Naxçıvan Muxtar Respublikasında Arpaçay
Su Elektrik Stansiyası
istifadəyə verilmişdir
Stansiyada il ərzində
60 kilovat-saat elektrik enerjisi istehsal olunacaq, bu da
muxtar respublikanın enerjiyə tələbatının
15-17 faizini ödəyəcəkdir.
Naxçıvan
Muxtar Respublikasında elektroenergetika
sisteminin inkişafı ilə
bağlı ardıcıl tədbirlər həyata keçirilir, mövcud hidroenerji potensialından səmərəli
istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istismara verilir. Hazırda muxtar respublikada 6 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət
göstərir. Azərbaycan Prezidenti İlham Əliyev muxtar
respublikanın enerji təhlükəsizliyinin
təmin olunması sahəsində görülən işləri
yüksək qiymətləndirərək demişdir:
"Enerji təhlükəsizliyi
əsas məsələdir və bu gün bu, Naxçıvanda
öz həllini tapır. Əminəm ki, gələcəkdə bu
sahədə əlavə tədbirlərin görülməsi
nəticəsində Naxçıvandan qonşu
ölkələrə daha da
böyük həcmdə elektrik
enerjisinin ixracı mümkün
olacaqdır".
AzərTAc xəbər
verir ki, bu istiqamətdə həyata keçirilən
tədbirlərin davamı olaraq
sentyabrın 9-da Şərur rayonunda inşa olunan Arpaçay Su Elektrik Stansiyasının
açılışı olmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov
açılış mərasimində iştirak
etmişdir.
Tədbirdə
çıxış edən Naxçıvan Muxtar
Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov
bildirmişdir ki, son 10 ildə muxtar respublikada Heydər Əliyev Su
Anbarı üzərində gücü
4,5 meqavat olan su elektrik stansiyası,
Naxçıvan Qaz-Turbin Elektrik
Stansiyası, Naxçıvan Modul Elektrik Stansiyası və Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə
verilmişdir. Bu gün isə Şərur rayonunda
Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər muxtar
respublikanın elektrik enerjisi
ilə təminatında, enerji
ixracının daha da
artırılmasında mühüm rol oynayacaqdır. Yasin Səfərov
muxtar respublikada
energetikanın inkişafına göstərilən
qayğıya görə kollektiv
adından minnətdarlığını bildirmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov Arpaçay Su Elektrik Stansiyasının istifadəyə
verilməsinin energetika sahəsində mühüm hadisə olduğunu
bildirmiş, bu
münasibətlə energetikləri və muxtar
respublika sakinlərini təbrik edərək
demişdir: "Arpaçay Su Elektrik Stansiyası Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
ilə təsdiq olunmuş
"2008-2013-cü illər üzrə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" çərçivəsində
inşa olunmuşdur.
Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və
qısa müddətdə başa
çatdırılmışdır. Yüksək texniki tələblərə cavab
verən və keyfiyyətlə inşa olunan su elektrik
stansiyası bu gün
muxtar respublika
energetiklərinin istifadəsinə verilir".
Ali Məclisin Sədri demişdir: "Arpaçay
Su Elektrik
Stansiyasının işə salınması muxtar
respublikanın enerji təminatının
ödənilməsində mühüm rol oynamaqla yanaşı,
ixtisaslı energetiklərin formalaşmasına da
öz töhfəsini verəcəkdir. Burada çalışanlar ixtisaslı kadr kimi yetişəcəklər.
Stansiyada il ərzində
60 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq, bu hesaba muxtar
respublikanın enerjiyə tələbatının 15-17 faizi ödəniləcəkdir. Bu da muxtar
respublika əhalisinin, eləcə də
iqtisadiyyatın müxtəlif sahələrinin davamlı və
keyfiyyətli elektrik enerjisi
ilə təmin olunmasında, enerji
ixracının artırılmasında mühüm
rol oynayacaqdır".
Ali Məclisin Sədri muxtar respublikada su elektrik
stansiyalarının tikintisinin bundan sonra da
davam etdiriləcəyini bildirərək demişdir: "Hazırda muxtar
respublikada Ordubad və
"Arpaçay-2" Su Elektrik
stansiyalarının tikintisi
aparılır. Bu stansiyalar
istismara verildikdən sonra
muxtar respublikanın enerjiyə olan tələbatının əsas hissəsi
su elektrik
stansiyaları hesabına ödəniləcəkdir. Bu da muxtar respublikanın energetika sisteminin
imkanlarının genişlənməsinə, ucuz
elektrik enerjisi
istehsalının artırılmasına və vəsaitə qənaət
olunmasına imkan verəcəkdir. Əldə
olunan vəsait energetika
sahəsinin maddi-texniki bazasının
gücləndirilməsinə, bu sahədə
çalışanların rifah halının
yaxşılaşdırılmasına sərf ediləcəkdir".
Ali Məclisin Sədri
daha sonra demişdir: "Hər bir
ölkə üçün elektrik enerjisi strateji sahə hesab edilir. Bu gün
dünya ölkələrində ərzaq
və enerji təhlükəsizliyi üzrə
proqramlar qəbul olunaraq
icra edilir. Enerji, ərzaq təhlükəsizliyi təmin
olunan ölkələrin iqtisadiyyatı isə
sabit və davamlı inkişaf
edir. Azərbaycan
Respublikasında da ərzaq və enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkəmizin ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahələrin inkişafı diqqət mərkəzində
saxlanılır. Muxtar respublikada yeni elektrik stansiyaları tikilir,
əhalinin və iqtisadiyyatın enerjiyə olan
tələbatı etibarlı şəkildə ödənilir.
Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir.
Enerji təminatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər bundan sonra da davam
etdiriləcəkdir".
Ali Məclisin Sədri elektrik enerjisindən qənaətlə istifadənin
vacibliyinə diqqəti çəkərək demişdir:
"Elektrik enerjisindən istifadə
zamanı qənaət prinsipinə əməl etmədən bu sahədə inkişafa
nail olmaq mümkün deyildir. Ona görə də muxtar
respublika energetikləri bunu
daim diqqət mərkəzində
saxlamalı, enerjidən istifadə zamanı
israfçılığın qarşısı
alınmalıdır. Son illər həyata
keçirilən tədbirlər nəticəsində muxtar respublikada enerji itkisi xeyli
azaldılmışdır. Bu işlərin
bundan sonra da davam etdirilməsi nəzərdə
tutulmuşdur. Məqsəd enerji itkisinin 3-4 faizə
endirilməsinə nail olmaqdan
ibarətdir".
Ali Məclisin
Sədri muxtar respublika
energetiklərinin öz üzərlərində
işləyərək bilik və
bacarıqlarını artıracaqlarına, energetika
sisteminin qorunmasına və bu sahənin səmərəli işlədilməsinə
töhfələrini verəcəklərinə əminliyini bildirmiş, stansiyanın tikintisində əməyi
olanlara təşəkkür etmiş,
açılışı bildirən lenti
kəsmişdir.
Məlumat verilmişdir
ki, gücü 20,5 meqavat olan su
elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası,
tunel və transformator
yarımstansiyasından ibarətdir. Suqəbuledici saniyədə
37 kubmetr su buraxmaq gücünə malikdir.
Diametri 3,9 metr olan tunelin uzunluğu
isə 1100 metrdir. Tuneldən suyu turbinlərə ötürmək üçün 145 metr uzunluğunda yüksəktəzyiqli boru xətti çəkilmiş, 45 metr dərinliyi olan
havaboşaldıcı inşa edilmişdir. Stansiya
binasında müasir iş
otaqları və idarəetmə mərkəzi
yaradılmışdır.
Ali Məclisin Sədri Vasif Talıbov stansiyanın idarəetmə mərkəzində
yaradılan şəraitlə tanış olmuş,
stansiyanı işə salmışdır.
Bildirilmişdir ki, mərkəzdə
su elektrik
stansiyasının idarə olunması üçün
lazımi avadanlıqlar və kompyuter dəstləri,
eləcə də nəzarət-mühafizə sistemləri
quraşdırılmışdır. Bu da stansiyanın iş rejimini daimi nəzarətdə
saxlamağa imkan verir. Mərkəzdə elektrik
enerjisinin istehsalı zamanı baş verə biləcək
nasazlıqların aradan
qaldırılması üçün də
lazımi şərait vardır. Stansiya
binasında Avstriyanın "Andritz"
şirkətinin istehsalı olan 7,75 meqavat gücə malik 2 ədəd
və gücü 5 meqavat
olan 1 ədəd Françesktipli
turbin quraşdırılmış və
onlara üfüqi
şəkildə bağlanmış müvafiq
güclü generatorlar
qoşulmuşdur. Bütün
emal prosesi
avtomatlaşdırılmış şəkildə həyata keçirilir.
İstehsal olunmuş
elektrik enerjisini şəbəkəyə
ötürmək üçün 30 meqavoltamper gücə malik
transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri
çəkilmişdir.
Arpaçay Su Elektrik Stansiyası mühüm infrastruktur
layihəsi kimi muxtar
respublikanın enerji təhlükəsizliyinə
öz töhfəsini verəcəkdir. İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi
baxımından böyük əhəmiyyətə
malik olan stansiyanın
istifadəyə verilməsi ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının
60 faizi su elektrik stansiyaları hesabına ödəniləcəkdir.
Stansiya ilə
tanışlıqdan sonra energetiklərlə
görüşən Ali Məclisin Sədri
demişdir ki, bu gün energetika
iqtisadiyyatın aparıcı sahələrindən biridir. Muxtar
respublikamızda bu sahənin
inkişafına xüsusi diqqət yetirilir, yeni su elektrik stansiyaları
tikilərək istifadəyə verilir. Eyni zamanda, istilik
elektrik stansiyalarının gücündən
də səmərəli istifadə olunur,
Günəş batareyaları ilə işləyən elektrik stansiyalarının yaradılması
üzərində işlər aparılır. Bütün
bunlar muxtar
respublikanın davamlı inkişafına, enerji
təhlükəsizliyinin təmin olunmasına, iqtisadiyyata investisiya qoyuluşunun artırılmasına səbəb
olmuşdur. Qeyd edilmişdir ki, energetika sahəsində ixtisaslı
kadrların hazırlanması vacib məsələdir.
Hazırda Naxçıvan Dövlət Universitetində bu sahə üzrə müvafiq
ixtisas açılmışdır.
Energetiklər yaradılan şəraitdən səmərəli
istifadə etməli, ixtisaslı mütəxəssis kimi yetişməli, qurulanlar
qorunmalı və onlardan səmərəli
istifadə edilməlidir.
Su elektrik
stansiyasının ərazisində də geniş
abadlıq işləri aparılmış, müasir
avtomobil yolu çəkilmiş,
işıqlandırma sistemi
quraşdırılmışdır.
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 11.