaris Can Bal" konqresində iştirak edib. Bundan əlavə, bir qrup arıçı yaxın günlərdə ana arının yetişdirilməsini öyrənmək üçün Türkiyənin Atvin bölgəsində boz Qafqaz arısının seleksiya mərkəzində olub. Belə səfərlərin nəticəsidir ki, indi ölkəmizdə ana arının yetişdirilməsi istiqamətində xeyli işlər görülüb".

Onu da qeyd edək ki, arıçılıq məhsullarının çeşidləri ilbəil artır. Məsələn, Polen-çiçək tozu ilk sərgi-satış yarmarkasında cəmi 5 kiloqram satılmışdı. İndi isə hər yarmarkaya 500 kiloqram çıxarılır. Həmçinin hər yarmarkada 20 kiloqram arı südü satılır. İnsanların sağlamlığı baxımından xüsusi əhəmiyyəti olan propolis tədricən bazarda özünə alıcı tapmağa başlayır. Artıq əhali bu arı məhsullarının qədər xeyirli olduğunu bilir. Bu da arıçılıq məhsullarının təbliğatı sayəsində aparılan işlərin nəticəsidir.

Bir sözlə, dövlət tərəfindən arıçılığa göstərilən qayğı nəticəsində bu sahə sürətlə inkişaf edir. Bir neçə ildən sonra Azərbaycan arıçılarının ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da keyfiyyətli arı məhsulları çıxaracaqları şübhəsizdir.

 

 

Rüstəm MÜTƏLLİBOV

 

Azərbaycan. - 2013.- 6 sentyabr.- S. 12.