Prezident İlham
Əliyev Gədəbəydə «Halal Qida» süd emalı zavodu və tərəvəz məhsullarının
tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə
"Halal Qida" süd emalı zavodu və
tərəvəz məhsullarının tədarükü,
saxlanılması və satışı kompleksi
ilə tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, kompleksin ümumi dəyəri 4,1 milyon
manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2,8 milyon manat güzəştli
kredit verilmişdir. Tutumu 10 min ton
olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla
təchiz edilmişdir. Soyuducu anbar
kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən
sahibkarların yetişdirdiyi tərəvəz
məhsullarının uzun müddət itkisiz saxlanılmasına və digər
mövsümlərdə daxili bazarın təmin
olunmasına imkan yaradacaqdır.
Gündəlik istehsal gücü
5 ton olan kartof emalı sahəsi Hollandiya
texnologiyası əsasında qurulmuşdur.
Burada Gədəbəy
və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması,
çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat
məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan
çıxarılaraq doğranmış formalarda
vakuum qablaşdırılması həyata
keçiriləcəkdir. Bildirildi ki, istehsal olunacaq
süd və kartof məhsulları
daxili bazarla
yanaşı, xarici ölkələrə
də ixrac ediləcəkdir. Müəssisənin
xammal bazası yerli
fermerlərdən tədarük olunacaq məhsullar
hesabına təmin ediləcəkdir. Bu
layihələrin icrası nəticəsində 74 nəfər
yeni iş yeri ilə təmin olunmuşdur.
İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə kompleksin
tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan
istehsal və emal
müəssisələri barədə məlumat verdi. Bildirildi ki, Gəncədə "Elba" və "Halal Qida" brendi ilə 5
növdə, 30-a yaxın çeşiddə kolbasa
və sosiska, 2 çeşiddə
yarımfabrikat - çiy və bişməmiş
dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik
istehsal gücü min ton olan
ət kəsimi fabriki və min tonluq soyuducu
anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler
fabriki fəaliyyət göstərir. Hazırda Gəncədə illik
12 min ton ət kəsimi
və 3,2 min ton ət
emalı gücünə malik olan, Almaniya və
Türkiyə texnologiyası əsasında müasir
ət kəsimi və emalı fabriki də
inşa olunur. İstehsal olunan ət məhsullarının
Gəncə-Qazax iqtisadi rayonu
ilə yanaşı, respublikanın digər şəhər
və rayonlarında da satışı həyata
keçirilir. Bu layihələrin
həyata keçirilməsində İqtisadi
İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış
dövlət güzəştli kredit vəsaitləri
mühüm rol
oynayır.
Dövlət
başçısı gündəlik istehsal
gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də
tanış oldu. Bildirildi
ki, müasir texnologiyalar əsasında qurulan
süd emalı müəssisəsində
ilkin olaraq pendir, qatıq, xama və
digər süd məhsullarının
istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin "Tetra Pak" şirkətinin
müasir avadanlığı ilə təchiz
edilməklə süd məhsullarının
ekoloji təmiz
qablaşdırılması və daha
uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi
planlaşdırılır. Burada istehsal olunan məhsullar
"Gədəbəy" brendi adı
altında buraxılacaqdır.
Prezident İlham
Əliyev yaradılmış şəraitdən
razılığını bildirdi,
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 12 sentyabr.- S. 5.