Biz daha da böyük işlər görməliyik və görə də bilərik

 

İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsinə üçüncü dəfə namizədliyi irəli sürülmüşdür

 

 

Rusiya Federasiyası Hökumətinin rəsmi mətbu orqanı olan "Rossiyskaya qazeta"nın 11 sentyabr 2013-cü il tarixli federal buraxılışında "Açıq dünya" rubrikasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın "Biz daha da böyük işlər görməliyik və görə də bilərik. İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsinə üçüncü dəfə namizədliyi irəli sürülmüşdür" sərlövhəli məqaləsi dərc edilmişdir. Müəllif məqalədə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurları hərtərəfli təhlil edir. Azərbaycan Prezidenti vəzifəsinə üçüncü dəfə namizədliyi irəli sürülmüş İlham Əliyev əmindir: "BİZ DAHA DA BÖYÜK İŞLƏR GÖRMƏLİYİK VƏ GÖRƏ DƏ BİLƏRİK".

AzərTAc həmin məqalənin tam mətnini təqdim edir.

Əgər tikinti bumu həqiqətən ölkənin dinamik inkişaf edən iqtisadiyyatının göstəricilərindən biridirsə, bu göstəriciyə görə Azərbaycan, heç şübhəsiz, "bütün planetin önündə gedir".

Özü də heyrətamiz dərəcədə dəyişən təkcə paytaxtın siması deyil, təxminən eyni yeniləşmə və modernləşmə prosesləri praktiki olaraq respublikanın bütün regionlarını azya çox dərəcədə uğurla əhatə edir. Sovet dövrünün beşmərtəbəli və doqquzmərtəbəli binalarının nimdaş fasadları hanı? Ot basmış miskin küçələr və parklar hanı? Əvvəllər yarıdan çoxu işləməyən solğun sovet fənərləri hanı? İndi bütün bunlara Azərbaycanın hətta ucqar bölgələrində də rast gəlməzsiniz. Amma əvəzində Sumqayıta və Gəncəyə, Lənkərana və Zaqatalaya, Qəbələyə və Şəkiyə gələn qonaqlar axşam saatlarında yeni elektrik lampaları ilə gen-bol işıqlandırılan dəbdəbəli prospektləri görəndə mat qalırlar. Binaların fasadları başdan-ayağa yenilənmiş, müasir tikinti materialları ilə üzlənmişdir, gecədən xeyli keçənə qədər adamla dolu olan parklarda fəvvarələr göz oxşayır, rayonlarda hətta ikinci dərəcəli yollar da paytaxt yollarını xatırladır, çünki onların əksəriyyətinə təzə asfalt döşənmişdir.

Hər şeyə şübhə ilə yanaşan opponentim deyə bilər ki, ərazilərin abadlaşdırılması, əlbəttə, yaxşı işdir, bəs sosial proqramlar sarıdan vəziyyət necədir? Xalqın ehtiyaclarını təmin etmək üçün hansı işlər görülür? Bir sıra rayon mərkəzlərindəki küçə və prospektlərə nəzər salsaq, bu suala ən əyani cavab alarıq. Həmin küçə və prospektlər bəzən lokal döyüş əməliyyatları aparılan yerləri xatırladır - yol boyunca qazılmış səngərə oxşar xəndəklər, güclü maşınların yumşaltdığı asfalt diqqəti cəlb edir: Azərbaycan Prezidentinin kənd rayonlarında müasir su-kanalizasiya sistemləri yaradılması barədə genişmiqyaslı ideyası həyata keçirilir. Hər yerdə şəhər və kənd sakinlərini təmiz içməli su və təbii qazla təmin edəcək kəmərlər çəkilir. Əvvəllər Azərbaycanın bir çox rayonları bütün bu rahatlıqlardan məhrum idi. İndi bunların əvəzini çıxmaq lazım gəlir. Ümumiyyətlə, Prezidentin insanlara, onların ehtiyaclarına və problemlərinə münasibəti onun siyasətinin ən əsas prinsipidir. Bu günlərdə respublikanın Zaqatala rayonunda səfərdə olmuş İlham Əliyev rayon mərkəzini və ətraf kəndləri təmiz içməli su ilə təmin edən qurğunun açılışındakı çıxışında keçən il bu zonada baş vermiş dağıdıcı zəlzələni xatırlamışdır. O vaxt məktəblər, sosial obyektlər, yüzlərlə fərdi ev dağılmışdı. Cəmi bir il ərzində dövlət vəsaitləri hesabına çox genişmiqyaslı bərpa işləri aparılmışdır. Yenidən tikilmiş və tikilməkdə olan məktəb binalarının sayı iyirmiyə yaxındır, 3388 ailə (!) ən güclü təbii fəlakətlərə də davam gətirə biləcək yeni, daha geniş və möhkəm evlərə köçmüşdür. Zəlzələdən zərər çəkmiş qonşu Balakən, Qax və Şəki rayonlarında da bərpa işləri aparıldığını nəzərə alsaq, görülmüş işlərin statistikası güclü təsir bağışlayır.

"Bizim nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk"

Başqa bir misal: mənim deputat seçildiyim Masallı rayonundan bu günlərdə zəng vurub çox sevindirici bir xəbər verdilər: burada iki kənd və bir rayon xəstəxanasının əsaslı şəkildə yenidən qurulması üçün vəsait ayrılmışdır. Özü də, görünür, bu işə çox möhkəm və operativ girişiblər. Kəndlərdəki "Nuh əyyamından qalmış" müalicə ocaqları tamamilə sökülmüşdür və şübhə etməyə bilərik ki, bir ildən sonra burada ən müasir avadanlıqlarla təchiz edilmiş yeni xəstəxana korpuslarının açılışı olacaqdır. Həmin avadanlıqlarla işləmək üçün Masallı həkimləri Türkiyədə mərhələlər üzrə təcrübə keçəcəklər. Eyni vəziyyət respublikanın hər yerində müşahidə olunur, axı "pis nümunə keçici olduğu kimi", müsbət təcrübə də tez yayılır. Bu gün bütün rayonlarda genişmiqyaslı sosial proqramlar həyata keçirilir. Bu halda sovet dövründə yaşlı və orta nəslin nümayəndələrinin yaddaşında iz qoymuş mənfi haldan - obyektlərin tikintisinin illər boyu uzanmasından söhbət də gedə bilməz: bütün layihələr dəqiq müəyyən olunmuş müddətdə, hətta cədvəli qabaqlamaqla həyata keçirilir. Yeri gəlmişkən, uzun sürən böhran nəticəsində sosial proqramların dondurulduğu, yerlərinin azaldıldığı bir sıra xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda heç bir sosial infrastruktur layihəsi yarımçıq qalmamışdır. Dövlət başçısı İlham Əliyev bu yaxınlarda İsmayıllı rayonunun sakinləri qarşısında çıxışında da bu barədə danışaraq demişdir:

"İndi bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir. Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir... Su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir. Yaxşı xatırlayıram ki, hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni, o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaqdır. Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk. Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir".

 

*   *   *

 

...Əlbəttə, elə həmin Rusiyadan fərqli olaraq dövlətin tam nəzarəti altında olan güclü neft-qaz sektoru Azərbaycanın iqtisadi firavanlığının rəhnidir. Respublikada ən iri təbii inhisarçı olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) öz kapitalını və buna müvafiq olaraq, xaricdəki aktivlərini sürətlə artırır, nəinki qonşu Türkiyə və Gürcüstanda, hətta Avropada da əlverişli biznes mövqeləri tutur. Məsələn, bu yaxınlarda elan edilmişdir ki, ARDNŞ Monteneqroda turizm sahəsinin inkişafına 500 milyon avro sərmayə qoymaqorada qısa müddətdə gözəl bir kurort salmaq niyyətindədir. Belə misallardan çox göstərmək olar. Bu gün Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmış, ölkənin strateji valyuta ehtiyatlarının həcmi isə 46 milyard dollara çatmışdır. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı şaxələndirilir, qeyri-enerji sektorunun - kənd təsərrüfatının, emalqida sənayesinin, turizmin, İKT sahəsinin potensial imkanlarının inkişafına isə Prezident İlham Əliyev birinci dərəcəli əhəmiyyət verir. İki əyani misal göstərim: İqtisadi İnkişaf Nazirliyi artıq bu il Azərbaycandan qeyri-neft sahəsi məhsullarının ixracının 19,9 faiz artacağını proqnozlaşdırır (2003-2012-ci illərdə Azərbaycan mallarının ixracının həcmi 11 dəfə artmışdır). İkincisi: Azərbaycanın "Azerspace-1" adlı ilk telekommunikasiya peykinin buraxıldığı gündən keçən altı aydan az müddətdə Azərbaycan uğurlu orbital bizneslə məşğul olmağa başlamış, 50-yə yaxın xariciyerli radioteleviziya kanalları ilə yayım müqavilələri bağlamışdır.

İqtisadiyyatın şaxələndirilməsi kursunun həyata keçirilməsində dünyanın ən iri maliyyə təsisatları, məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanı dəstəkləyir. AYİB rəhbərliyi Azərbaycan hökuməti ilə üç illik əməkdaşlıq haqqında yeni strategiyanı bu ilin sonuna qədər təsdiq etməyə hazırlaşır. Qeyri-neft sektorunun inkişafı və onun şəffaflığının təmin edilməsi bu əməkdaşlığın prioriteti olacaqdır.

Təbii ki, müsbət meyilləri təsdiqləyən statistik məlumatları çox göstərmək olar. Məsələn, ölkədə yoxsulluq səviyyəsi azalaraq 6,2 faizə, işsizlik səviyyəsi isə 5 faizə düşmüşdür.  2012-ci ilin yekunlarına görə ölkədə inflyasiya cəmi 1 faiz təşkil etmişdir. Son on ildə 1 milyondan çox yeni yeri açılmışdır və sair və ilaxır. Lakin şəxsən mənim üçün ən əlamətdar hal odur ki, son illərdə Azərbaycanda doğumun sabit artması müşahidə olunur. 2010-cu ildən başlayaraq ekspertlər Azərbaycanda əsl demoqrafik partlayış barədə danışırlar: həmin il ölkədə 165,6 min, 2011-ci ildə isə 176,72 min körpə doğulmuşdur. Ekspertlər indiki "doğum bumu"nu əhalinin sosial müdafiəsinin güclənməsi və ölkə iqtisadiyyatının davamlı inkişafı ilə izah edirlər. Bu amillər isə, Milli Məclisin Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəblinin qeyd etdiyi kimi, ailəsində artım planlaşdıran vətəndaşlarımıza sabitlik hissi, yaxşı sosial ovqat bəxş edir. Bunun nəticəsidir ki, Azərbaycan əhalisinin sayı keçən əsrin 90-cı illərinin əvvəlində 7,5 milyon olduğu halda, bu gün 9,5 milyondur. Daha bir maraqlı fakt: respublikada miqrantların sayı artmışdır. İş o yerə çatmışdır ki, bu il avqustun 1-dən etibarən Azərbaycanda daimi yaşamaq hüququ qazanmaq arzusunda olan əcnəbilər Azərbaycan Respublikasının dövlət dili üzrə məcburi test imtahanları verməlidirlər.

Respublikanın coşqun iqtisadi inkişafı, onun xarici aləmdə qazandığı uğurlar, o cümlədən "Eurovision" mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi, ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi kimi müxtəlif vektorlar respublikanın orta statistik vətəndaşının özünə verdiyi qiyməti və onun əhvalını nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmışdır. Aşağıda kreativ azərbaycanlı gənclərin "1news.az" saytında "10 əlamətdar il" rubrikasında dərc edilmiş fikirlərindən nümunələr gətirilir:

"Tam səmimiyyətlə deyə bilərəm ki, müstəqil Azərbaycanda yaşadığıma görə çox şadambununla fəxr edirəm. Son 10 ildə ölkəmiz sözün bütün mənalarında çiçəklənmişdir. Bunlar sadəcə öz vətəninə vurğun bir adamın sözləri deyil, bunlar faktlardır, mən çox tez-tez Azərbaycanın hüdudlarından kənarda oluram və müqayisə apara bilərəm. Üstəlik, mən ilbəil, aybaay hiss edirəm ki, başqa ölkələrin nümayəndələrinin bizim dövlətə, onun zəngin tarixinə və mədəniyyətinə marağı get-gedə artmaqdadır" (BMT İnkişaf Proqramı layihələrinin rəhbəri Məzahir Əfəndiyev).

"Son 20 ildə ölkəmizdə baş verən aşkar müsbət dəyişikliklərin xeyrinə mənim bütün arqumentlərimi bir kənara atsaq belə, ölkəmizin qarşıdakı on ildə inkişaf proqramının bəndlər üzrə yazıldığı məlum "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası həm tərəqqiyə sübut, həm də gələcəyə təminatdır. Bu strategiyanın hər bir bəndinin icra proqramı o qədər dolğun və "şəffaf"dır ki, hətta hər şeyə şübhə ilə yanaşanlar da bizim qarşıya qoyduğumuz məqsədlərə hörmət və buna nail olacağımıza əminlik bildirirlər. Ölkədə baş verən dəyişikliklərə gəldikdə isə, mənim fikrimcə, son illərin ən böyük uğuru məhz sabahkı günə bu inamdır" (Diplomatik Akademiyanın icraçı prorektoru Fariz İsmayılzadə).

"Əminəm ki, ölkəmiz öz inkişaf yolunun ən mürəkkəb mərhələlərini keçmişdir. İndi biz yeni mərhələyə - inkişaf etməkdə olan ölkədən  inkişaf etmiş ölkəyə çevrilmək mərhələsinə, habelə ən mühüm mərhələyə - işğal olunmuş ərazilərin qaytarılması mərhələsinə qədəm qoyuruq. Məhz bu səbəbdən, bu gün başqa tədbirlərlə yanaşı, insan kapitalına düşünülmüş, uzaqgörənliklə sərmayə qoyulur. Gənclərimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır və təkcə yeni biliklərlə deyil, həm də yeni təkliflərlə zənginləşmiş halda Vətənə qayıdırlar. Məncə bu, çox gözəldir. Ona görə ki, biz öz autentikliyimizi qoruyub saxlamaqla, milli ənənələrə hörmət etməklə bərabər, eyni zamanda, dünya birliyinə inteqrasiya etməyə, oraya öz mədəni dəyərlərimizi daxil etməyə və oradan bizim üçün zəruri olan dəyərləri əxz etməyə çalışırıq" (Milli Məclisin deputatı Ceyhun Osmanlı).

"... Bu gün sözün həqiqi mənasında mürəkkəb keçmişimizi unutmadan gələcəyə baxmaq həyati əhəmiyyət kəsb edir. Ötən günlərə nəzər saldıqca, onları təhlil etdikcə dəqiq başa düşürəm ki, dövlətimizin indiki rəhbərinin başladığı möhtəşəm işlər davam etdirilməlidir. Məncə o, öz fəaliyyəti ilə dəfələrlə sübut etmişdi ki, həyata keçirdiyimiz bütün layihələr Azərbaycanın gələcəyinə ciddi strateji baxışın bir hissəsidir. Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün biz hamımız özümüzü həqiqi həmfikirlər komandası kimi hiss etməliyik... Şəxsən mən bu gün siyasi arenada ciddi alternativ təklif edə biləcək başqa bir şəxs görmürəm" (Rəhman Hacıyev, "1news.az" saytının rəhbəri).

Çoxsaylı, o cümlədən xarici ölkələrdəki müstəqil mərkəzlər tərəfindən keçirilən rəy sorğuları göstərir ki, əhalinin böyük əksəriyyəti bu cür fikirləşir. Əhali indiki Prezidentə bu günçox böyük etimad bəsləyir. Bu halda ən əlamətdar məqam ondan ibarətdir ki, İlham Əliyev heç vaxt populist olmamışdır, o heç vaxt elektoratı təmtəraqlı ifadələrlə, gəlişi gözəl vədlərlə cəlb etməyə çalışmamışdır. O, sadəcə olaraq öz işini görmüşdürgörür, haqlı olaraq belə hesab edir ki, "hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır".

"İlham Əliyev heç vaxt populist olmamışdır, insanları gözəl vədlərlə cəlb etməyə  çalışmamışdır. O, sadəcə öz işini görür"

Bu günlərdə Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyini qeydə almışdır. Üçüncü müddətə prezident seçilmək indiki dövlət başçısı üçün əsas məqsəd deyil, bu müddət ölkəyə və millətə lazımdır, çünki bu insan nəzərdə tutulanların çoxunu hələ bundan sonra həyata keçirmək  niyyətindədir. Onun planları həqiqətən "çox möhtəşəmdir", o, avqust ayında ölkənin şimal-qərb bölgəsinə səfəri zamanı həmin planlar barədə demişdir: "Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir. Bölgələrin inkişafı gələcəkdə ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki, iqtisadiyyatımızın əsas hissəsi təbii ehtiyatlardır. Ancaq on ildən, iyirmi ildən sonra, bəlkə də ondan da tez bir vaxtda iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq bu proses başlamışdır. Ancaq gələcəkdə qeyri-neft sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə yerləri - kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri - hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır..."

 

*   *   *

 

2013-cü il oktyabrın 9-da ölkə yeni prezident seçəcəkdir. Seçkiqabağı marafonda iştirak etmək üçün müraciət edənlərin sayı artıq 16 nəfərdən çoxdur. Hərçənd indiki dövlət başçısının opponentləri arasında parlaq xarizmatik sima görünmür, müxalifətçi Milli Şuranın vahid namizəd ideyası isə Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı ilə bağlı anlaşılmazlıq üzündən fiaskoya uğradı. Bundan əlavə, ekspertlərin çoxu Rusiya prezidenti Vladimir Putinin avqust ayında Azərbaycana səfərini haqlı olaraq belə bir aşkar mesaj kimi qiymətləndirmişdir: Rusiya hökuməti yaxın və ortamüddətli perspektivdə dövlətlərarası dialoqu məhz İlham Əliyevlə davam etdirmək istərdi.

Bir sözlə, payız marafonunda ciddi intriqa gözləməyə dəyməz. Ona görə yox ki, seçkilər guya  qeyri-demokratik keçiriləcəkdir, sadəcə olaraq Azərbaycan vətəndaşlarının xeyli hissəsinin nəzərində ictimai-siyasi sabitliyin, davamlı inkişafın və nəticə etibarı ilə sabahkı günə inamın rəmzi İlham Heydər oğlu Əliyevdir.

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 7.