Azərbaycan mükəmməl idarəçilik modeli kimi qəbul olunur

 

Mübariz QURBANLI: "Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi antiazərbaycançı şəbəkənin fəaliyyətini bir daha ifşa etdi"

 

Bu günlərdə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı hazırlamış və həmin material sentyabrın 9-da qurumun saytında yerləşdirmişdir. Bu araşdırma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyasının hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara bir cavab kimi qiymətləndirilir. 

Daim Azərbaycanın hərtərəfli sürətli inkişafına, Avropaya inteqrasiyasına, insan hüquqlarının qorunması sahəsində atdığı mühüm addımlara qərəzlə yanaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi vəziyyəti qiymətləndirərkən öz ənənəsinə sadiq qalıb. Ancaq ESİSC-nin materialında bu qərəzçiliyə qarşı faktlar əsasında cavablar verilib.

Bu məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qeyd edib ki, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin hazırladığı yazı Azərbaycan reallıqlarını tam əks etdirir. Materialda deyilir ki, aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə bəyan edib. Hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədilə mühüm səylər göstərib. Məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10 faizdən 20 faizə çatdırılıb. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı artırılıb. Əvvəlki seçkilərdə 500 kamera quraşdırılmışdırsa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı bildirilir. Bütövlükdə seçki prosesi Azərbaycanda bu siyasi kompaniyanın Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir.

Deputatın sözlərinə görə, Azərbaycana qarşı daim qərəzli mövqedə olan bir təşkilatın ölkəmizə göndərdiyi missiyasının hazırlayacağı hesabat əvvəldən hazır olub. Çünki bu qurum həmişə Azərbaycanda insan hüquqlarının pozulduğunu, azad seçkilərin keçirilmədiyini iddia edibsonda bu iddiaların yalnış olduğu sübuta yetirilib. İndi isə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi həmin yalan hesabatı ifşa edib.

Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti dəfələrlə ATƏT Parlament Assambleyasının sessiyalarında bu qurumun fəaliyyətindən narazılığını bildirib. Milli Məclisdə də adıçəkilən təşkilatın ölkəmizə qarşı qərəzli mövqedə olduğu barədə müzakirələr aparılıb və hətta Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun üzvləri həmişə Azərbaycana "hazır reseptlə" gəlirlər. Yəni onların gördükləri, müşahidə etdikləri heç bir məlumat, fakt hesabatlarında əks olunmur: "Bu təşkilatın ölkəmizə qarşı qərəzi daim hiss olunur. Ona görə də bu qurumdan prezident seçkiləri öncəsi yalnız belə hesabatlar gözləməliydik. Sevindirici hal odur ki, bu hesabata Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi öz etirazını bildirib və ölkəmiz haqqında əsl həqiqəti yazıb".

Mübariz Qurbanlı eyni zamanda deyib ki, bir sıra beynəlxalq müşahidəçilərin Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdikləri halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkəni avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının nailiyyətlərini görməməklə düşünülmüş şəkildə mənfi hesabat təqdim edir. Ancaq Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin hazırladığı yazıda xüsusi olaraq vurğulanır ki, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. ESİSC yazır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda siyasi vəziyyəti əks etdirən belə bir ağır sənəd təqdim etməsinin səbəbi insanda maraq yaradır. Bir daha xatırlatmaq lazımdır ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiya, Türkiyə və İran ilə qonşuluq baxımından nadir geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir.

Mübariz Qurbanlının sözlərinə görə, Avropanın bir çox böyük təşkilatları isə Azərbaycan reallıqlarını öz hesabatlarında qeyd edirlər. ESİSC də haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır, hətta bu bölgədə bir sıra ölkələrin və hökumətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.

Milli Məclisin deputatı Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatlara sentyabr ayının 8-də dünyanın ən məşhur mətbu orqanlarından biri - Nyu York Tayms (New York Times) jurnalında dərc olunan "Azərbaycan: gələcəyə inamla baxan ölkə" başlıqlı məqaləni nümunə olaraq göstərib. Həmin yazıda Sovetlər Birliyinin 1991-ci ildə süqutu ilə yenidən azadlıq əldə edən Azərbaycanın 22 illik müstəqillik dövründə böyük uğurlar qazandığından, müasir inkişafı təmin etmək üçün həyata keçirilən siyasiiqtisadi islahatların səmərəliliyindən bəhs edilir. Məqalədə bu ilin oktyabr ayından ölkədə keçiriləcək prezident seçkilərinə də toxunulub. Yazıda deyilir: "Aparılan sorğu və təhlillər göstərir ki, Azərbaycan xalqı növbəti illərdə də ölkə başçısı olaraq İlham Əliyevə ikinci bir rəqib namizəd tanımır".  Qəzetin ölkəmizə həsr etdiyi məqalədə Azərbaycanın müstəqillik yaşının az olmasına baxmayaraq, bu illər ərzində əldə etdiyi uğurlarla, həyata keçirilən düzgün və məqsədyönlü siyasətlə, beynəlxalq arenada qazanmış olduğu böyük nüfuzla regionun geosiyasi quruluşunu dəyişməyə müvəffəq olduğu diqqətə çatdırılır.

Mübariz Qurbanlı vurğulayıb ki, bütün bu faktlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hazırladığı qərəzli hesabatların hansısa məqsədlərə xidmət etdiyini bir daha subuta yetirir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 8.