Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
STRATEGİYASI
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikası hazırda regionda neft və qaz hasil edən mühüm
ölkəyə çevrilmişdir. Zəngin neft və qaz yataqları bundan sonra da Azərbaycanın
maraqlarını təmin edəcək və ölkənin ixrac potensialı üçün
şərait yaradacaqdır. Ölkəmizin müxtəlif sahələrdəki
uğurları ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi neft
strategiyasının nəticəsidir. Xəzər
dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində
neft və qazın hasilatı və enerji resurslarının nəqli dəniz sektorunda effektiv təhlükəsizlik
sisteminin yaradılmasını tələb
edir. Ölkənin milli
maraqlarına təhdidlərin
qarşısının alınması yalnız insan həyatını qoruyan, infrastruktur vasitələrini
mühafizə edən, terror aktı və
ya silahlı təcavüzdən irəli
gələn ziyanı minimuma endirməyə
və onların fəsadlarını qısa müddət ərzində
aradan qaldırmağa yönəldilən
birgə səylərlə təmin edilə bilər. Bu, dənizdə
təhlükəsizliyi təmin etmək məqsədi ilə
cəlb olunmuş aidiyyəti dövlət
və qeyri-dövlət qurumlarının struktur
vahidlərindən və onların tam
potensialından səmərəli istifadəni, təhdidlərə
qarşı vahid dövlət
yanaşmasının işlənib
hazırlanmasını, habelə bütün
qurumlararası proqramların birləşdirilməsini və əlaqələndirilməsini
tələb edir. Dəniz təhlükəsizliyinin
real təmin olunmasına dövlətlə
aidiyyəti milli və beynəlxalq
qurumların birgə səylərinin artırılması yolu ilə nail oluna bilər.
1.2. XXI əsrdə
ölkəmizin təhlükəsizliyinə əsas təhdid
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunda və onun ətrafında
baş verən münaqişənin mövcudluğudur. Azərbaycan ərazisinin 20
faizi işğal
altındadır və milli müdafiə
ehtiyatlarının əksər hissəsi münaqişənin
həlli üçün sərf olunur. Eyni zamanda,
Azərbaycanın iqtisadi və enerji təhlükəsizliyi, əsasən, dəniz
təhlükəsizliyinin təmin olunması və xüsusilə
dənizdə enerji infrastrukturunun
mühafizəsi ilə əlaqədardır. Bu
baxımdan dəniz təhlükəsizliyi Azərbaycan üçün vacib əhəmiyyət
kəsb edir.
1.3. Azərbaycan Respublikasının Xəzər
dənizi regionunda milli
maraqları aşağıdakılardan ibarətdir:
1.3.1. dənizdə
sülh şəraitinin təmin
olunması və dənizdən qanunvericilik
çərçivəsində istifadə;
1.3.2. Xəzər
dənizinin Azərbaycan Respublikasına mənsub hissəsindən
və oradakı sərvətlərdən dövlətin
istifadə imkanları;
1.3.3. dənizdə
Azərbaycan Respublikasının əleyhinə yönəlmiş
hər hansı diskriminasiya aktının
qarşısının alınması;
1.3.4. Xəzər
dənizinin sərvətlərindən istifadəyə və
onların tədqiqinə aid olan beynəlxalq hüquqi
problemlərin əlverişli şəkildə tənzimlənməsi;
1.3.5. sosial-iqtisadi inkişaf məqsədi
ilə Xəzər dənizinin təbii sərvətlərindən
məqsədyönlü istifadə olunması və
onların inkişaf etdirilməsi;
1.3.6. dənizdə
effektiv nəqliyyat şəbəkəsinin
yaradılması, bu şəbəkəyə
nəzarət və onun təhlükəsizliyinin
təmin olunması.
1.4. Dənizdə
mövcud olan təhdidlər
Azərbaycan Respublikasının milli
maraqlarına ciddi ziyan
vura bilər. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il
8 iyun tarixli 1029-IIIQR
nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Hərbi
doktrinası"nı (bundan sonra - Hərbi Doktrina) və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli 2198 nömrəli
sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının milli
təhlükəsizlik konsepsiyası"nı (bundan sonra - Milli Təhlükəsizlik
Konsepsiyası) rəhbər tutub, Azərbaycan
Respublikası suveren dövlət kimi öz
maraqlarını qorumaq hüququndan
istifadə edəcəkdir.
2. Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyasının məqsəd və prinsipləri
2.1. Məqsəd.
Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi
strategiyasının (bundan sonra
- Dəniz Təhlükəsizliyi Strategiyası) məqsədi
Azərbaycan Respublikasının milli təhlükəsizliyi
və milli maraqları əleyhinə
yönəlmiş, dənizdə mövcud
olan və gələcəkdə ehtimal olunan təhdidlərin
qarşısının alınması üçün
bütün səyləri birləşdirməkdən
ibarətdir. Dəniz Təhlükəsizliyi Strategiyası dənizdə
təhdidlərə qarşı zəruri və effektiv tədbirlərin həyata keçirilməsi
məqsədi ilə müvafiq
qurumların vəzifə və məsuliyyətlərini
müəyyən edir. Dənizdə
mövcud olan və ehtimal olunan təhdidlərə
qarşı effektiv mübarizə fəaliyyətinin
təmin edilməsi və dənizdəki vəziyyətdən
müfəssəl şəkildə xəbərdar olmaq məqsədi ilə bütün
səylərin birləşdirilməsi strategiyası bu sənəddə öz
əksini tapmışdır. Dəniz təhlükəsizliyi
strategiyası ölkənin dənizdəki milli
təhlükəsizlik aspektlərini, Azərbaycan
Respublikasının ərazi bütövlüyü,
suverenliyi və milli
maraqlarının hər bir təhdid və
təhlükədən müdafiəsi məsələlərini
özündə ehtiva edir.
Bu məqsədə nail
olmaq üçün
Dəniz Təhlükəsizliyi Strategiyası 3.4-cü bənddə
göstərilən təhdidlərin təhlilini və qiymətləndirilməsini
təmin edir.
2.2. Prinsiplər.
Dəniz Təhlükəsizliyi Strategiyası
aşağıdakı prinsiplər əsasında
formalaşır:
2.2.1.
beynəlxalq hüququn norma
və prinsiplərinə, o cümlədən
BMT Nizamnaməsində təsbit olunmuş
prinsiplərə, xüsusilə müstəqillik, suverenlik, ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı prinsiplərinə
hörmət, bir-birilərinin daxili
işlərinə qarışmamaq və dövlətlərin
əməkdaşlığı;
2.2.2. Dəniz
Təhlükəsizliyi Strategiyası məsələlərində
müvafiq dövlət orqanlarının
qarşılıqlı fəaliyyəti;
2.2.3. Xəzər
dənizindən sülh məqsədi ilə
istifadə;
2.2.4. Xəzər
dənizində Azərbaycan Respublikasının siyasi və iqtisadi
maraqlarının təmin olunması;
2.2.5. Xəzər
dənizində Azərbaycan Respublikasının dövlət
Bayrağı altında üzən gəmilərə dövlət
nəzarətinin həyata keçirilməsi.
3. Dəniz təhlükəsizliyi
mühiti
3.1. Dəniz təhlükəsizliyi
mühitinə təsir göstərən amillər. Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi mühitini aşağıda göstərilən
mühüm amillər müəyyənləşdirir:
3.1.1. Xəzər
dənizinin statusunun müəyyən
edilməsinə dair hövzə dövlətləri
arasında ümumi
razılığın əldə olunmaması;
3.1.2. dənizdə
neft və qaz
istehsalı vasitələrinin inkişafı yüksək dəyərli
neft platformaları, sualtı neft və qaz boru kəmərləri və terminalların
istismarı ilə bağlıdır. Bu
obyektlərdə terror-təxribat aktlarının və digər
cinayətlərin törədilməsi yolu
ilə Azərbaycana geniş miqyasda iqtisadi və ekoloji ziyan vurulması
ehtimalı;
3.1.3. Xəzəryanı
dövlətlərin dənizdə öz
hərbi potensialını genişləndirmək sahəsində
səylərinin artması;
3.1.4. Xəzəryanı
dövlətlərin iqtisadi
inkişafının nəticəsi kimi, Xəzər
dənizində üzmə vasitələrinin sayının
artması ilə əlaqədar hərəkətin intensivləşməsi;
3.1.5. Xəzər
dənizinin Azərbaycana mənsub hissəsinin mövcud
müşahidə və nəzarət sistemi
ilə tam əhatə olunmaması;
3.1.6. dəniz
məkanında qurumlar arasında çevik və intensiv məlumat
mübadiləsinin olmaması;
3.1.7. geniş sahilyanı ərazinin, limanların su sahələrinin və onların infrastrukturunun potensial təxribatçı
qrupların bu ərazilərə
keçməsi üçün zəif nəzarət
olunan yerlər əmələ gətirməsi;
3.1.8. Azərbaycan
Respublikasının ərazilərində yerləşən
limanların (liman məntəqələrinin)
hamısında "Gəmi və liman
vasitələrinin mühafizəsi haqqında" Beynəlxalq
Məcəllənin tələblərinin tətbiq edilməsinin
zəruriliyi.
3.2. Enerji təhlükəsizliyi. Dənizdə enerji təhlükəsizliyi Azərbaycanın
milli təhlükəsizliyinin mühüm tərkib
hissəsidir. Dünyanın enerjiyə artan
tələbatının təmin olunmasında, enerji ehtiyatlarının hasilatı və nəqlində
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsi vacib yer tutur. Azərbaycanın
dənizdəki neft-qaz yataqlarından, eləcə
də Qazaxıstandan və Türkmənistandan enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqli, gələcəkdə
isə Orta Asiya
qazının Trans-Xəzər qaz kəməri
vasitəsilə nəqli perspektivləri Xəzər regionu, xüsusilə də Azərbaycan
Respublikası üçün dəniz təhlükəsizliyinin
əhəmiyyətini artırır.
3.3. Dəniz təhlükəsizliyi
mühitinə təhdidlər. Hərbi
Doktrinanın və Milli Təhlükəsizlik
Konsepsiyasının müddəalarına əsasən, Azərbaycan
Respublikasının milli təhlükəsizliyinə
dənizdən olan təhdidlər onun ərazi bütövlüyünə və
suverenliyinə qarşı dənizdən yönəlmiş
istənilən təcavüzkar hərəkətlər, terror aktları və
kütləvi qırğın silahlarından istifadə, regional münaqişələr və
onların yayılması, transmilli
qaçaqmalçılıq və qeyri-qanuni
ticarət, mütəşəkkil cinayətkarlıq, enerji infrastrukturlarına qarşı hərəkətlər,
regional silahlanma və
ekoloji problemlərdir.
3.3.1. Əsas xarici təhdidlər:
3.3.1.1 Xəzəryanı
dövlətlərin hərbi-dəniz imkanlarının
artması. Qüvvələr və döyüş
imkanları balansının Azərbaycan Respublikasının
xeyrinə olmayan şəkildə dəyişməsi;
3.3.1.2 Azərbaycanın
daxili işlərinə xaricdən istənilən
potensial müdaxilə, təbii
ehtiyatlarına və dəniz kommunikasiya xətlərinə
çıxış və istifadə imkanlarının məhdudlaşması;
3.3.1.3 Azərbaycan
Respublikasına qarşı dənizdə ərazi
iddiaları;
3.3.1.4 dövlətlərarası
münaqişələr, dənizdə döyüş
əməliyyatları və onların genişlənməsinin
mümkünlüyü;
3.3.1.5 Azərbaycan
Respublikasının dəniz sərhəd rejiminin
pozulması, dəniz-sərhəd mübahisələrinin gərginləşməsi;
3.3.1.6 Xəzər dənizinin Azərbaycana
mənsub ərazi sularında təbii sərvətlərdən
qeyri-qanuni istifadə;
3.3.1.7 müxtəlif
ölkələrin hərbi-siyasi ambisiyaları kontekstində
nüvə və digər kütləvi qırğın
silahlarının, onların komponentlərinin və nəqli
vasitələrinin, müasir hərbi
texnologiyaların dənizdə qanunsuz
yayılması;
3.3.1.8 terrorçu təşkilatlarının,
dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti;
3.3.1.9 qonşu
dövlətlər tərəfindən silahların qanunsuz yayılması üzrə beynəlxalq
müqavilə və sazişlərin birtərəfli şəkildə
pozulması.
3.3.2. Əsas daxili təhdidlər (terrorçuluq,
digər cinayətlər, transmilli cinayətkarlıq):
3.3.2.1 terrorçu qrupların niyyətləri
kontekstində nüvə və digər kütləvi
qırğın silahlarının, onların komponentlərinin
və nəqli vasitələrinin, müasir
hərbi texnologiyaların dənizdə qanunsuz
yayılması;
3.3.2.2 terror təşkilatlarının,
dəniz quldurlarının və digər cinayətkar qrupların fəaliyyəti;
3.3.2.3 dənizdə
qeyri-qanuni daşımalar,
qaçaqmalçılıq və insan alveri;
3.3.2.4 qeyri-qanuni balıq ovu və
sərvətlərdən qeyri-qanuni istifadə;
3.3.2.5 dəniz
mühitinin qurudan, nəqliyyat
vasitələrindən və dənizdə
quraşdırılmış qurğulardan
çirkləndirilməsi.
3.3.3. Fəlakətlər
nəticəsində yaranan təhdidlər
(təbii, sənaye, ətraf mühitlə bağlı):
3.3.3.1 təbii
fəlakətlər (zəlzələ və başqa
seysmik hadisələr, tufanlar
və ya digər meteoroloji
təhlükələr);
3.3.3.2 texnogen qəzalar (sərnişin və ya ticarət gəmiçiliyi sahəsində
bədbəxt hadisə və fəlakətlər, sənaye tipli fəlakətlər).
3.4. Təhdid və
risklərin qiymətləndirilməsi. Təhdidlərin fəsadları
və ehtimal dərəcələrinə
müvafiq olaraq
(yüksək, orta, aşağı) onların sıralanması tələb
olunur. Prioritetlər ətraflı təhlil
nəticəsində müəyyən edilmişdir.
Prioritetlərin təyini dəniz təhlükəsizliyi sahəsində
müvafiq vəzifələrin yerinə
yetirilməsində imkanların artırılması üçün ehtiyatların müəyyənləşdirilərək
ayrılmasına yardım edir. Bu cür təhlilin nəticələri
cədvəl formasında göstərilmişdir (Əlavə
1). Belə yanaşma yeni
imkanların yaranması və mövcud
imkanların artırılması istiqamətində tədbirlərin
həyata keçirilməsinə və əlavə
ehtiyatların ayrılmasına şərait yaradır.
4. Dəniz təhlükəsizliyinə
məsul qurumlar, vəzifələr və
cavabdehlik
4.1. Qurumlar. Azərbaycan Respublikasının dəniz
təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar
aşağıdakılardır:
4.1.1. Müdafiə
Nazirliyinin Hərbi Dəniz Qüvvələri,
Hərbi Hava Qüvvələrinin dəstəyi
ilə;
4.1.2. Dövlət
Sərhəd Xidmətinin Sahil Mühafizəsi,
Aviasiya Dəstəsinin dəstəyi ilə;
4.1.3. Fövqəladə
Hallar Nazirliyi;
4.1.4. Milli Təhlükəsizlik Nazirliyi;
4.1.5. Dövlət
Dəniz Administrasiyası;
4.1.6. Xəzər
Dəniz Gəmiçiliyi;
4.1.7. Dövlət
Neft Şirkəti və digər neft şirkətləri;
4.1.8. Dövlət
Gömrük Komitəsi;
4.1.9. Dövlət
Miqrasiya Xidməti;
4.1.10. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
4.1.11. Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı.
4.1.12. Daxili İşlər Nazirliyinin
Nəqliyyatda Baş Polis
İdarəsi, digər əlaqədar qurumların (Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsi, Baş
Narkotiklərlə Mübarizə İdarəsi, Baş Cinayət Axtarış İdarəsi, ərazi
polis orqanları və sair)
dəstəyi ilə.
4.2. Vəzifələr.
Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin
təmin edilməsi üçün əsas
vəzifələr aşağıdakılardır:
4.2.1. ərazi bütövlüyünün və suverenliyin qorunması;
4.2.2. terrorçuluqla mübarizə;
4.2.3. dənizdə
hərbi balansın saxlanılması məqsədi ilə zəruri
tədbirlərin həyata keçirilməsi;
4.2.4. dənizdə
enerji infrastrukturunun
mühafizəsi;
4.2.5. dənizdə
dövlət sərhədinin mühafizəsi və sərhəd
nəzarətinin həyata keçirilməsi;
4.2.6.
limanların infrastrukturunun mühafizəsi;
4.2.7. minalar əleyhinə müdafiə fəaliyyətinin
həyata keçirilməsi;
4.2.8. dənizdə
məlumatların toplanması və təhlili;
4.2.9. naviqasiya, hidroqrafiya və hidrometeoroloji təminatın həyata
keçirilməsi;
4.2.10. dənizdə
hüquq-mühafizə fəaliyyəti (üzmə rejiminə
riayət, narkotik vasitələrin qeyri-qanuni daşınması, insan
alveri və qeyri-qanuni
miqrasiya, kütləvi qırğın
silahlarının yayılması və digər cinayətkar fəaliyyətə
qarşı mübarizə);
4.2.11.
axtarış və xilasetmə fəaliyyəti;
4.2.12. dənizdə suüstü
və sualtı müşahidənin aparılması;
4.2.13. ətraf mühitin
mühafizəsi;
4.2.14. təbii və texnogen
xarakterli fəlakətlərin, qəzaların
nəticələrinin aradan
qaldırılması;
4.2.15. Azərbaycan
Respublikasının ərazi sularında dənizdə üzmənin təhlükəsizliyinin təmin
olunması;
4.2.16. Azərbaycan
Respublikası donanmasının səfərbərlik
hazırlığının təmin edilməsi.
4.3. Cavabdehlik. Bu
Strategiyanın 4.1-ci bəndində göstərilən hər
bir qurum onun üçün müəyyən
olunmuş vəzifələrin yerinə
yetirilməsinə cavabdehdir. Vəzifələrin
yerinə yetirilməsi məqsədi ilə qurumlar
üçün əsas və dəstək
tipli cavabdehlik müəyyən
edilmişdir (Əlavə 2).
5. Dənizdə
əlaqələndirmə və qarşılıqlı fəaliyyət
5.1. İnformasiya mübadiləsinin rolu. Azərbaycan
Respublikasının müxtəlif dövlət
qurumlarının öz
qarşılarında duran vəzifələrə
müvafiq olaraq effektiv fəaliyyət göstərmələri
üçün dənizdəki vəziyyət
barədə lazımi informasiyanın vaxtında əldə
olunması, mübadiləsi, məlumatların təhlili
və işlənməsi dəniz məkanının təhlükəsizliyi
üçün olduqca
mühümdür. Bu cür
informasiya planlaşdırma, tələbatın
müəyyən olunması, ehtiyatların ayrılmasında prioritet istiqamətlərin müəyyən
edilməsi, təhdidlərin neytrallaşdırılması və
təhlükəsizliyin təmin olunması üzrə fəaliyyətin
həyata keçirilməsi zamanı bütün
səviyyələrdə praktik qərarların
qəbul edilməsi üçün əsasdır.
5.1.1.
İnformasiya təminatı sisteminin yaradılması.
Qarşılıqlı məlumat mübadiləsi üçün bu
Strategiyanın 2-ci Əlavəsində göstərilən hər
bir əsas qurumda məlumat
bazası yaradılır və qüvvələrin ehtimal olunan təhdidlərin
qarşısını vaxtında və effektiv
alması məqsədi ilə dəniz şəraiti haqqında müvafiq məlumatlar aidiyyəti qurumların
məlumat bazasına çatdırılır. Hər bir qurum
yaradılmış məlumat bazalarından səlahiyyətləri
çərçivəsində yararlana
bilər. Silahlı münaqişə və
müharibə təhlükəsi zamanı dənizdə xüsusi üzmə rejiminin
tətbiq edilməsi məqsədi ilə, dəniz şəraiti
haqqında məlumatları aidiyyəti qurumlar
mütəmadi olaraq Hərbi Dəniz
Qüvvələrinin məlumat bazasına ötürürlər.
5.2. Xüsusi üzmə rejimi.
Silahlı münaqişə və müharibə təhlükəsi
zamanı dənizdə gəmilərin üzmə təhlükəsizliyinin
və iqtisadi fəaliyyətin təmini üçün Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi
xüsusi üzmə rejimi
tətbiq edir.
5.3. Dövlətdaxili
qarşılıqlı fəaliyyət. Bu
Strategiyanın 4.1-ci bəndində göstərilmiş
qurumların dənizdə müvafiq vəzifələri
və hüquqları vardır və onlar
dəniz təhlükəsizliyi sistemi
elementlərinin fəaliyyətinə cavabdehdirlər. Bu cür mürəkkəb
elementlərin fəaliyyətinin cəmləşdirilməsi və
inteqrasiyası üçün vəzifələrin
və cavabdehliyin tam
aydın şəkildə bölüşdürülməsi
tələb olunur. Dəniz
təhlükəsizliyi əməliyyatlarına əsas güc qurumları olan
Müdafiə Nazirliyinin Hərbi Dəniz
Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, Daxili
İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi,
Fövqəladə Hallar Nazirliyi
və Milli Təhlükəsizlik Nazirliyinin qüvvə və vasitələri
cəlb olunur. Eyni zamanda bu nazirliklərin kəşfiyyat,
aviasiya, gəmi, xüsusi
təyinatlı qüvvə və imkanlarından, eləcə
də onların quru qoşun
bölmələrindən, sahilyanı və dəstək xidmətlərindən
də istifadə olunur.
5.3.1. Dövlət
qurumları arasında qarşılıqlı fəaliyyət.
Səmərəli idarəetmənin təmin edilməsi üçün müxtəlif qurumların
ayırdığı ehtiyatların birgə peşəkar
planlaşdırılması təşkil olunmalıdır. Bu Strategiyanın 2-ci Əlavəsinə müvafiq olaraq, hər bir vəzifə
üzrə əvvəlcədən əsas və dəstək
qurumlarının iştirakı ilə əməliyyat
planları hazırlanmalıdır. Nazirlik və təşkilatlar
əldə olunmuş təcrübənin
mübadiləsi, qabaqcıl təcrübənin şəxsi
heyətin təlim-tədrisində və digər sahələrdə
tətbiqi, əməliyyat planlarının təkmilləşdirilməsi
və yeniləşdirilməsi, o cümlədən
hüquq-mühafizə fəaliyyəti sahəsində səylərin
birləşdirilməsi üçün birgə təlim və məşqlər
planlaşdırmalı və keçirməlidirlər.
5.3.2. Dənizdə
qarşılıqlı əməkdaşlıq üçün komanda və
nəzarət. Dənizdə baş verə
biləcək böhran vəziyyətində,
təhdidin xarakterindən asılı olaraq,
bu Strategiyanın 2-ci Əlavəsində
göstərilən əsas qurum öz komanda məntəqəsində
idarəetmə funksiyalarını üzərinə götürür. Dəstək qurumları
tapşırıqları yerinə yetirmək üçün
əsas quruma təsdiq edilmiş
planlar əsasında qüvvələri
ayırmalı və onların hazırlığı üçün tədbir görməlidirlər.
Ayrılmış qüvvələr
tapşırığın yerinə yetirilməsi zamanı əsas
qurumun əməliyyat tabeliyinə verilir.
5.3.3. Vahid əlaqələndirmə
prosedurunun yaradılması. Dəniz təhlükəsizliyinə
nail olmaq məqsədi
ilə dənizdə müxtəlif vəzifələrdən
irəli gələn tapşırıqların yerinə
yetirilməsinə effektiv şəkildə
nəzarət etmək üçün vahid əlaqələndirmə proseduru
yaradılmalıdır. Dəniz Təhlükəsizliyi
Strategiyası real təhlükə vəziyyətlərinin
qarşısının alınması və ya
onların təsirinin zəiflədilməsi məqsədi ilə
fəaliyyətlərin təşkilati və hüquqi
baxımdan mümkün dərəcədə
struktur vahidləri səviyyəsində həyata
keçirilməsini nəzərdə tutur.
Dəniz Təhlükəsizliyi
Strategiyasının effektiv olması üçün dövlət və digər
qurumların əlaqələndirilmiş iştirakı, o cümlədən Xəzər dənizinin Azərbaycana
mənsub olan hissəsində fəaliyyət
göstərən xarici şirkətlərlə
əlaqələndirilmənin tənzimlənməsi tələb
olunur. Bu səbəbdən
Dəniz Təhlükəsizliyi Strategiyası dəniz sahəsində
də vahid əlaqələndirmə prosedurunun yaradılmasını tövsiyə
edir.
5.4. Dövlət
və qeyri-dövlət qurumlarının
qarşılıqlı fəaliyyəti. Dənizdə təhlükələrin
reallaşmasının qarşısının alınması
üçün dövlət və
qeyri-dövlət qurumları arasında sıx əməkdaşlıq
inkişaf etdirilməli, birgə səylər
genişləndirilməlidir. Dövlət və qeyri-dövlət
qurumları arasında mühafizə sahəsində milli və beynəlxalq səviyyədə
müfəssəl əlaqələndirmə dəniz təhlükəsizliyinə
töhfə verə bilər. Qeyri-dövlət
qurumları onlara məxsus olan
dəniz nəqliyyatı vasitələrində və obyektlərdə
cinayətlərin profilaktikasının,
qarşısının alınmasının və
açılmasının təmini üzrə aidiyyəti
dövlət qurumlarına hərtərəfli yardım
göstərirlər.
5.4.1. Kommersiya təcrübəsində
təhlükəsizlik meyarları. Kommersiya
qurumları təhlükələrə həssas sahələri
azaltmaq üçün
öz tədbirlərini həyata keçirir və bununla da dənizdə ticarətin sərbəstliyinin
və təhlükəsizliyinin təmin olunmasına yardım
edirlər. Kommersiya qurumu
fəaliyyət göstərdiyi ərazidə təhlükəsizlik
meyarlarının xüsusiyyətlərindən xəbərdar
olduğu halda, cinayətkar
elementlərin istifadə edə biləcəyi təhlükəli
sahələri də müəyyən edə bilər. Məhz bu səbəbdən kommersiya qurumları öz
səylərini mülkiyyətin mühafizəsinə yönəltməli
və onlara məxsus dəniz nəqliyyatı
vasitələrində, sahilyanı ərazilərdə, quruda və dənizdə olan
obyektlərdə cinayətlərin profilaktikasının,
qarşısının alınmasının və açılmasının
təmini üzrə aidiyyəti dövlət qurumlarına hərtərəfli
yardım göstərməlidirlər. Bunu
etməklə onlar kommersiya
sektorunda terrorçuluq
və digər cinayət fəaliyyəti əleyhinə yerli mühafizə sistemini
də genişləndirirlər. Kommersiya qurumları yerlərdə həyata keçirdikləri
təhlükəsizlik tədbirləri barədə məlumatları
müntəzəm olaraq müvafiq
dövlət orqanlarına çatdırmalıdırlar ki, bu tədbirlər
dövlət təhlükəsizliyini təmin edən geniş sistemdə nəzərə
alınsın.
5.4.2. Çoxsəviyyəli
təhlükəsizlik sisteminin tətbiqi.
Dəniz təhlükəsizliyinə çoxsəviyyəli
yanaşma nəqliyyat sistemi,
gəmilərin tranziti, yükləmə-boşaltma
vasitələri, yük və baqaj, limanlar və marşrutlar kimi həssas
sahələrdə təhlükəsizlik tədbirlərinin
yerinə yetirilməsini tələb edir.
Çoxsəviyyəli yanaşma fiziki mühafizə, əməliyyat-axtarış
və post-patrul fəaliyyəti, təhlükəsizlik
zonalarının yaradılması, heyətin
buraxılışına nəzarət, gəminin, sərnişinlərin
və heyətin təhlükəsizliyinin təmini, yüklərin
yoxlanılması və bu kimi
digər meyarları özündə cəmləyir. Bu növ çoxsəviyyəli
təhlükəsizlik sisteminin tətbiq
olunması terrorçuluğun və digər
cinayətlərin qarşısını almağa
yardım edir.
5.5.
Qarşılıqlı beynəlxalq fəaliyyət. Xəzər
dənizinin təhlükəsizlik mühitinə olan təhdidlər sahilyanı dövlətlərə
təsir edə bilər. Bu təhdidlərə
qarşı vaxtında tədbir görülməsi məqsədi
ilə dəniz təhlükəsizliyinin təmin olunması
sahəsində qarşılıqlı beynəlxalq fəaliyyəti
genişləndirmək məqsədəuyğundur. Dəniz Təhlükəsizliyi
Strategiyası dənizdə terrorçuluğun
və digər cinayət fəaliyyətinin
qarşısının alınmasında maraqlı olan dövlətlərin əməkdaşlığı
imkanlarını nəzərdə tutur.
5.5.1.
Qarşılıqlı beynəlxalq fəaliyyət üzrə
tədbirlər. Xəzər dənizində təhlükəsizliyin
təmin edilməsi üçün
sahilyanı dövlətlərin iştirakı ilə
aşağıda göstərilən üç
əsas tədbirin həyata keçirilməsi xüsusilə vacibdir:
5.5.1.1 mövcud təhdidlər
və onların prioritetlər üzrə sıralanmasında
Xəzəryanı dövlətlərin ümumi
fikir vahidliyinin
yaradılması və dövlətlərarası səylərin
birləşdirilməsi;
5.5.1.2 bütün Xəzəryanı
dövlətlər tərəfindən terror
aktları və digər cinayət fəaliyyətinə
vaxtında və effektiv cavab
verilməsi üzrə öhdəliklərin tam
yerinə yetirilməsinə zəmanət verən yeni təşəbbüslərin irəli
sürülməsi (yeni təşəbbüslər Beynəlxalq
Dəniz Təşkilatı, Ümumdünya
Gömrük Təşkilatı, Beynəlxalq
Kriminal Polis Təşkilatı
- İnterpol və Beynəlxalq Standartlar Təşkilatı kimi
beynəlxalq təşkilatların xətti ilə diplomatik və digər kanallar
vasitəsilə həyata keçirilməlidir);
5.5.1.3 gəmilərin qeydiyyatının,
hərəkət istiqamətinin, gəmi sahiblərinin, gəmilərdə
olan yüklərin xüsusiyyətinin və
gəmilərin heyətinin tərkibinin şəffaflığı
məsələlərini nizamlayan dövlətlərarası
məlumat mübadiləsi prosedurlarının təkmilləşdirilməsi.
5.5.2. Əlaqələndirmə
mexanizmləri. Azərbaycanın Xəzər dənizinin
təhlükəsizliyinə məsul qurumları ilə
sahilyanı dövlətlərin müvafiq
qurumları arasında beynəlxalq terrorçuluq
fəaliyyətinin və digər təhdidlərin təsirinin
azaldılması və ticarətin genişləndirilməsi kimi məsələlər üzrə mövcud əlaqələndirmə
mexanizmlərinin inkişaf etdirilməsi və
yenilərinin yaradılması zəruridir.
5.6. Tədbirlərin
tənzimlənməsi. Təhdidlərə cavabların
mütənasibliyi, onların effektiv yerinə
yetirilmə dərəcəsi və bütün
qurumların əməliyyat planlarının inkişaf
səviyyəsi sınaqdan keçirilməli və təsdiqlənməlidir.
Vurulan ziyanın qiymətləndirilməsi
və bərpa işlərinin aparılması zamanı milli, yerli və regional maraqları nəzərə almaqla, prioritetlərin düzgün
təyin edilməsi mühümdür. Eyni zamanda, dövlət terror aktlarının və digər cinayətlərin
kim tərəfindən törədildiyinin
müəyyənləşdirilməsində və onların
təsirinin qiymətləndirməsində kəşfiyyat və
əməliyyat məlumatlarından istifadə etməlidir.
6. Tələblər
və imkanlar
6.1. Tələblər
və imkanlar. Vəzifələrin yerinə
yetirilməsində daha geniş
imkanlara malik olmaq üçün təşkilatlar
müvafiq ehtiyatlarla təmin
olunmalıdır. Buna görə də bu Strategiyada açıqlanmış vəzifələrin
yerinə yetirilməsi üçün dəniz
təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş hər bir qurum digər qurumlarla
qarşılıqlı əlaqəni təmin edən imkanlarla yanaşı, konkret
vəzifələrin yerinə yetirilməsinə yönəlmiş
daxili imkanları da
inkişaf etdirməlidir. Zəruri
imkanların inkişafı aşağıdakı tələblərlə
müəyyən olunur:
6.1.1. müvafiq qurumların strukturlarının öz vəzifələrini yerinə yetirmə
imkanlarının təmin edilməsi;
6.1.2. zəruri
şəxsi heyətin sayı və peşəkarlıq səviyyəsi;
6.1.3. təlimin
təşkili və keyfiyyəti;
6.1.4. müasir effektiv avadanlıqla təminat;
6.1.5. birgə komanda, nəzarət, rabitə və informasiya sistemləri üzrə imkanların mövcudluğu;
6.1.6. maliyyə
ehtiyatları və maddi texniki
təminat səviyyəsi;
6.1.7. vəzifələrin
yerinə yetirilməsi üçün
digər tələblər.
6.2. Ümumi tələblər. Dəniz təhlükəsizliyinin
təmin olunması sahəsində vəzifələri olan bütün qurumlar üçün ümumi tələblər
aşağıdakılardır:
6.2.1. vəzifələrin
icrası imkanına malik qüvvə və
vasitələrin mövcudluğu;
6.2.2.
qarşılıqlı məlumat mübadiləsinin
vaxtında aparılması;
6.2.3. birgə komanda, nəzarət və rabitə sistemləri
ilə dənizdə aparılan əməliyyatların əlaqələndirilməsi.
6.3. Kəşfiyyat
vasitələri. Kəşfiyyatın bütün
mənbələri (insan, texniki
və rabitə) üçün kəşfiyyat
məlumatlarının toplanılması və təhlili vasitələri
müasir tələblərə cavab verməlidir. Təhlil vasitələri,
cinayətkar və ya şübhəli fəaliyyətlərin
cüzi əlamətlərinin
aşkarlanması və təhlili üçün
çoxsaylı məlumatların işlənilməsini nəzərə
alaraq,
avtomatlaşdırılmalıdır.
6.4. Beynəlxalq gəmiçiliyin
şəffaflığı. Azərbaycan Respublikası öz səylərini dəniz nəqliyyatı
üzrə məlumatların (gəmilərin hərəkəti,
ekipaj, yükün tərkibi
və sərnişinlər) təmin edilməsinə, ərazidə
şəffaflığı həyata keçirərək beynəlxalq
hüquqi tələblərin yerinə
yetirilməsinə yönəldir.
6.5. Dənizdə
fəaliyyətin əlaqələndirilməsi. Azərbaycanın
iqtisadi təhlükəsizliyi dəniz enerji infrastrukturunun
mühafizəsindən də asılı olduğuna
görə, dəniz təhlükəsizliyinə cəlb olunmuş bütün qurumlar öz vəzifələrini
yerinə yetirməklə, təhlükəsizlik mühitinin yaradılmasında müəyyən
rol oynayırlar. Dəniz təhlükəsizliyi
üzrə qurumlararası səmərəli əməkdaşlığın
təmin olunması üçün rəsmi
razılaşmalar tələb olunur. Rəsmi
razılaşmalar dənizdə baş verə
biləcək və ya dəniz təhlükəsizliyinə
təsir edən hadisələrdən qorunmaq
və ya onlara cavab verməklə, müvafiq
qurumun adekvat tədbirlər
görməsinə əsas verir.
6.6. Dinc dövrdə vəzifələr. Dinc dövrdə hər bir
qurum Hərbi doktrinanın 50.1-ci maddəsində
müəyyən olunmuş qaydada öz vəzifələri
çərçivəsində fəaliyyət göstərir:
6.6.1. Müdafiə Nazirliyinin Hərbi
Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycan
Respublikasının milli
maraqlarının qorunması və təhlükəsiz iqtisadi fəaliyyət üçün
əlverişli əməliyyat şəraitinin
saxlanmasını, Xəzər dənizinin Azərbaycan
Respublikasına mənsub bölməsində enerji
infrastrukturuna, üzmə vasitələrinin
hərəkətinə nəzarəti və onların təhlükəsizliyinin
təmin edilməsini, naviqasiya, hidroqrafiya və hidrometeorologiya
təminatını həyata keçirir;
6.6.2. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Azərbaycan Respublikasının
dövlət sərhədinin mühafizəsini həyata keçirir, qanunvericilikdə nəzərdə
tutulmuş səlahiyyətləri daxilində
sərhəd münaqişələrinin nizama
salınması üçün tədbirlər
görür, sərhəd rejimi və üzmə vasitələrinin hərəkətinə
nəzarəti və onların təhlükəsizliyini, habelə
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
hissəsində neft-qaz platformaları və
onların infrastruktur obyektlərinin təhlükəsizliyini
təmin edir;
6.6.3. Fövqəladə Hallar Nazirliyi mülki müdafiə,
əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə
hallardan qorunması, fövqəladə
halların məhdudlaşdırılması və nəticələrinin
aradan qaldırılması üzrə qəza-xilasetmə
işlərini və digər təxirəsalınmaz işləri
yerinə yetirir;
6.6.4. Dövlət Dəniz Administrasiyası Azərbaycan
Respublikasının ərazi sularında gəmi və digər üzən
vasitələrin uzaqdan tanınmasına və
hərəkətlərinin
müşahidə edilməsinə, üzmə
qaydalarına riayət edilməsinə, müvafiq
texniki standartlara cavab verməsinə nəzarət edir;
6.6.5. Daxili
İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində
və su nəqliyyatı obyektlərində
cinayətkarlığa və digər hüquqpozmalara
qarşı mübarizəni, o cümlədən
ekoloji cinayətlərin
qarşısının alınmasını,
açılmasını, səlahiyyətlərinə aid edilmiş işlər
üzrə təhqiqatın və istintaqın
aparılmasını, ictimai qaydanın
qorunmasını və ictimai təhlükəsizliyin
təmin edilməsini həyata keçirir;
6.6.6. Dövlət Gömrük Komitəsi
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
hissəsində və limanlarda gömrük işi sahəsində,
o cümlədən icrasına nəzarətin
gömrük orqanlarına həvalə olunduğu qanunvericilik
aktlarının tələblərinə riayət olunmasını
təmin edir;
6.6.7. Dəniz
təhlükəsizliyinə cəlb olunmuş
bütün qurumlar
qanunvericiliklə müəyyən
olunmuş səlahiyyətləri çərçivəsində
və imkanlarından asılı olaraq, terrorçuluğa qarşı mübarizədə
iştirak edirlər.
6.7. Dəniz təhlükəsizliyinin təmin
olunmasına cavabdeh strukturların inkişaf strategiyası. Dəniz fəaliyyəti
üzrə müvafiq qüvvə və
vasitələrə malik olan
qurumlara öz vəzifələrini
yerinə yetirmək üçün zəruri
ehtiyacların təmin olunması sahəsində yetərli vəsaitin
ayrılması tələb olunur. Dəniz
təhlükə sizliyi üzrə vəzifələrin
yerinə yetirilməsinə xidmət edən bütün
imkan və vasitələrin qiymətləndirilməsi
aparılmalıdır. Dəniz təhlükəsizliyində rol oynayan qurumların inkişaf strategiyası regionda
potensial təhdidlərə adekvat cavab vermək amili nəzərə alınmaqla həyata
keçirilməlidir. Dəniz təhlükəsizliyinə cavabdeh güc
strukturlarının inkişafında regiondakı hərbi balans da nəzərə
alınmalıdır.
7. Yekun müddəalar
7.1. Dəniz Təhlükəsizliyi
Strategiyası Azərbaycan Respublikasının dənizdə təhdidlərin
bütün spektrinə qarşı Xəzəryanı
dövlətlərlə birgə və
razılaşdırılmış fəaliyyət göstərməyə
hazır olduğunu bildirir.
7.2. Azərbaycan Respublikası
Xəzər dənizinin hüquqi statusunun beynəlxalq hüquq
normalarına, beynəlxalq dəniz hüququ
normalarına və prinsiplərinə riayət etməklə
və bütün Xəzəryanı
dövlətlərin maraqlarına və mövqelərinə
hörmətlə yanaşmaqla təyin
edilməsinin tərəfdarı olduğunu
bir daha bəyan edir.
7.3. Azərbaycan Respublikasının
Dəniz Təhlükəsizliyi Strategiyası, təhlükəsizlik
mühitinin daim dəyişən
dinamikası nəzərə alınmaqla, yenidən
baxılma, dəqiqləşdirilmə və əlavələr
üçün açıq sənəddir.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 10.