Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır

 

Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvləri sentyabrın 11-də Milli Məclisdə ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri ilə görüşmüşlər. 

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri və oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və digər çıxış edənlər bildirmişlər ki, ölkəmizdə seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Robert Uolter Azərbaycanda olduqları qısa müddətdə bir sıra vacib görüşlər keçirdiklərini vurğulamışdır. O, missiya üzvlərinin əksəriyyətinin əvvəllər də Azərbaycanda keçirilən seçkiləri müşahidə etdiklərini diqqətə çatdırmışdır.

Görüşdə, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 7.