Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi keçirilir.

AzərTAc xəbər verir ki, müsabiqənin növbəti seçim turu da rəngarəng ifalar və həyəcan dolu anlarla yadda qalmışdır.

Azərbaycan xalqının milli-mənəvi irsinin möhtəşəm abidəsi olan muğam təkcə pərvazlandığı torpağın deyil, dünya mədəniyyətinin nadir incilərindən sayılır. Bu gün Avropadan Amerikayadək qitələr boyu Azərbaycan muğamları onu dinləyənləri heyran qoyur.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən IV muğam televiziya müsabiqəsini nəinki ölkəmizdə, digər dövlətlərdə də böyük maraqla izləyirlər.

Avqustun 6-dan başlanan müsabiqə muğamlarımızı təbliğ etməklə yanaşı, şifahi və yazılı ədəbiyyat nümunələrimizi də dünyaya çatdırır. Müsabiqənin ənənəsinə uyğun olaraq, hər həftə bir dahi Azərbaycan şairinin yaradıcılığına müraciət olunur. İndiyədək Nizami Gəncəvi, Füzuli, Nəsiminin qəzəlləri üzərində muğam və təsnifləri ifa edən gənclər bu dəfə Xaqaninin sözlərini də ifalarına qatmışlar.

Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə çərşənbə axşamı və cümə axşamı keçirilir. Müsabiqənin bütün konsertləri Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı ilə canlı yayımlanır.

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 12.