Heydər Əliyev Mərkəzi açılmışdır

 

Prezident İlham Əliyev sentyabrın 10-da Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkla tanış olan dövlət başçısına məlumat verildi ki, parkın ümumi sahəsi 14 hektardır. Ərazidə  müasir tipli 7 fəvvarə, uzunluğu 742 metr olan açıq su kanalları və onların üzərində tunel tipli 10 keçid-körpü yaradılmışdır. Burada, həmçinin süni göl inşa edilmişdir.

Bildirildi ki, parkda 20 minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilmiş, yaşıllıq salınmışdır. Parkın ərazisi əhalinin istirahətinin səmərəli təşkili üçün yüksək səviyyədə hazırlanmışdır.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin inşasına 2012-ci ilin mayında başlanılmışdır. Qeyri-adi, müasir orijinal layihə əsasında inşa olunan Mərkəzin binası dördmərtəbəlidir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Mərkəzdə quraşdırılan monitorlarda 6 dildə ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videoçarxlar, eləcə də dahi rəhbərin həyata keçirdiyi irimiqyaslı layihələr haqqında məlumatlar nümayiş etdirilir.

Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Qeyd edildi ki, Mərkəzdə qalereya, 3D kinozalı, kitabxana, bar, tərcümə otağı və mühazirə zalı fəaliyyət göstərir. Kitabxanada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablar, elektron vəsaitlər yer almışdır. Mərkəzə gələnlər elektron kitabxananın virtual otağının xidmətlərindən də istifadə edəcəklər. Mərkəzin ikinci mərtəbəsində ulu öndərin müxtəlif illərdə rəhbər vəzifələrdə çalışdığı zaman kabinetlərini sərgiləyən muzey fəaliyyət göstərir. Burada ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş eksponatlar da nümayiş etdirilir. Mərkəzdə, həmçinin ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar sərgilənir. Burada böyük akt zalı da vardır.

Prezident İlham Əliyev Mərkəzdən ərazini seyr etdi. 

Diqqətə çatdırıldı ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsini Şəmkir sakinləri də daim əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyimizin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara, kitablara və digər vəsaitlərə geniş yer verilmişdir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə vətəndaşlarımızın dünyada cərəyan edən müasir proseslər çərçivəsində öz vətəninin, millətinin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərinin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 1.