Neftçi ətraf mühitin
qayğısına qalır
Neft və ekologiyaE
Əvvəllər bu sözlərin qoşa işlədilməsinə çox nadir hallarda rast gəlmək
olardı. İndi isə neftin
kəşfiyyatı, hasilatı, ixracı ilə bağlı olan hər yerdə ekologiya
məsələləri də önəm kəsb edir.
Dənizdə
işləyən şirkətlər onun suyunun və faunasının qorunmasının
qayğısına qalırlar. Qurudakı müəssisələr
isə torpağın çirklənməməsinə səy
göstərirlər. Neft və qaz kəmərləri çəkilərkən
onların ətraf mühitə ziyan
vurmaması üçün böyük layihələr işlənib
hazırlanır. Bütün bunlarla bərabər, vaxtilə neftlə
çirklənmiş ərazilər təmizlənir, həmin
yerlərdə yaşıllıqlar salınır. Suyu,
torpağı, havanı neft layihələrinin
mənfi təsirlərindən müdafiə etmək bu gün heç
də təkcə ekoloqların deyil,
karbohidrogenlərlə məşğul olan
şirkətlərin - istər yerli olsun, istərsə də xarici
- özlərinin başlıca məqsədinə çevrilib.
Deyilənlərin
əyani şahidi olmaq
üçün "Abşeronneft"
Neft və Qazçıxarma İdarəsinin
yerləşdiyi ərazini gəzmək kifayətdir. Məlumdur
ki, "Abşeronneft"
əsasən köhnə yataqları istismar
edir. Yataqların bəziləri
Pirallahı adasındadır, bəziləri isə baş alıb dəniz boyu
"addımlayır". Onilliklərdir neft
və qaz verən quyular
ətraf mühitə də öz təsirini
göstərib. Bunları aradan
qaldırmaq üçün son vaxtlar idarədə
ardıcıl tədbirlər həyata keçirilib.
İndi Xəzərdən baş
qaldıran buruqların ətrafında qu
quşlarının üzdüyünü
görəndə əvvəlcə təəccüblənirsən,
sonra bir anlığa düşünüb bunların ətraf mühitin
sağlamlığına yönəldilmiş tədbirlərin
nəticəsi olduğunu dərk edərək
sevinirsən.
"Abşeronneft"də
ekoloji mühitin
müdafiəsinə istiqamətlənən işlər
ardıcıllıqla davam edir.
Əsas tədbirlərdən biri dəniz
suyunu saflaşdıran
"ƏKS-OSMOS" qurğularının işə
başlamasıdır. Təkcə bu ilin birinci yarısında
həmin qurğular 14 min
kubmetrdən çox suyu
təmizləyib və müxtəlif ünvanlara
göndəriblər. Ekoloji məqsədlərə yönəldilmiş digər
tədbirlər isə müxtəlif ölçülü
neft kollektorlarında, qaz
xətlərində, sexlərdə və neftyığma məntəqələrində
təmir işlərinin aparılması, neftlə çirklənmiş,
yaxud lay suları ilə
dolmuş gölməçələrin
qurudulmasıdır.
Neft buruqları ilə qonşuluqda yamyaşıl ağacların boy atması da son dövrlərin yeni mənzərələrindəndir.
Bu ilin ilk
6 ayında "Abşeronneft"in inzibati binasının həyətində
yüzlərlə zeytun ağacı,
qızılgül kolu, dekorativ
bitki əkilib. "EKOL Mühəndislik
Xidmətləri" ASC-nin ötən illərdə
və bu ilin əvvəlindən
əkdiyi minlərlə ağaca nümunəvi
xidmət göstərilir.
"Abşeronneft" Neft və
Qazçıxarma İdarəsinin ərazisində
görülən bu cür
tədbirlər bütövlükdə Pirallahı
adasının ekoloji vəziyyətinin
sağlamlaşdırılmasına öz
müsbət təsirini göstərir. Məlumdur ki, Pirallahı torpağı indi
paytaxtın ən gənc rayonunun mərkəzidir.
Pirallahı rayonunun tərkibinə Çilov adasında yerləşən qəsəbə
və Xəzərdə, polad dirəklər
üstündə qurulmuş əfsanəvi
dəniz şəhəri - Neft
Daşları da daxildir.
Yeri gəlmişkən qeyd
edək ki, ekoloji tədbirlər
indi neft-qaz hasilatı
ilə məşğul olan digər rayonlarda olduğu kimi, burada da
vüsət alıb.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 8.