Sosial
firavanlığa doğru yeni və sürətli inkişaf
dövrü
Azərbaycan
dövlət müstəqilliyinin bərpasının artıq
22-ci ilini yaşayır. Ulu öndər Heydər Əliyevin
"Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti"
kimi qiymətləndirdiyi müstəqillik 2003-cü ildən
etibarən yüksək səviyyədə qorunub saxlanmaqla
daha da möhkəmləndirilmişdir. Son on ildə
inkişaf tempinə görə dünyanın lider ölkəsinə,
Cənubi Qafqazın güc mərkəzinə çevrilən,
rifahlı cəmiyyət, müasir dövlət
quruculuğunun geniş vüsət aldığı, həmçinin
tolerantlığın təkrarsız nümunəsi kimi
dünyada böyük nüfuz qazanan Azərbaycan
artıq mühüm əhəmiyyət kəsb edən qlobal
proseslərdə söz sahibi olan aparıcı ölkələr
sırasına daxil olmuşdur.
Hər
hansı bir ölkənin uzun onilliklər boyu əldə edə
biləcəyi bu tarixi nailiyyətlər ümummilli lider Heydər
Əliyevin vətənimizin firavan gələcəyinin
qurulmasına xidmət edən müdrik strategiyası əsasında
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən və ölkəni böyük
perspektivlərə doğru aparan uğurlu siyasətin, beynəlxalq
aləmdə gedən proseslər fonunda Azərbaycanın maraq
və mənafelərini daha dolğun şəkildə təmin
etmək üçün atılan qətiyyətli və məqsədyönlü
addımların yüksək nəticələridir.
Milli
iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox
artdığı respublikada regional inkişaf siyasəti və
qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumi daxili
məhsulda 52,7 faizə çatması, eyni zamanda bu müddətdə
1 milyon 200 mindən çox yeni iş yerinin
açılmasına səbəb olmuşdur. İcra olunan
mühüm
dövlət proqramları nəticəsində
işsizliyin 5 faizədək, yoxsulluğun isə 6 faizədək
azaldığı Azərbaycan hələ 2009-cu ildə, yəni
dünya iqtisadiyyatı kəskin böhran keçirdiyi vaxtda
9,3 faizlik iqtisadi artım əldə edərək, keçid
dövrünü uğurla başa vurmuş və modern
islahatlar mərhələsinə daxil olmuşdur.
Cənubi
Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan və
özəl sektorun çəkisinin 83 faizə
çatdığı respublikamızda investisiya siyasətini
stimulllaşdıran şəffaf və əlverişli biznes
mühitinin yaradılmasının müsbət nəticəsi
kimi ölkə iqtisadiyyatına son üç ildə 60
milyard dollara yaxın investisiya qoyulmuşdur. Ümumiyyətlə, son on ildə Azərbaycan
iqtisadiyyatına yatırılan investisiyalar 130 milyard
dolları ötmüşdür.
Davos Dünya İqtisadi Forumu artıq
dördüncü ildir ki, Azərbaycan iqtisadiyyatını MDB
məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyat
kimi qiymətləndirmişdir. Regionda
qlobal əhəmiyyətli iri iqtisadi layihələrin əsas
təşəbbüskarı və icraçısı kimi
çıxış edən ölkəmiz Ümumdünya
İqtisadi Forumunun 2013-2014-cü il üzrə tərtib etdiyi
rəqabətqabiliyyətlilik reytinqinə görə daha 7
pillə irəliləyərək 148 ölkə arasında
39-cu yerdə qərar tutmuşdur. Dünya iqtisadiyyatının
böhran dövrünü yaşadığı və
yüksək rəqabət mühiti ilə səciyyələnən
bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və
dünyanın 40 ən rəqabətqabiliyyətli
iqtisadiyyatı sırasına daxil olması respublikamızda
aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf
siyasətinin daha bir uğurudur. Bununla
yanaşı, ölkəmiz makroiqtisadi mühit göstəricisinə
görə 8-ci, əmək bazarının səmərəliliyi
göstəricinə görə 30-cu yerdə qərar
tutmuşdur.
Son 10 ilin mühüm tarixi nailiyyətlərindən
biri kimi Azərbaycan 155 dövlətin səsini qazanaraq
dünyanın yüksək nüfuza malik ən ali qurumu olan BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir. Əlbəttə,
bu hadisə, həmçinin keçən ilin mayında Azərbaycanın
həmin mötəbər quruma - BMT Təhlükəsizlik
Şurasına sədrlik etməsi Azərbaycan dövlətçiliyinin
parlaq qələbəsi olmaqla hər bir azərbaycanlıda
sonsuz iftixar hissi doğurmuşdur. Qürur hissi
doğuran əlamətdar tarixi hadisələrdən biri də
Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya
peykinin 7 fevral 2013-cü il tarixində orbitə
buraxılmasıdır. Bununla da Azərbaycan
artıq kosmik ölkələr sırasına daxil olmuş,
ölkədə ən innovativ və dünya üzrə ən
gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin
inkişafının əsası qoyulmuşdur.
Azərbaycan artıq xarici ölkələrin
iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi,
iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan
kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir.
Ölkəmiz Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz,
Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına,
"Eurovision" musiqi yarışmasına, Dini Liderlərin
Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə
yüksək səviyyədə ev sahibliyi etmişdir.
Azərbaycan həm də idman ölkəsi
kimi dünyada böyük nüfuza malikdir.
Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci
Avropa Oyunlarının məhz Bakıda keçirilməsi
haqqında qərar qəbul etməsi Azərbaycanda idmanın
inkişafı ilə bağlı aparılan uğurlu siyasətin
beynəlxalq aləmdə yüksək dəyərləndirilməsinin
real təsdiqidir.
Biz ölkəmizin inkişafı proseslərindən
söz açarkən bunda Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın mühüm xidmətlərini
xüsusi qeyd edə bilərik. Azərbaycanda milli və
dünyəvi dəyərlər sisteminin inkişaf etdirilməsi,
respublikamızda mütərəqqi ideyaların gerçəkləşməsi
naminə Heydər Əliyev Fondunun gördüyü işlər,
"Yeniləşən Azərbaycana yeni məktəb",
"Uşaq evləri və internat məktəblərinin
inkişafı", "Təhsilə dəstək",
"Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" proqram və layihələr
çərçivəsində həyata keçirilən
silsilə tədbirlər Azərbaycanın hərtərəfli
tərəqqisi naminə aparılan siyasətin icrasına dəyərli
töhfələr verməkdədir.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində olan Şağan 3
saylı və Saray 7 saylı internat evlərində müasir
tələblərə uyğun yaşayış şəraitinin
yaradılmasında, eyni zamanda əlilliyi olan şəxslərin
cəmiyyətə inteqrasiyası və sağlamlıq
imkanları məhdud uşaqlara qarşı
ayrı-seçkiliyin qarşısının alınması məqsədilə
aparılan ictimai məlumatlandırma, təbliğat-təşviqat
kampaniyalarında da Heydər Əliyev Fondunun böyük və
davamlı dəstəyi olmuşdur.
Prezident İlham Əliyevin bəyan etdiyi
kimi, Azərbaycanda aparılan siyasətin mərkəzində
məhz insan amili dayanır. Bunun real təsdiqidir ki, respublikanın davamlı
iqtisadi tərəqqisi güclü sosial siyasətlə
tamamlanır və iqtisadi tərəqqi insanların gündəlik
rifah halında öz təcəssümünü tapır.
Dövlət rəhbəri "Bizim
bütün iqtisadi təşəbbüslərimiz və
ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılmasına yönəldilmişdir"
deyə bildirmişdir.
Prezident İlham Əliyevin 2003-cü il 15
oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar
sırasında yer alan "Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" və "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın (2004-2008-ci illər) təsdiq edilməsi
haqqında" sənədlər ölkə
iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə
yanaşı, nəticə etibarilə sosial rifah
halının getdikcə yüksəlməsinə xidmət
etmişdir.
Sonralar "Azərbaycan
Respublikasının məşğulluq strategiyası
(2006-2015-ci illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın,
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"nın, "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nın, eyni zamanda möhtərəm Prezident tərəfindən
imzalanan fərman və sərəncamların icrası
makroiqtisadi sabitliyin qorunub saxlanması və güclənməsi,
qeyri-neft sektorunun inkişaf etdirilməsi, davamlı iqtisadi
artımın təmin olunması ilə yanaşı, əhalinin
gəlir əldə etmək imkanlarının genişləndirilməsinə,
orta aylıq əmək haqqının cari ilin 1 iyul tarixinə
411 manata çatmasına, nəticə etibarilə əhalinin
həyat səviyyəsinin mütəmadi
yaxşılaşmasına səbəb olmuşdur.
Möhtərəm Prezident tərəfindən
ölkədə əməkhaqları və pensiyaların, təqaüd
və sosial müavinətlərin artırılması barədə
bu günlərdə imzalanan fərman və sərəncamlar
respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə
Prezident qayğısının növbəti bariz ifadəsi
kimi yüksək dəyərləndirilir.
Əhalinin gəlirlərində davamlı
artım dinamikası ilə yanaşı, inflyasiyanın birrəqəmli
səviyyədə saxlanılması vətəndaşların
öz gəlirlərindən daha səmərəli istifadəsinə
imkan vermişdir.
Respublikada aparılan sosial siyasətin daha
geniş spektrdə sosial məsələlərin həllini əhatə
etdiyini və bununla cəmiyyətin rifahında daha önəmli
rol oynadığını, eyni zamanda ölkədə sosial ədalətin
tam təmin olunduğunu təsdiq edən tədbirlərin
davamı kimi, sovet vaxtından qalmış əmanətlərə
bütün MDB məkanında ən qısa müddət ərzində
və ən yüksək əmsalla kompensasiya verilməsi
prosesini göstərmək olar. Eyni zamanda,
müstəqil Azərbaycanda səhiyyə, gənclər və
idman, təhsil və digər sahələrdə əldə
olunan mühüm tarixi nailiyyətlər ölkənin daim
güclənən və çevik sosial siyasət kursuna malik
olduğunu göstərir.
"Azərbaycanda heç kim
yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır" - deyə bəyan edən
dövlət başçısının bu məqsəd
naminə apardığı uğurlu siyasətin nəticəsidir
ki, yuxarıda qeyd olunduğu kimi, yoxsulluq səviyyəsi son on
ildə kəskin şəkildə azalaraq 6 faizə
enmişdir. BMT İnkişaf Proqramının 2013-cü
ilə dair "İnsan İnkişafı Hesabatı"na əsasən ölkə insan inkişafı
indeksinin orta illik artım tempinə görə MDB məkanında
ilk yerə layiq görülmüşdür. Ümumiyyətlə,
2003-2012-ci illərdə İnsan İnkişafı
İndeksinin artım sürətinə görə Azərbaycan
orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin
top-15-liyinə daxil olmuşdur. BMT
yanında İnkişaf və Artım Komissiyasının son
məruzəsinə görə 1950-ci ildən sonra yalnız
13 ölkədə belə sürətli inkişaf
müşahidə edilmişdir.
Son on ildə respublikamızın
bütün sahələrdə əldə etdiyi nailiyyətlər,
ölkəmizin sürətli tərəqqisi Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2012-ci il tarixdə Yevlax şəhərində yerli
sakinlərlə görüşü zamanı söylədiyi
"Biz özümüz üçün güclü dövlət
qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı
olmağı ilə fəxr etsin" sözlərinin
reallıqda öz təsdiqini tapdığını qeyd etməyə
əsas verir. Bu müddətdə Azərbaycan
ölkənin hər bir vətəndaşında fəxr hissi
yaradan güclü bir dövlətə çevrilmişdir.
Son 10 ildə bazar iqtisadiyyatı şəraitində
sosial ədalət prinsipinin gücləndirilməsi, mütərəqqi
beynəlxalq təcrübə əsasında əhalinin
bütün təbəqələri üçün bərabər
və əlçatan sosial təminat mexanizminin
yaradılması və təkmilləşdirilməsi, o
cümlədən onun ünvanlılığının təmin
edilməsi, aztəminatlı vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi ilə
yanaşı, bu yöndə sosial reabilitasiya əhəmiyyətli
aktiv tədbirlərin həyata keçirilməsi, sosial xidmət
sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması
mühüm prioritetlər kimi diqqətdə
saxlanılmışdır. Eyni zamanda, əhalinin səmərəli
məşğulluğunun təminatı, peşə
hazırlığı sisteminin maddi-texniki bazasının
gücləndirilməsi və onun əmək bazarının
tələblərinə uyğunlaşdırılması, əmək
potensialının inkişaf etdirilməsi, layiqli əməyin
təminatına yönələn səmərəli dövlət
nəzarətinin formalaşdırılması və s. əsas
fəaliyyət istiqamətləri olmuşdur.
2006-cı ilin ortalarından etibarən
ölkəmizdə ünvanlı dövlət sosial
yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində ünvanlı
yardım sistemi yüz minlərlə ailəni əhatə
etmişdir. Həmçinin bu mexanizm daim təkmilləşdirilmiş,
onun əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin
bu yardım növündən yararlanmaq imkanları daha da
artırılmışdır. Ünvanlı
yardımın təyin edilməsi üçün müəyyən
edilmiş ehtiyac meyarı 2006-cı ildə 30 manat olduğu
halda növbəti illərdə 3,1 dəfə
artırılaraq 2013-cü ilin əvvəlindən 93 manata
çatdırılmışdır. 2013-cü
ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904
ailənin hər birinə ayda orta hesabla 120 manata qədər
ünvanlı yardım ödənilir. Onu
da bildirim ki, bir çox ölkələrdə donorlar
hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda
məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə
verilir.
Əlbəttə, ünvanlı yardım
proqramı özlərindən asılı olmayan səbəblərdən
yoxsulluq şəraitində yaşayan ailələrin
yaşayışında mühüm rol oynayır, onları
yoxsulluğun çətinliklərindən xilas edir.
Lakin öz mahiyyəti etibarilə bu, passiv və
müvəqqəti xarakterli yardımdır və uzunmüddətli
şəkildə belə yardımların verilməsi həmin
vətəndaşlarda dövlət yardımlarından daimi
asılılıq yarada bilər.
Möhtərəm dövlət
başçısı ünvanlı yardımın aztəminatlı
vətəndaşın minimum ehtiyaclarını ödəmək
üçün olduğunu, yoxsulluqdan
çıxmağın, maddi rifah halını
yaxşılaşdırmağın yalnız səmərəli
məşğulluq vasitəsilə mümkün olduğunu
qeyd etmişdir. Ona görə də biz
sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı
ailənin məşğulluq potensialını
reallaşdırmağa, beləliklə, onun sosial
reabilitasiyasına xidmət edən aktiv tədbirlərə
xüsusi önəm verdik. Yəni mütərəqqi
dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı
ailələrin potensial imkanları müqabilində şəxsi
təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri,
beləliklə, gəlirlərini artırmaları
üçün onlara aktiv şəkildə dəstək
verilməsi, nəticədə onların dövlətin sosial
yardımından asılılığının aradan
qaldırılması və yoxsulluqdan çıxmalarına
şərait yaradılması üçün birdəfəlik
ünvanlı sosial yardım - Özünədəstək
proqramı hazırladıq. 2011-ci ilin
martında icrasına başlanılan həmin proqrama cəlb
olunmuş 271 ailənin 92 faizi reabilitasiya olunmuşdur.
Hazırda bu proqramın davamı kimi,
ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək
Fondunun yaradılması, aztəminatlı ailələrə
güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi
istiqamətində işlər aparılır.
Bu işlər müəyyən potensiala malik
yoxsul ailələrin şəxsi təsərrüfatlarını
inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı
vətəndaşın tədricən yoxsulluqdan
sahibkarlığa doğru irəliləyişinə
hesablanıb.
Yaxud ölkənin sürətli tərəqqisi,
dünya iqtisadiyyatına geniş vüsətli inteqrasiyası
milli əmək potensialının inkişaf etdirilməsini
vacib vəzifə kimi qarşıya qoyur.
Bununla bağlı olaraq, Dünya Bankı ilə birgə icra
olunan "Sosial Müdafiənin İnkişafı Layihəsi"
çərçivəsində Azərbaycan müəssisələrinin
ümumdünya bazarında rəqabətə
davamlılığını artırmaq, o cümlədən
Azərbaycanda insan resurslarının inkişafını təmin
etmək üçün 200 peşə, 100 təlim və
iş yerlərində 200 peşə üzrə qiymətləndirmə
standartının hazırlanmasına başlanmış və
beynəlxalq ekspertərin və yerli iş adamlarının
iştirakı ilə artıq 200 peşə standartı
hazırlanmışdır. Hazırda əmək
ehtiyatlarından daha dolğun istifadə etmək,
işçi qüvvəsinin keyfiyyətini və rəqabət
qabiliyyətini artırmaq məqsədilə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək
Ehtiyatlarının İnkişafı Agentliyinin
yaradılması istiqamətində işlər
aparılır.
2003-cü ildən sonra sosial təminat
sistemində yeni istiqamətlər də özünü
göstərmişdir. Bildiyiniz
kimi, ənənəvi sosial müavinətlər sistemi
mövcuddur və hazırda 310 mindən çox insana
aylıq sosial müavinət ödənilir. Bununla yanaşı, əhaliyə Prezident
qayğısının daha bir ifadəsi olaraq, bu müddətdə
Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər
göstərmiş şəxslərin sosial rifah
halının yaxşılaşdırılması məqsədilə
ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü
institutu formalaşmışdır. Bu
müddətdə Azərbaycan Respublikası Prezidentinin
müxtəlif fərman və sərəncamlarına əsasən,
35 minə yaxın insana, o cümlədən şəhid ailələrinə,
müharibə əlillərinə Prezident təqaüdləri
təyin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli qərarına əsasən
Ermənistan Respublikasının müəssisələrində
əmək xəsarəti və ya peşə xəstəliyi
nəticəsində dəymiş zərərə görə
ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə
və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti
və ya peşə xəstəliyi nəticəsində zərər
çəkənlərə, ümumilikdə 510 nəfərə
zərərə görə ödəncin əvəzinə
orta aylıq 220,5 manat olmaqla kompensasiya
verilməsi müəyyən edilmişdir.
Həmçinin 2009-cu ildən etibarən
sosial müdafiə sistemində yeni istiqamət kimi, penitensiar
müəssisələrdə cəza çəkməkdən
azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 11860 nəfərə
minimum əmək haqqının 4 misli məbləğində
birdəfəlik müavinətlər ödənilmişdir.
Minimum aylıq əməkhaqqının 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən
olunması ilə əlaqədar həmin müavinətlərin
məbləği qeyd olunan vaxtdan 420 manata
çatmışdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən
əlilliyi olan insanlara, həmçinin şəhid ailələrinə
göstərilən diqqət və qayğının
2003-cü ildən etibarən möhtərəm Prezident İlham
Əliyev tərəfindən yüksək səviyyədə
davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların
rifah halının yaxşılaşmasına xidmət edən
tədbirlərin ilbəil güclənməsinə şərait
yaratmışdır.
Prezident qayğısının ifadəsi
olaraq son on ildə bərpa-müalicə şəbəkəsinin
bölgələr üzrə genişləndirilməsi təmin
olunub. Belə ki, 2003-2013-cü illərdə
Naxçıvan, Şirvan, Lənkəran, Şəki,
Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində
regional bərpa mərkəzləri inşa etdirilərək
istifadəyə verilib. Həmçinin
sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial
reabilitasiyası işinin gücləndirilməsi məqsədilə
Bakı və Naxçıvan şəhərlərində
Uşaq Bərpa Mərkəzləri yaradılıb. Qeyd olunan müddətdə nazirliyin nəzdindəki
bərpa müəssisələrində 70 min nəfərə
yaxın əlilliyi olan şəxsə bərpa-müalicə
xidməti göstərilib. Hazırda ölkənin
bütün regionları üzrə 14 reabilitasiya mərkəzində
hər il 9 minə yaxın əlil insana bərpa-müalicə
xidməti göstərilir. Eyni zamanda, əlillərin
xarici ölkələrdə müalicəsinin təşkili
daim diqqətdə saxlanılıb.
Ümumiyyətlə, son 10 ildə Ukrayna,
Bolqarıstan və Latviya Respublikalarında 890 nəfər,
respublikanın Naftalan şəhərindəki müalicə mərkəzində
233 nəfər əlilin və sağlamlıq imkanları məhdud
uşağın bərpa müalicəsi, 7892 nəfər əlilin
müxtəlif istirahət zonalarında istirahəti təşkil
olunub, 1102 nəfərin xarici ölkələrdə, 453 nəfərin
ölkə daxilində müalicəsinə maddi kömək
göstərilib. İldönümlər və əlamətdar
hadisələrlə əlaqədar 190500 nəfərdən
çox əlil və sağlamlıq imkanları məhdud
uşağa maddi yardım verilib. Əlillərin
ümumrespublika yaradıcılıq baxış-müsabiqələri
və idman yarışlarında 4800 nəfərdən
çox əlilin və sağlamlıq imkanları məhdud
uşağın iştirakı təmin olunub. Əlillərin reabilitasiya vasitələri ilə təminatı
işləri uğurla davam etdirilir. 2003-2013-cü
illər ərzində bu sahədə müsbət dinamika
müşahidə edilmişdir. Məsələn,
2003-cü ildə əlilliyi olan şəxslər 419 əlil
arabası, 1455 protez-ortez məmulatı ilə təmin
edilmişdirsə, 2012-ci il üçün bu rəqəmlər
müvafiq olaraq 1358 ədəd və 2394 ədəd
olmuşdur.
Azərbaycanın ərazi
bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi
uğrunda döyüşlərdə fiziki
sağlamlıqlarını itirərərək əlil
olmuş vətəndaşların və şəhid ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə bu
vaxta qədər Bakı şəhərində və
respublikanın digər şəhər və rayonlarında 5
mindən çox mənzil inşa olunaraq istifadəyə
verilmişdir. Hazırda əlil və şəhid ailələri
üçün Bərdə, Xaçmaz, Qax və
Şamaxı rayonlarının hər birində 1 ədəd
4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər,
İmişli, Beyləqan və Ağdam rayonlarının hər
birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli
yaşayış binaları inşa olunur və həmin
binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə
tutulur. Eyni zamanda, hazırda Bakının Nərimonov
rayonunda gözdən əlillər üçün 12 mərtəbəli
132 mənzilli yaşayış binası inşa edilir.
İmtiyazlı əlillərin minik
avtomobilləri ilə təminatı işləri də son on
ildə xeyli güclənmişdir. Belə ki, bu müddətdə 2800-dən çox
minik avtomobili əlillərə təqdim edilmiş,
ümumilikdə indiyədək 3800-dən çox əlilə
dövlət hesabına minik avtomobili verilmişdir.
Möhtərəm Prezident tərəfindən
təsdiqlənən "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na uyğun olaraq, 2011-ci ildə Zabrat qəsəbəsində
Gözdən əlillər üçün Tədris Bərpa
Mərkəzinin, yetkinlik yaşına çatmayanlar
üçün 50 yerlik
İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzinin
və Sosial Sığınacağın inşasına
başlanmışdır. Həmçinin Bilgəh Müharibə
və əmək əlilləri üçün pansionatın
əsaslı təmiri və pansionat üçün 5 mərtəbəli
170 yerlik ikinci korpusun tikintisi başa çatmış, Ramana
qəsəbəsində Gənc Əlillərin Əmək və
İstirahət evində əsaslı təmir və yenidənqurma
işləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzində
əsaslı təmir işləri davam etdirilir. Qeyd edək ki, 2013-cü ildə həmin obyektlərin
istifadəyə verilməsi planlaşdırılır.
Möhtərəm Prezident İlham
Əliyevin sosial firavanlığın təmin olunmasına
xidmət edən siyasətində əhalinin səmərəli
məşğulluğunun təminatı xüsusi yer tutur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamları ilə təsdiqlənən və iki mərhələni
- 2007-2010-cu və 2011-2015-ci illəri əhatə edən Məşğulluq
Strategiyalarının həyata keçirilməsi üzrə
dövlət proqramları bu sahədə mühüm irəliləyişə
şərait yaratmışdır. Həmin
proqramlar mahiyyət etibarı ilə dövlət məşğulluq
siyasətinin mərhələli şəkildə həyata
keçirilməsinə istiqamətlənmişdir.
İlk mərhələdə məşğulluq sahəsində
beynəlxalq hüquq normalarına uyğun olaraq milli
qanunvericilik bazası təkmilləşdirilmiş, məşğulluq
siyasətinin həyata keçirilməsi üzrə iqtisadi
mühitin və regional əmək bazarlarının
inkişafı, yeni iş yerlərinin açılması, əhalinin
səmərəli məşğulluğunun təmin edilməsi
işləri aparılmışdır. Növbəti mərhələ
isə əmək bazarında işçi qüvvəsinin
keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi,
işaxtaran və işsiz vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi, layiqlı əməyin
tətbiqi sahəsinin genişlənməsi və s. hədəfləri
əhatə etmişdir. Hazırda 2011-2015-ci illəri
əhatə edən proqramın icrası işləri davam
etdirilir.
Bu sahədə aparılan məqsədyönlü
dövlət siyasəti ölkənin əmək bazarında
gərginliyin aradan qalxmasına səbəb olmuşdur və
bu gün işsizlik heç də kəskin bir problem kimi diqqəti
cəlb etmir. Hətta qlobal böhran şəraitində
inkişaf etmiş ölkələrdə iş yerlərinin
kütləvi ixtisarı, işsizliyin artımı baş
verdiyi halda, Azərbaycanda yeni açılan iş yerlərinin
sayı artmaqda davam etmiş, işsizlik səviyyəsi, qeyd
etdiyim kimi, 5 faizə enmişdir.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti də ölkədə əhalinin səmərəli
məşğulluğunun təminatına öz töhfəsini
verməyə çalışmışdır.
2003-2013-ci illər ərzində Dövlət Məşğulluq
Xidməti orqanları tərəfindən 270 min nəfərədək
işsiz və işaxtaran vətəndaş münasib işlə
təmin edilmiş, 30 mindən çox insan peşə
hazırlığı kurslarına cəlb olunmuşdur.
2011-ci ildə isə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Əmək Müfəttişliyi Xidməti
yaradılmışdır ki, bununla da əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti
həyata keçirən orqanın statusu
artırılmışdır. Xidmətin əmək
müfəttişliyi sahəsində beynəlxalq əlaqələri
də daim genişlənir. Son illərdə
ölkəmiz əməyin mühafizəsi sahəsində
dünyəvi təşəbbüslərə
qoşulmuş, Əmək Müfəttişliklərinin Beynəlxalq
Assosiasiyasına və Əmək Müfəttişliklərinin
Regional Alyansına üzv olmuş, bu Alyansa sədrlik
etmişdir. Bunlar nəticə etibarilə
ölkədə əməyin mühafizəsinin gücləndirilməsi
işlərinə müsbət təsirini göstərmişdir.
Xüsusən də möhtərəm
Prezident İlham Əliyevin ölkənin əmək
bazarına daha güclü nəzarət olunması, qeyri-leqal
məşğulluq hallarının aradan
qaldırılması barədə
tapşırığına uyğun olaraq, aidiyyatı
dövlət qurumları və sosial tərəfdaşlarla
birgə qeyri-leqal məşğulluğun aradan
qaldırılması istiqamətində ciddi tədbirlər
görülmüşdür.
Ümumilikdə son on il ərzində digər aidiyyatı
dövlət orqanları ilə birgə görülən tədbirlər
nəticəsində əmək müqaviləsi bağlanmadan
işlərin və xidmətlərin yerinə yetirilməsinə
cəlb olunmuş 280 min nəfərdən çox vətəndaşla
əmək müqaviləsinin bağlanması, bununla da əmək
fəaliyyəti leqallaşmış işçilərin əmək
hüquqları, həmçinin dövlət büdcəsinə
ümumilikdə 340 milyon manata yaxın məbləğdə
məcburi ayırmaların ödənilməsi təmin
edilmişdir. Bu müddətdə işdən qeyri-qanuni azad
olunmuş 800 nəfərdən çox işçi öz
işinə bərpa etdirilmiş, işəgötürənlərin
işçilərə əmək haqqı, zərərə
görə ödənc və sosial müavinətlər
üzrə 17 milyon manatdan artıq məbləğdə
borcunun ödətdirilməsi təmin edilmişdir.
Ötən müddətdə sosial sahə
ilə əlaqədar yeni qanun layihələrinin, normativ
hüquqi aktların işlənib hazırlanması, sosial
müdafiə tədbirləri ilə bağlı monitorinqlərin
həyata keçirilməsi, aktiv sosial müdafiə tədbirlərinə,
həmçinin Özünədəstək-Birdəfəlik
ünvanlı yardım proqramına cəlb olunan ailələrin
seçilməsi və digər istiqamətlərdə
İctimai Şurada təmsil olunan vətəndaş cəmiyyəti
institutları ilə birgə mühüm işlər
görülmüşdür. İctimai təşkilatlarla
birgə işlərin görülməsi artıq ənənəvi
xarakter almışdır.
Azərbaycan Respublikası Prezidentinin
"Sağlamlıq imkanları məhdud uşaqlara və
sosial təhlükəli vəziyyətdə olan yetkinlik
yaşına çatmayanlara sosial xidmət göstərilməsi
sahəsində əlavə tədbirlər haqqında" 9
yanvar 2013-cü il tarixli Sərəncamı uşaqların
müdafiəsinə, onların sağlamlığının
və firavan gələcəyinin təminatına ölkə
rəhbəri tərəfindən göstərilən
qayğının növbəti təzahürü olmaqla, eyni
zamanda sosial xidmətlər sahəsində vətəndaş
cəmiyyətləri ilə əməkdaşlığın
daha sistemli və dolğun şəkildə qurulması
üçün mühüm bir stimul olmuşdur.
Məlum
olduğu kimi, istər milli qanunvericilikdə, istərsə də
ölkəmizin uşaqların hüquqları ilə
bağlı qoşulduğu müvafiq beynəlxalq sənədlərdə
- BMT-nin "Uşaq hüquqları haqqında",
"Əlillərin hüquqları haqqında"
Konvensiyalarında, Avropa Şurasının "Əlillik
üzrə 2006-2015-ci illər üzrə Fəaliyyət
Planı"nda, Dəyişdirilmiş Avropa Sosial
Xartiyasında və s. risk qrupunda olan uşaqların müstəqil
həyat bacarıqlarının inkişaf etdirilməsi
üçün müasir sosial reabilitasiya metodları ilə əhatə
olunması, fərdi ehtiyaclara əsaslanan sosial xidmətlərin
təmin edilməsi və bu istiqamətdə vətəndaş
cəmiyyətləri ilə səmərəli
əməkdaşlığın həyata keçirilməsi
mühüm bir vəzifə kimi qarşıya qoyulur. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ
2008-ci ildən bu istiqamətdə müvafiq işlərə
başlamışdır və ölkədə
ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin
iştirakı ilə əqli geriliyi olan uşaqlar
üçün səyyar və icma əsaslı reabilitasiya
xidmətləri üzrə layihələrə
başlanmış və həmin layihələrin müsbət
nəticələri olmuşdur.
Sərəncamın
yüksək səviyyədə icrası və ən
başlıcası Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan ayrılan vəsaitin sağlamlıq imkanları
məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanlara göstərilən
sosial xidmətlərdə nəzərə çarpan keyfiyyət yüksəlişinə
səbəb olmaqla səmərəli xərclənməsi
nazirlik üçün prioritet vəzifəyə
çevrilmişdir. Bu sahədə ixtisaslaşmış
qeyri-hökumət qurumlarının daha geniş şəkildə
iştirakına şərait yaradılmaqla onların müsbət
xidmət təcrübəsindən maksimum istifadə olunması
diqqətdə saxlanılır.
Qeyd
olunan işlər çərçivəsində 3 rayonda
sağlamlıq imkanları məhdud uşaqlar
üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri,
8 rayonda sözügedən şəxslərin sosial xidmətlərə
çıxışının təmin olunması
üçün günərzi qayğı mərkəzləri,
1 şəhərdə isə məişət
zorakılığına məruz qalmış
uşaqların reabilitasiyası üçün mərkəz
yaradılıb. Həmçinin 10 rayonda belə
uşaqlar üçün səyyar reabilitasiya xidmətlərinə,
4 rayonda 7 yaşadək uşaqlar arasında əlilliyin
qarşısının alınması və sağlamlıq
imkanları məhdud uşaqların Portec metodikası üzrə
sosial reabilitasiyası işlərinə
başlanmışdır.
Bununla
yanaşı, yetkinlik yaşına çatmayanların
baxımsızlığının profilaktikası,
baxımsız və hüquq pozuntusu törədən
uşaqların, həmçinin sosial təhlükəli vəziyyətdə
olan kimsəsiz uşaqların sosial reabilitasiyası, penitensiar
və xüsusi müəssisələrdən azad olunmuş
uşaqların
sosial adaptasiyası məqsədilə də müvafiq layihələr
icra olunur. Göstərilən xidmətlər 30-dək rayon
üzrə ümumilikdə 1500 nəfər uşağı və
onların ailələrini əhatə edir.
Qazanılan
nailiyyətlər daha böyük uğurların əldə
olunacağına inamlı təminat yaradır. Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi yeni hədəflər
- Azərbaycanın inkişaf etmiş ölkələrin
sırasına qoşulması və 2018-ci ilədək
bütün sosial problemlərin həllinə nail olunması
kimi məqsədlər də şübhəsiz ki, tam
gerçəkləşəcək. Heydər Əliyev
siyasi kursunun alternativsizliyi və Prezident İlham Əliyevin fəaliyyətinə
xalqın birmənalı dəstəyi mövcud iqtidarın
qarşısında dayanan bütün vəzifələrin
qısa müddətdə reallaşmasına əsaslı zəmindir.
Fizuli
ƏLƏKBƏROV,
əmək və əhalinin sosial müdafiəsi
naziri
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 9.