Gədəbəydə
«Azerbaijan International Mining Company Limited» şirkətinin
yeni zavodu açılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da
Gədəbəydə "Azerbaijan
International Mining Company Limited" şirkətinin
yeni zavodunun açılışında iştirak
etmişdir.
Bildirildi ki, yeni zavodun
tikintisinə ötən
il başlanılmış,
bu ilin iyununda
başa çatdırılmışdır.
Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa,
yeni müəssisədə
bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu
proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti
nəticəsində ətraf
mühitə kimyəvi
maddələrin yayılmasının
təsiri azalacaqdır.
Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi
mühafizə olunan boru xətti çəkilmişdir.
İstehsal prosesini izləyən dövlət
başçısına məlumat
verildi ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilmişdir.
Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi
isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda
çökdürmə prosesi
açıq havada aparılırdısa, yeni
müəssisədə bu
əməliyyat qapalı
çənlərdə həyata
keçirilir. Yeni
müəssisənin tikinti
sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl
istehsalı nəzərdə
tutulmuşdur.
Bildirildi ki, Gədəbəy
yatağı hələ
qədim dövrlərdən
məlum olmuş, dəfələrlə mis
və nəcib metalların çıxarılması
məqsədilə istismar
edilmişdir. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılmışdır.
Həmin
dövrdə Almaniyanın
"Siemens" şirkəti yataqda mis hasilatı
ilə məşğul
olmuş, təxminən
2 milyon ton filiz çıxarılmışdır.
1997-ci ildə Azərbaycanın
"Azərqızıl" Dövlət Şirkəti
ilə ABŞ-ın
"R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa,
Ordubad qrupu, Söyüdlü, Qızılbulaq
və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında
Saziş imzalanmışdır.
Gədəbəy qızıl-mis layihəsi
gəlirdə payı
51 faiz olmaqla Azərbaycan hökuməti
ilə birlikdə həyata keçirilir.
Payı
49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat
Şirkəti layihəyə
rəhbərlik edir.
Layihə çərçivəsində
ilk zavod 2009-cu ildə
Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə
başlamışdır.
Prezident İlham Əliyev zavodu işə saldı.
Azərbaycan Prezidenti müəssisədə
yaradılmış şəraiti
yüksək qiymətləndirdi,
tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 5.