Adı dillərdə
gəzirdi
Ellərin
oyanış dövrü idi.
Elm-təhsil ocaqları əlvan çiçəklər kimi yavaş-yavaş hər
yanı bürüyür, Firidun
bəy Köçərli demişkən, yeni
alışan "mərifət çıraqları" tədricən
işıq saçırdı.
1885-ci ildə
belə bir nur
çeşməsi Qazax qəzasının
İkinci Şıxlı kəndində
yarandı. Həmin ili Qori
seminariyasının Azərbaycan şöbəsini üç nəfər bitirmişdi.
Onlardan biri 23
yaşlı İsabəy Abakarov idi. Zaqatala bölgəsindən
gəlmişdi. Deyirlər, arxasız, imkansız adam olub. Gənc müəllim
bu yerlərdə qalıb işləməyi
qərara aldı. İkinci
Şıxlıda yer tapdı, yeni tipli məktəb
açdı, tədrisin bünövrəsini qoydu.
Onun
xarakterinə, xoş işinə rəğbət
bəsləyən, gəlib-gedən çox
idi. İlk vaxtlardan şagirdlərin sayı əlli nəfərə
çatırdı. Gördülər dəyərli işdir, əl tutan,
kömək edən çoxaldı. Kənd koxası Nəsib
bəy Tontuyevin köməyi ilə səfalı
guşədə çaylaq
daşından onotaqlı bina tikildi.
İsabəyin
məktəbi hər yanda
tanınırdı. Bu
çırağın işığına yaxın, uzaq kəndlərdən çoxlu
adam yığışırdı.
İsabəy Abakarov hər il təmənnasız olaraq
Qori seminariyası üçün
gənclər hazırlayırdı.
Bəzi
yerlərdə təhsil-tərbiyə işlərinin
yarıtmaz vəziyyətindən ürək ağrısı
ilə danışan Firidun bəy
Köçərli bu müqəddəs
işdə nümunə olan İsabəy
kimi şəxslərin adlarını iftixarla çəkərək deyirdi: "Kənd müəllimlərinin
içində İsabəy Abakarov,
Əhməd ağa Mustafayev
kimi bir neçə
möhtərəm şəxs var ki, həqiqətdə millət xadimi olub, cani-dildən təlim
və tərbiyə işlərinə ömürlərini sərf
ediblər. Bunlardan hər biri
illər boyu müəllimlik etməkdədir.
Bunlar qulluq sarıdan
artıq bir tərəqqi etməyiblərsə
də, camaatın hörmətini, məhəbbətini
qazanıblar. Hansı kənddə müəllimlik ediblərsə,
orada mərifət
çırağını yandırıb, əhalinin gözlərini
açaraq mənəvi tərəqqiyə
nail olublar".
Böyük maarif fədaisi Firidun bəy
cəfakeş kənd müəlliminin bir
sıra xeyirxah işlərini xüsusi qeyd edirdi. "İsabəyin tərbiyəsindən
yüzlərcə rəiyyət balaları çıxıb,
kamali-təhsil edib, çörək sahibi olubdur. İsabəy çox fəqir şəxslərin
övladına atalıq edib, azacıq məvacibindən
onlara çörək və pul-para verib, oxudubdur. İmtahan
mövsümündə onları öz xərci
ilə Tiflisə, Gəncəyə apararaq
kimisini sənət məktəbinə, kimisini seminariyaya və hətta
bir neçəsini gimnaziyaya
qoyubdu. İsabəyin haqqı bizim üstümüzdə çoxdur".
Əvəzsiz
xidmətlərinə görə İsabəyi məşhur Pestavlossi ilə müqayisə edərək deyirdi ki, belələri çox azdır, beş-on
nəfər ancaq tapılar. İohan Pestavlossi
İsveçrənin görkəmli demokrat
pedaqoqu idi. O, əməklə
təhsili birlikdə aparmaq
ideyasını irəli sürmüşdü.
İsabəy belə bir nəcib işi öz məktəbində
həyata keçirirdi. Ona
şöhrət gətirən ən ülvi
keyfiyyətlərdən biri də xalqla, valideynlərlə məktəb
arasında əlaqə - ünsiyyət yarada
bilməsi, camaatla
qaynayıb-qarışması idi.
Xalq şari
Osman Sarıvəlli deyirdi
ki, o da
İsabəyin məktəbində oxuyub.
İsabəy çox xeyirxah
adam idi. Bütün yayı imkansız uşaqlarla
pulsuz məşğul olur,
onları imtahanlara hazırlayır və Qori şəhərinə apararaq
seminariyaya qəbul elətdirirdi. Onlardan biri də "Can yanğısı" romanının
müəllifi Abdulla bəy Divanbəyoğludur.
Onu öz hesabına
Qoriyə apararaq seminariyaya
qəbul elətdirmişdi.
İsabəy Abakarovun yetirmələrindən biri də İkinci
Şıxlı kəndinin sakini,
seminariyanın məzunu, ölkənin müxtəlif bölgələrində
geniş pedaqoji iş apararaq
Naxçıvanda xalq maarif
komissarı vəzifəsinə kimi ucalan Əli Hüseynov idi. O, bilavasitə İsabəyin köməyi
ilə 1897-ci ildə Qori
seminariyasının hazırlıq sinfinə daxil
olmuşdu.
İlk təhsilini Tiflisdə alan Səməd bəy Acalovun
xatirəsi daha maraqlıdır. Səməd
bəy yazır ki, "1890-cı ilin avqustunda biz bir dəstə gənc
seminariyaya daxil olmaq üçün Qoriyə
yola düşdük.
O vaxt hər birimizin
14-15 yaşı ancaq olardı. Yolda həmin məqsədlə Qoriyə gedən
bir neçə uşağa
rast gəldik. Danışıqlarından
məlum oldu ki, onlar qazaxlıdırlar, öz
müəllimləri Abakarovla Qoriyə imtahana gedirlər. Bu əhvalat
bizi çox şad elədi. Qərara aldıq ki, hamımız bir mehmanxanaya düşək. Ertəsi gün İsabəy Abakarov
bizim hamımızı seminariyaya
apararaq vəziyyətdən xəbər tutandan sonra məlumat verdi ki, avqustun
24-də həkim müayinəsi olacaq. O özü ilə gətirdiyi tələbələrə
və bizə çox kömək elədi.
Avqustun 25-də səhər saat 10-da hamımızı rus
dilindən imla yazmağa
çağırdılar. Səhəri günü
məlum oldu ki,
hamımız siyahıda varıq. Necə mehriban,
necə yanımcıl insan idi İsabəy. Belə qayğıkeş
adamı kim unuda bilər?!"
Əməkdar
müəllim Əhməd Əhmədov sevimli
müəllimi haqqında danışarkən deyirdi:
"İsabəy müəllim kəndlilərə hər cür kömək edən, yüksək əqidəli,
hümanist bir müəllim,
xalq balalarına varını, dövlətini
və həyatını əsirgəməyən böyük vətənpərvər bir
insan idi. Valideynlər
öz uşaqlarını məmnuniyyətlə
İsabəyə oxumağa verirdilər. Onun kəskin və ciddi
xarakterindən çəkinən dindarlar
İsabəylə münaqişəyə o
qədər də həvəslə girişmədilər".
Əhməd
müəllimin və qeyrilərinin xatirələrindən
aydın olur ki,
Şıxlı kəndində rus dilində
ilk dəfə danışan məhz
İsabəy olmuşdur. O, uşaqlara rus və Azərbaycan
ədəbiyyatından çoxlu şeir və hekayə oxutdururmuş.
Ehtimal var ki, özü də hərdən
hekayələr, rəvayətlər yazırmış.
İsabəy
Şıxlı kəndində 12 il
işləyib. Həmin müddət ərzində
onun tövsiyəsi ilə Qori
seminariyasına 15 nəfər qəbul olunub.
Şıxlıdan ayrılan İsabəy, bəzi məlumatlara
görə, bir ara Batumda və Türkiyədə yetimlər evinin müdiri olub, sonra isə uzun müddət Ağdaşda
dərs deyib, Zaqatalaya
gedib orada kənd təsərrüfatı texnikumunda işləyib.
Əməkdar
elm xadimi, akademik İmam Mustafayev bir müddət
İsabəy Abakarovun tələbəsi olub. İmam Mustafayev yazır ki,
"1922-ci ildə Zaqatalada keçmiş sənət məktəbinin əsasında
sənaye və kənd təsərrüfatı texnikumu təşkil olunmuşdu. Mən də həmin texnikumun ilk tələbələrindən
biri idim. Biz tam internat
şəraitində yaşayır və təhsil
alırdıq. Saçı-saqqalı ağarmış nurani, qocaman bir müəllimimiz vardı - İsabəy Abakarov. O, texnikumun həyətində
işçi-qulluqçular yaşayan binada
birotaqlı mənzildə qalırdı. Dərsdən sonra da tələbələrlə
bir yerdə olardı. Onları müxtəlif
dərnəklərə cəlb edərdi. İ.Abakarov
hərtərəfli inkişaf etmiş, çox mülayim xasiyyətli bir insan olduğu üçün tələbələr onu öz ataları,
babaları kimi sevər, hörmətini
saxlardılar. O, bizə taxtadan,
ağacdan, dəmirdən müxtəlif əşyalar
düzəltməyi öyrədərdi. İsabəy həm də
foto çəkməyi, kitab
cildləməyi, bayram fişəngləri
düzəltməyi və başqa sənətləri
öyrədərdi. İstirahət günləri bizi şəhərin ətrafında olan dağlara və
meşələrə gəzməyə aparardı".
İsabəy Abakarov tələbələrə elmi biliklər aşılamaqla bərabər
onların mədəni inkişafına da
xüsusi fikir verərdi.
Müəllim Əli Abbasovla birlikdə dram dərnəyi təşkil etmişdi.
"Ölülər" və "İblis"
kimi əsərlərlə
çıxış edərdik. Hətta birsimli
orkestr də yaratmışdı. İsabəy
xüsusilə fərqlənən tələbələrə
musiqi alətləri, rəsm və cizgi ləvazimatları alıb verərdi.
İ.Məmmədov adlı bir tələbəyə
skripka, Ağazadəyə isə böyük kameralı "Tseys"
markalı fotoaparat bağışlamışdı.
Akademik İ.Mustafayev
bir faktı da xüsusi vurğulayır: "O zaman Zaqatalada qızlar üçün darülmüəllimat təşkil
edilmişdi, müdiri
Badisəba xanım idi. O, görkəmli maarifçi, ədəbiyyatşünas Firidun bəy Köçərlinin həyat
yoldaşı idi. İsabəyi tez-tez qızlarla söhbətə
çağırardılar. Onun maraqlı
söhbətləri ilə bu iki məktəb arasında müəyyən əlaqə,
ünsiyyət yaranmışdı".
İ.Mustafayev 1927-ci ildə texnikumu bitirib əvvəl
Balakən rayonuna, sonra
Ağdama, Tərtərə getdi. Hər dəfə Zaqatalaya
gələndə sevimli müəllimi
İsabəyi axtarıb tapırdı.
Əməkdar elm xadimi Mirəli Axundovun da xatirəsi
maraqlıdır. Onu bizə əməkdar jurnalist Vaqif Musayev təqdim
edib. Professor
M.Axundov yazır ki, "İsabəy müəllimin adını
ilk dəfə 1923-cü ildə
Bakı Darülmüəllimində
oxuyarkən məşhur
maarifçi Soltan Məcid Qənizadədən
eşitdim. Elimizin
görkəmli pedaqoqlarından
söz düşəndə
dedi ki, Azərbaycanda İsabəy
Abakarov adlı məşhur bir müəllim var. Öz işinin kamil bilicisidir. Mən bu adlı-sanlı
müəllimi görmək
arzusu ilə yaşayırdım. Bakı Darülmüəllimini
bitirib öz xahişimlə Zaqatalaya getdim. O zaman 21 yaşım var idi. Məni sənaye və
kənd təsərrüfatı
texnikumuna işə dəvət etdilər.
İsabəy Abakarovla
burada tanış
oldum. Elə ilk vaxtlardan həqiqi
dostluğumuz başlandı.
O, məktəbin bir otağında yaşayırdı.
Hər dəfə növbətçi
olanda onun yanında qalardım.
O, gözəl yeməklər
hazırlayar və məni də qonaq edərdi.
Mən onun şəxsində
sözün əsl mənasında həqiqi bir pedaqoq, qayğıkeş
insan gördüm.
O, klassik bir pedaqoq idi. Bütün hərəkət
və davranışına,
tədris prosesinin təşkilindəki məharətinə
valeh olmuşdum.
Mən ondan müəllim işinin ən incə sirlərini öyrənirdim, özümü
ona oxşatmağa çalışırdım. İsabəy təhsil üçün lazım olan fənləri - riyaziyyatı, təbiəti,
coğrafiyanı və
s. kamil surətdə bilirdi. Onun əlindən hesab
elminə dair bir məsələ, bir misal qurtarmazdı.
İsabəy müəllim hər il yay tətilində Avropaya səyahət edərdi. Mənim üçün o, canlı
coğrafiya kitabı idi. Çoxlu maraqlı adamla
görüşmüşdü. Tez-tez Lev Tolstoyla məktublaşmasından
və onun yanında olmasından danışardı. Böyük ədib
məşhur "Hacı
Murad" povestini yazarkən həmyerlimizin verdiyi məlumatlardan da istifadə etmişdir. Bu cür dəyərli insanların gərək qədrini bilək, adlarını təbliğ
edək, əməllərini
yaşadaq".
İsabəy Abakarov 1942-ci ildə doğma Güllük kəndində
vəfat edib.
Son vaxtlara qədər
qəbri məlum deyildi. İndi məlumdur, kənd
məscidinin yanında
uyuyur.
Deyirlər ki, iki
sandıqdan ibarət zəngin arxivi var idi.
Müharibə vaxtı yandırılıb.
Əhvalat belə olub: İsabəyin qardaşı oğlu Əbdül Lağarov kənddə aqronom işləyirmiş. Bir dəfə
söhbət zamanı
cəbhədə vəziyyətin
gərgin olduğundan
gileylənir. Kimsə söhbəti
şişirdilmiş şəkildə
lazımi yerlərə
çatdırır. Əbdül Lağarov
həbs edilir. Ailə üzvləri şübhə
doğuracaq sənədləri,
o cümlədən İsabəy
Abakarovun bütün arxivini təndirdə yandırırlar.
Bu günlərdə İsabəyin məktəbində
olduq. Damın divarı uçsa da, yeri-yurdu aydın bilinir. Xeyli adam
yığışdı. Çoxu bu
qədim təhsil ocağı barədə xoş xatirələr söylədi. Qonşuluqda
yaşayan hərbçi,
mayor Qurban Mikayılov dedi ki, İsabəyin məktəbi yetmişinci
illərə kimi fəaliyyət göstərirdi.
Bir vaxtı xalq şairi Osman Sarıvəlli, xalq yazıçısı
Mehdi Hüseyn və
digər tanınmış
adamlar burada təhsil alıblar. 1924-cü ildə Səməd Vurğun bu məktəbin müdiri olub. Sonralar biz də burada oxumuşuq. İndi kəndin müasir
quruluşlu təzə
məktəbi olsa da, İsabəyin məktəbi də bizim üçün doğmadır, əzizdir.
Bu ilkin təhsil
ocağında yüzlərlə
adlı-sanlı mütəxəssis,
alim, qəhrəman, deputat yetişib. Gərək belə məbədi bərpa edək, qoruyaq. Burada bəlkə də
təhsilin inkişafını
əks etdirən yığcam bir muzey düzəldək.
Ən baxımlı yerdə də xatirə lövhəsi vuraq. Qoy bu ilkin işıq
çeşməsi tarixin
yadigarı kimi yaşasın.
Əhməd
İSAYEV
Azərbaycan. - 2013.- 8 sentyabr.- S. 7.