ABŞ-ın nüfuzlu «The New York Times»
jurnalında Azərbaycanın sürətli iqtisadi
inkişafından bəhs edən məqalə dərc olunmuşdur
ABŞ-ın nüfuzlu "The New York Times"
jurnalında Azərbaycanın sürətli iqtisadi
inkişafından bəhs edən "Azərbaycan: Gələcəyi
inamla qarşılayan ölkə" sərlövhəli
məqalə dərc olunmuşdur.
AzərTAc
xəbər verir ki, məqalədə
Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğu, ölkənin
müasir mədəniyyətin və
sivilizasiyanın yaranmasına, inkişafına və şaxələnməsinə
öz töhfəsini verdiyi
bildirilir. Qeyd edilir
ki, Azərbaycan qədim İpək yolunun üzərində, Qərb və Şərq
mədəniyyətlərinin birgə təsiri ilə
formalaşmış sivilizasiyaların qovuşuğunda
yerləşir. Müxtəlif vaxtlarda fərqli
imperiyaların tərkibinə qatılsa da,
Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli xüsusiyyətlərini qoruyub
saxlaya bilmişdir.
Müəllif qeyd edir ki,
regionun aparıcı dövləti olan Azərbaycanın Cənubi Qafqaz
iqtisadiyyatında payı 80 faizdən artıqdır.
Regiondakı bütün irimiqyaslı
layihələr Azərbaycanın iştirakı və təşəbbüsü
ilə həyata keçirilir.
Məqalədə
bildirilir ki, 1918-ci ildə
yaradılmış Azərbaycan Xalq
Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmuşdur.
Qızlar üçün ilk
məktəb məhz burada
açılmışdır. Azərbaycanda qadınlar hələ
bir əsr öncə seçkilərdə
iştirak etmək hüququ
qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet də elə həmin dövrdə
yazılmış və səhnələşdirilmişdir.
Diqqətə
çatdırılır ki, mövcud olduğu qısa
müddətdə bu gənc dövlət
çox ciddi problemlərlə
qarşılaşdı. Bakı neftinə olan
xarici maraq isə bu problemləri daha da ağırlaşdırırdı. Nəticədə
Sovet Rusiyası hərbi müdaxilə ilə
Azərbaycanı işğal etdi
və ölkə müstəqilliyini itirdi.
Azərbaycan xalqı təxminən 70 il sovet rejiminin ağır
qaydaları şəraitində yaşamağa
məcbur oldu.
Nəhayət,
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan
müstəqilliyini bərpa etdi. Həmin
dövrdə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri
arasında ən çətin vəziyyətlə üzləşən
ölkə olmuşdur. Bu
gənc dövlət Ermənistanın ərazi iddiaları və
ölkədaxili hərc-mərclik kimi ciddi təhlükələrlə üzləşdi.
Ermənistanın hərbi müdaxiləsi Azərbaycan ərazisinin
20 faizinin işğalı və 1 milyondan artıq azərbaycanlının isə
öz yurd-yuvalarından didərgin
düşməsi ilə nəticələndi. BMT Təhlükəsizlik
Şurasının qətnamələrində və digər
beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə
Azərbaycanın ərazi bütövlüyü
təsdiqlənmiş, ölkə ərazisinin
işğalı faktı əksini tapmışdır. Bütün bunlara baxmayaraq, işğal vəziyyəti
və 1 milyondan artıq insanın məcburi
köçkün kimi
yaşaması faktı dəyişilməz olaraq
qalır.
1993-cü
ildə Bakıya qayıdan və prezident
seçilən Heydər Əliyev 2003-cü ilə qədər
hakimiyyətdə olmuşdur. 2003-cü və
2008-ci illərdə keçirilən prezident
seçkilərində qələbə qazanan
İlham Əliyev hazırda Azərbaycan
dövlətinin başçısıdır. Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət
nəticəsində ölkə iqtisadiyyatı üç dəfə inkişaf
etmiş və 1,2 milyon
yeni iş yeri açılmışdır. Ümumiyyətlə,
son 22 ildə Azərbaycan sürətli inkişafa təkan verən yeni
siyasi və iqtisadi sistem qurmaqla böyük uğurlar əldə
etmişdir.
Məqalədə
bildirilir ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli enerji
layihələri həyata keçirir. Neft ölkəsi kimi
tanınan Azərbaycan Xəzər hövzəsinin zəngin enerji potensialını aşkar
edən ilk dövlət olmuş
və regionda yüksək səviyyəli
iqtisadi inkişaf modeli yaratmışdır. Azərbaycan Avropa ilə Asiya
arasında ticarət və siyasi əlaqələrin
genişlənməsində, həmçinin Qafqaz
nəqliyyat dəhlizinin inkişafında mühüm
rol oynayır. Prezident
İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən islahatlar
ölkə iqtisadiyyatının şaxələndirilməsinə,
qeyri-neft sektorunun
davamlı inkişafının təmininə və prioritet sahələrə irimiqyaslı sərmayələrin
yatırılmasına təkan vermişdir.
İqtisadi inkişaf
göstəricilərinə görə Azərbaycan dünya ölkələri arasında ilk sıralardadır. Dünya
İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik üzrə
hesabatına əsasən Azərbaycan rəqabətlilik
reytinqinə görə dünya dövlətləri
arasında 39-cu yerdə qərarlaşmışdır. Bu göstərici üzrə Azərbaycan MDB-də
birinci yerdədir. Ölkənin iqtisadi inkişafı əhalinin
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün
bir sıra sosial
proqramların həyata keçirilməsinə imkan yaratmışdır. Son
illərdə həyata keçirilən ən mühüm
sosial layihə yoxsulluğun
49 faizdən 6 faizə qədər azaldılması olmuşdur.
Yazıda
vurğulanır ki, Azərbaycan sürətlə
müasirləşir. Bakı müasir Avropa şəhərlərinə bənzəyir.
Qısa zamanda Azərbaycan bir
sıra beynəlxalq tədbirlərə ev
sahibliyi etmişdir. Bu tədbirlərə
Bakı Beynəlxalq Humanitar Forumu, Davos Forumu,
Mədəniyyətlərarası Dialoq Forumu, "Eurovision"
mahnı müsabiqəsi, həmçinin ölkənin əsas
turizm məkanlarından biri
olan Qəbələ şəhərində
keçirilən Beynəlxalq Musiqi
Festivalı daxildir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Ölkədə həm də bir sıra
beynəlxalq əhəmiyyətli idman tədbirləri
keçirilmişdir. 2015-ci ildə
Bakı ilk Avropa
Oyunlarına ev sahibliyi
edəcəkdir.
Müəllif
yazır ki, Azərbaycan 2011-ci ildə 155
ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir.
Həmin il bu ölkə,
həmçinin Qoşulmama Hərəkatında
üzv olmuşdur. Son iki ildə BMT Təhlükəsizlik
Şurasının üzvü olaraq Azərbaycan beynəlxalq miqyasda
öz mövqeyini nümayiş etdirmişdir.
Bütün bunlar Azərbaycan
kimi gənc, lakin
sürətlə inkişaf edən bir dövlətə dünya
ictimaiyyətinin göstərdiyi hörmətin bariz nümunəsidir.
Məqalədə
qeyd edilir ki, Azərbaycan xalqı gələcəyə
inamla baxır. Yaxın zamanlarda ölkə əhalisinin gələcəyə
inamını daha da
gücləndirəcək yeni layihələrin
həyata keçirilməsi nəzərdə tutulur.
2015-ci ildə adambaşına düşən ümumi
daxili məhsulun 10 min
dollara çatdırılması, 2018-ci
ilə qədər isə bu göstəricinin
iki dəfə artırılması
planı Azərbaycan dövlətinin sürətli
inkişafı qoruyub saxlamaq
imkanlarını göstərir. Gələcəkdə Azərbaycan
inkişaf etmiş
ölkələr sırasına yüksələcəkdir. Bu tarix Azərbaycan
xalqı üçün o
qədər də uzaq deyildir.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 8.