Prezident İlham
Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
10-da Gədəbəy Aşıq Musiqisi Məktəbinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Azərbaycan
Prezidentini Gədəbəy aşıqları öz
ifaları ilə salamladılar.
Prezident İlham ƏLİYEV dedi:
- Salam. Xoş gördük.
Nə var, nə yox? Necəsiniz?
Aşıq İsfəndiyar
RÜSTƏMOV:
Xoş gəlibsiniz bu diyara,
Heydər oğlu İlhamımız.
Mən qurbanam o boyuna,
Heydər oğlu İlhamımız.
Gələn yolun, qədəmlərin
mübarək,
Hər təzə ayların, ilin mübarək.
Müstəqil dövlətin, elin mübarək,
Yaşa, Heydər oğlu, yaşa, min
yaşa.
Bizim xalqın Sizə var məhəbbəti,
Bu dağların tükənməzdir sərvəti.
Aşıq İsfəndiyar edir niyyəti,
Mehriban xanımla ömür sür
başa,
Yaşa, Heydər oğlu, yaşa, min
yaşa.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Aşıq İsfəndiyar
RÜSTƏMOV: Boyuna qurban olum. Xoş gəlmisən.
Bu saz müqəddəs olduğuna görə mən
bu sazı Gədəbəy aşıqları adından Sizə
bağışlayıram.
Dövlət başçısına Gədəbəy
aşıqları adından saz hədiyyə olundu.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür
edirəm.
Aşıq İsfəndiyar
RÜSTƏMOV: Möhtərəm Prezidentimiz. Bu
binanı Siz tikdirdiniz. Sizin verdiyiniz hər
tapşırıq, sərəncam qəlbimizdədir.
Allah Sizi qorusun!
Bizim Gədəbəy artıq dəyişib.
Şəhərə oxşayır. Bulaqlar, sular çəkilir, körpülər
tikilir. Qadan alım, bunların hamısı Sizin hünərinizin bəhrəsidir. Sizə minnətdaram.
Prezident İlham Əliyev Gədəbəy
rayon ictimaiyyətinin nümayəndələri
qarşısında çıxış edərək dedi:
- Çox sağ olun. Şadam ki, yenidən görüşürük.
Bax, bu məktəbin
açılışında bərabər
toplaşmışıq. Xatırlayırsınızsa,
bu məktəbin təməl daşını biz bərabər
qoyduq.
Çox şadam ki, artıq gözəl,
göz oxşayan bir məktəb tikilmişdir.
Bu məktəbin tikintisi o deməkdir ki,
aşıq sənəti yaşayır və
yaşayacaqdır.
Əlbəttə ki, məktəbdə
oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti
gərək yaşatsınlar. Sizdən nümunə götürüb bu sənəti
yaşatsınlar. Çünki
aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir.
Azərbaycanda aşıq sənətinin
çox dərin kökləri vardır. Azərbaycan
aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı
aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək
nəsillər üçün də örnək
olmalıdır. Çünki gənc nəsil
vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə
almalıdır.
Həmişə gənclərlə
görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər
bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər
və milli ruhda böyüməlidirlər.
Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır,
xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir,
dünyanın sərvətidir.
Xalçaçılıq sənəti - onun
vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır.
Muğamın vətəni Azərbaycandır.
Azərbaycan xalqı çox istedadlı
xalqdır. Bu sənəti Siz
yaşadırsınız və gənc nəsillərə əmanət
edirsiniz. Ona görə bu məktəbin
tikintisi çox böyük məna daşıyır. Təsadüfi deyil, mən ikinci dəfə burada
olarkən məsələ qaldırıldı ki, belə məktəbin
tikintisinə ehtiyac vardır. Məktəbin
təməl daşını bərabər qoyduq. Bu gün isə məktəbin
açılışında bərabər iştirak edirik.
Yəni Azərbaycan dövləti gücləndikcə,
əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin
inkişafı ilə bağlı daha da ciddi addımlar
atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir.
Azərbaycan dövləti güclü,
müasir dövlətdir. O dövlətdir ki, milli
köklər üzərində qurulubdur. Ulu
öndər Heydər Əliyevin dünyagörüşü
bundan ibarət idi ki, müasir Azərbaycan, dövlətçiliyinin
əsasları ancaq milli mənəvi dəyərlər üzərində
qurulmalı idi və quruldu da.
Belə olan halda xalqımızın gələcəyi
çox parlaq olacaqdır. Çünki bizim dövlətçiliyimizin əsasları
milli əsaslardır. Bu gün bizim ideoloji
əsaslarımız milli əsaslar, milli dəyərlər
üzərində qurulubdur. Bu dəyərlər
arasında bizim musiqimiz, ədəbiyyatımız,
aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti, sadəcə olaraq, xalq
yaradıcılığı deyildir. Bu, Azərbaycan
xalqının ürəyində yaşayan çox
böyük dəyərdir. Siz də dəyərli
insanlarsınız ki, bu sənəti
yaşadırsınız. Ölkəmizin
hər bir yerində milli musiqi, ədəbiyyat inkişaf edir.
Bizim musiqimiz çox gözəldir və
dünya miqyasında tanınır. Ədəbiyyatımız,
kitablarımız, tarixi abidələrimiz - bizim dövlətimiz
nə qədər zəngindir, xalqımız nə qədər
istedadlıdır! Bütün bunlar
xalqımızın istedadının məhsuludur. Ona görə bu gün təkcə Gədəbəy
üçün deyil, ölkəmiz üçün əlamətdardır.
Çünki gözəl, yaraşıqlı məktəb
açılır və bu məktəbdə oxuyacaq uşaqlar,
gənclər bu sənəti yaşadacaqlar.
Gədəbəy rayonunda olarkən bir məsələni
vurğulamaq istəyirəm ki, hər yerdə olduğu kimi,
burada da inkişaf gedir, quruculuq vardır, abadlıq işləri
aparılır. Mən xatırlayıram ki,
bu küçə tamamilə başqa görkəmdə idi.
İndi binalar bərpa edilir, küçələr
salınır. Bu gün buraya gələrkən
körpünün açılışında iştirak
etmişəm. Kənd yolu çəkilir.
Təqdimatda göstərildiyi kimi, heç vaxt
yol olmayan yerlərdə 56 kilometr uzunluğunda kənd
yolları tikilir. Torpaq yol olmuşdur,
insanlar əziyyət çəkirdilər. İndi kənd yolu çəkilir. İçməli su layihəsi icra ediləcəkdir.
Biz mütləq Gədəbəy şəhərini
təmiz içməli su ilə təmin edəcəyik.
Hesab edirəm ki, gələn ilin sonuna qədər
bu layihənin əsas hissəsi başa çatmalıdır.
Bir müddət bundan əvvəl kəndlərə
qazın verilməsi başlamışdır. Onu da qeyd etməliyəm ki, bir qədər ləng
gedir. Daha da sürətli getməlidir ki, əksər
kəndlər qazlaşdırılsın. Məktəblər,
binalar tikilir. Şəmkir-Gədəbəy
yolu yaxşı vəziyyətdədir, rahat yoldur. Növbəti illərdə yeni kənd yollarının
tikintisi də nəzərdə tutulub. Bu
gün mənə bu məsələ təqdim olundu.
Göstəriş veriləcəkdir ki, bütün kəndlərə
gedən yollar yenidən qurulsun, Gədəbəy rayonu daha da
sürətlə inkişaf etsin, burada insanlar daha da rahat,
xoşbəxt, rifah, əmin-amanlıq içində yaşasınlar. Necə ki, bu gün bütün Azərbaycan vətəndaşları
rifah, sülh, əmin-amanlıq içində
yaşayırlar. Bizim
inkişafımızın əsas səbəbi məhz budur.
Sabitlik, əmin-amanlıq, cəmiyyətdə
mövcud olan xoş əhval-ruhiyyə bu gün Azərbaycanı
bir çox ölkələrdən fərqləndirən cəhətdir.
Sizi bir daha alqışlayıram,
salamlayıram, aşıqlara öz dərin hörmətimi
bildirmək istəyirəm, sizə cansağlığı və
yeni yaradıcılıq uğurları arzulayıram.
Professor Məhərrəm QASIMLI Gədəbəyin
inkişafına göstərdiyi diqqət və qayğıya
görə dövlət başçısına təşəkkür
edərək dedi:
- Cənab Prezident, Gədəbəyimizə
xoş gəlmisiniz. Biz bu gün çox
böyük bir mədəni-tarixi hadisənin
iştirakçısıyıq. Əlbəttə,
belə bir möhtəşəm sarayın qurulması,
sözün həqiqi mənasında, çox əzəmətli
bir tarixi hadisədir. Bildiyimiz kimi,
ozan-aşıq mədəniyyəti, bayaq siz də çox
gözəl dediniz, bizim milli mənəvi
varlığımızın əsas göstəricilərindən
biridir. Ulu öndərimiz Heydər
Əliyev ozan-aşıq mədəniyyətini milli
varlığımızın mötəbər qaynağı
olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə
Qorqud ensiklopediyasında qızıl hərflərlə
keçir.
Bu gün o ideya, o düşüncə bu
sarayın simasında öz əyaniliyini bir daha tapır.
Biz Sizə təşəkkür edirik ki, Sizin
dövrünüzdə Azərbaycanın milli sərvətləri
qeyri-maddi irs olaraq UNESCO səviyyəsində
öz təsdiqini tapdı. Allah Mehriban
xanımın canını sağ etsin ki, bu fədakarlığı
çox səylə həyata keçirdi və doğrudan da,
bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə
deyil, mədəni-mənəvi sahədə də çox
böyük quruculuq işləri gedir. Bizim
sazımız,
sözümüz, muğamımız, xalça sənətimiz,
Novruz bayramı ilə bağlı olan proseslər bunun
hamısının ifadəsidir. Biz bəlkə
də hadisələrin içərisində olduğumuz
üçün bunun möhtəşəmliyini o qədər
də görə bilmirik, amma kənardan gələnlər,
xarici qonaqlarımız Azərbaycanı heyrət içərisində
seyr edirlər. Bu, çox böyük
uğurdur. Bu, Sizin sayənizdə,
Sizin ulu Heydər Əliyev siyasətini, onun strateji hədəflərə
yönəlmiş siyasətini gerçəkləşdirməkdə
əldə etdiyiniz uğurların nəticəsidir. Biz Sizə çox təşəkkür edirik.
İnşallah, sazımız-sözümüz
hər zaman Sizinlə bir yerdə olacaqdır. Əlbəttə, ustadımızın da dediyi kimi,
saz çox müqəddəs alətdir. Qoy
sazın ruhu, sazı qoruyan ruh, ulu ozanların ruhu hər zaman
sizə yardımçı olsun, onun işığı,
xeyiri, bərəkəti Sizinlə bir yerdə olsun. Biz Sizə dərin təşəkkür edirik ki,
sazımıza, sözümüzə, aşıq sənətinə
belə gözəl, əzəmətli sarayı bəxş
etdiniz. İnanırıq ki, siz
Bakımızda da aşıqlar üçün belə
gözəl bir saray tikdirəcəksiniz. Buna
da şübhəmiz yoxdur. Çünki
Siz sazın, sözün, mənəviyyatımızın
dostusunuz. Biz Sizinlə fəxr edirik. Siz burada qeyd etdiniz ki, aşıq məktəbi gənclər
üçündür, gələcəyimiz
üçündür. Burada gənclərimiz
dayanıblar. Sizin sözünüzə
qüvvət olaraq indi onlar ifa edəcəklər. Siz gənclərin dostu olan bir Prezidentsiniz. O mənada
gəncləri də dinləməyinizi xahiş edirik.
***
Sonra Prezident İlham Əliyev gənc
aşıqların ifasını dinlədi.
***
Daha sonra xatirə şəkli çəkdirildi.
***
Prezident İlham Əliyev Gədəbəy
Aşıq Musiqisi Məktəbinin rəmzi
açılışını bildirən lenti kəsdi,
burada yaradılan şəraitlə tanış
oldu.
Bu musiqi ocağının təməli
2009-cu ildə Prezident İlham Əliyev tərəfindən
qoyulmuşdur. Binanın həyətində
Aşıq Ələsgərin heykəli
ucaldılmışdır. Foyedə ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə
səfərlərini əks etdirən fotolardan ibarət
guşə yaradılmışdır.
Bildirildi ki, bu ilin iyununda başa
çatdırılan tikinti işləri çərçivəsində
ikimərtəbəli binada bütün şərait
yaradılmışdır. Musiqi məktəbində inşaat işləri
"Lider Monolit" şirkəti tərəfindən həyata
keçirilmişdir. Burada kitabxana və qiraət
zalı yaradılmış, musiqi xəzinəsini
özündə əks etdirən kitab və nəşrlərlə
zənginləşdirilmişdir. Sahəsi
194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə
zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla
yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət
göstərir. Sinif otaqlarında tədrisin
yüksək səviyyədə aparılması
üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran
mühüm amillərdən biri də burada aşıq musiqi
sənəti ilə bağlı muzeyin
yaradılmasıdır. Muzeydə Gədəbəy
aşıqları, o cümlədən ölkəmizin
tanınmış saz ustadları haqqında məlumatlar
toplanmışdır. Bundan əlavə,
aşıq sənətinə dair müxtəlif
eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə
diqqəti cəlb edir. Hazırda rayonda
150-dən çox aşıq vardır. Binanın
ikinci mərtəbəsində divarda Azərbaycanın
tanınmış aşıqlarının fotoları, ulu
öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin ölkəmizdə aşıq sənətinin
inkişafı ilə bağlı sərəncamlarının
surətləri asılmışdır.
Dövlət başçısı
Aşıq Musiqisi Məktəbində yaradılmış
şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 4.