Azərbaycanlı qəhrəman Türkiyədə «Qızıl medal»la təltif olundu

 

Türkiyə Cümhuriyyətində Zəfər bayramı qeyd olunmuşdur. Həmin gün türk dünyası özünün keçdiyi şərəfli yolu, həmçinin bu yolu onun üzünə açan qəhrəman oğulları, xüsusilə böyük Atatürkü qürurla yad edir.

Zəfər bayramını xüsusi sevgisonsuz fərəh hissi ilə qarşılayan türk dünyası bayramın 91-ci iliniböyük təmtəraqla qeyd etmişdir. Təbii ki, böyük türk dünyasının bir parçası olan Azərbaycan da Zəfər bayramının qeyd edilməsində, sevinclərin, uğurların bir-birinə qovuşmasında öz sözünü qardaş sevgisi ilə söyləyir, bu şənliklərdə iştirak edir. "Azərbaycan Bayrağı" ordenli məşhur kəşfiyyatçı İbad Hüseynov da Zəfər bayramı ərəfəsində Türkiyədə şənliklərdə iştirak etmişdir.

Bayram münasibətilə keçirilən tədbirdə İbad Hüseynov üçün Başkənd Uluslararası Barış və Qardaşlıq Platformunun hazırladığı xüsusi müraciət oxunduqdan sonra həmin müraciətin diplomu ona təqdim olunmuşdur.

Diplomu təqdim edənlər xüsusi olaraq vurğulamışlar ki, ulu öndər Heydər Əliyevin söylədiyi "bir millət, iki dövlət" kəlamı bugünümüzün gerçək çağırışıdır və İbad Hüseynov da bir millətin, iki dövlətin qəhrəmanıdır. Ona görə də İbadın xidmətləri "Qızıl medal"a layiq görülür.

Tədbirdə çıxış edən İbad Hüseynov mükafata, xüsusilə ona olan sevgiyə görə hər kəsə minnətdarlıq etmişdir. O, "Mən hər zaman vətəni düşündüm, vətən üçün vuruşdum. Bu gün də vətəni düşünürəm, mənim amalım vətəndir!" deyərək Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə hər an döyüşə atılmağa hazır olduğunu söyləmişdir. Bildirmişdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və zəfər bayramları Qarabağda, Şuşada qeyd olunacaqdır.

 

Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 7.