Böyük Britaniyanın nüfuzlu «Politics First» jurnalında Azərbaycan haqqında məqalə dərc olunmuşdur

 

Böyük Britaniyanın nüfuzlu "Politics First" jurnalının sentyabr buraxılışında "Azərbaycan - Odlar yurdu" sərlövhəli məqalə dərc olunmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafından söhbət açılan məqalədə Böyük Britaniya ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq əlaqələrindən bəhs edilir.

Yazıda, həmçinin iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminlik vurğulanır.

AzərTAc məqalənin xülasəsini təqdim edir.

Məqalənin əvvəlində Azərbaycanın yerləşdiyi coğrafi məkan, müsəlman Şərqində ilk demokratik respublika qurması və qadınlara seçki hüququ verməklə Qərb dövlətlərinə nümunə göstərməsi, müstəqilliyinin bərpası, son 20 ildə keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilir. Azərbaycanın zəngin neftqaz ehtiyatlarından, ölkənin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolundan, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən söhbət açılan məqalədə deyilir: "Müstəqilliyin ilk illərindəki qısamüddətli qeyri-sabitlikdən sonra keçmiş Prezident Heydər Əliyev ölkəni SSRİ-nin qalığı olmaqdan xilas edərək iqtisadi cəhətdən güclü bir dövlətə çevirmişdir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə  Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) dünyanın aparıcı neft şirkətlərini bu kontrakta cəlb etmişdir.

Bu yaxınlarda BP-nin rəhbərliyi ilə "Şahdəniz" Konsorsiumu Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Xəzər qazını İtaliyaya çatdıracaq Trans-Adriatik boru kəməri (TAP) layihəsini seçmişdir. Bu layihə "Cənub qaz dəhlizi"ndə mühüm rol oynayacaq və Qərbi Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Bütün bu faktlar Böyük Britaniyanın Baş naziri Devid Kameronun ölkəsi ilə Azərbaycan arasındakı güclü ikitərəfli əlaqələr barədə bəyanat verməsinə səbəb olmuşBaş nazir özünü "Azərbaycanın yaxın dostu və tərəfdaşı" adlandırmışdır.

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin inkişafından, respublikamızın uğurlarından, İngiltərə şirkətlərinin ölkəmizdəki fəaliyyətlərindən bəhs olunan yazıda deyilir: "Bu şirkətlər yalnız enerji sahəsində fəaliyyət göstərmir. Britaniya şirkətləri həm də informasiyakommunikasiya texnologiyaları, təhsil, kənd təsərrüfatı, turizmtikinti sektorlarında da çalışır.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru ildə 11 faiz artır. Təkcə 2013-ci ildə İKT sahəsi 11,5 faiz inkişaf etmişdir. Turizm sahəsi də 2005-ci illə müqayisədə iki dəfə artmış və 2012-ci ildə ölkəyə gələn turistlərin sayı 2,4 milyona çatmışdır. Enerji sahəsində əldə edilən gəlirin digər sənaye sahələrinə yönəldilməsi sayəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci illə müqayisədə 50 faiz azalmışdır. Azərbaycan ilə Böyük Britaniya arasındakı iqtisadi və mədəni əlaqələrə nümunə kimi Bakıdakı Heydər Əliyev Mərkəzini göstərmək olar. Bütün dünya tərəfindən olduqca yüksək qiymətləndirilən bu memarlıq incisinin müəllifi britaniyalı memar Zaha Hadiddir".

Məqalədə daha sonra deyilir: "Azərbaycan digər təşkilatlarla yanaşı, Avropa Şurasının, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının və ATƏT-in üzvüdür. Azərbaycan həm də NATO ilə əməkdaşlıq edir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstana göndərdiyi yardımın 40 faizi məhz bu ölkədən ötürülür. Azərbaycanın yeni beynəlxalq statusunun təsdiqləndiyi bir vaxtda ötən il bu ölkə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Hazırda Azərbaycan əsas regional qüvvə və iqtisadi mərkəzdir. Britaniya şirkətləri ölkənin enerji sahəsinin inkişafına dəstək olduqları kimi, digər sahələrin də güclənməsinə kömək etdikcə Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr də bütün istiqamətlərdə inkişaf edəcəkdir. Odlar yurdunda Britaniya şirkətlərinin gələcəyi parlaqdır".

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gələcəyi adlandırılan məqalədə respublikamızın həm hasilatçı, həm də tranzit ölkə olduğu xüsusi vurğulanır və bildirilir: "2006-cı ilin sonlarında "Şahdəniz" təbii qaz yatağında hasilata başlanandan Azərbaycan Türkiyədən keçməklə təbii qazı Avropaya ötürən qaz ixracatçısına çevrildi. Yataqda 1,2 trilyon kubmetr qaz ehtiyatı vardır. Burada hasilatla BP tərəfindən idarə edilən "Şahdəniz" Konsorsiumu məşğul olur.

"Şahdəniz" yatağının ikinci mərhələsi istifadəyə verildikdən sonra Səngəçal neftqaz terminalı dünyanın ən böyük terminalına çevriləcəkdir... Cari il iyunun 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Şahdəniz" Konsorsiumu ilə birlikdə Trans-Adriatik boru kəmərinin (TAP) tikiləcəyini elan etdi. Konsorsiuma Böyük Britaniyanın BP, Norveçin "Statoil", Fransanın "Total", Belçikanın "Fluxys", Almaniyanın "E.ON" və İsveçrənin "Axpo" şirkətləri daxildir. Kəmər Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizinin dibi ilə İtaliyaya qədər uzanacaqdır. Təbii qaz buradan Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə və Avstriya kimi Avropanın əsas enerji bazarlarına ötürüləcəkdir".

Məqalədə 350 milyard kubmetr qaz ehtiyatına malik "Abşeron" dəniz qaz yatağının perspektivlərindən də söhbət açılır, Azərbaycan mədəniyyətinin zənginliyi və bənzərsizliyi vurğulanır. Bakıda tikinti "bumu"nun yaşandığının diqqətə çatdırıldığı məqalədə deyilir: "Hazırda şəhərdə memarlar müasir, möhtəşəm və qeyri-adi binalar tikirlər. Bu yeniliklərin sırasına şəhərin keçmiş sənaye bölgəsində Böyük Britaniyanın "Atkins", "Foster" və "Partners" kimi şirkətlərinin həyata keçirdikləri heyrətamiz " şəhər" layihəsi, qeyri-adi görünüşü ilə insanı heyran qoyan Heydər Əliyev Mərkəzi, Odlar yurdunun rəmzi olan "Alov qüllələri", bükülmüş xalçanı xatırladan yeni Xalça Muzeyi, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün tikilən "Baku Crystal Hall" və "Xəzər adaları" layihəsi daxildir".

Azərbaycanda turizm sektorunun sürətli inkişafının qeyd olunduğu məqalədə bildirilir ki, Bakıda son illərdə çox möhtəşəm beşulduzlu otellər tikilib istifadəyə verilmişdir. Bakı da o qədər gözəlləşmişdir ki, burada adam darıxmır: "Bakıda Caz Mərkəzi, Dövlət Akademik OperaBalet Teatrı, Dövlət Filarmoniyası və digər mədəniyyət mərkəzləri ilə yanaşı, çoxlu sayda bar və gecə klubları fəaliyyət göstərir. Şəhərin rəmzinə çevrilən və XII əsrə aid Qız qalasının da daxil olduğu İçərişəhər hazırda UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmişdir.

Mədəniyyətin inkişafı milli birlik hissinin canlanmasına və dövlətin xüsusi qayğısı sayəsində xalq musiqisi ilə yüksək səviyyəli improvizasiyanın vəhdətindən ibarət muğamın da tərəqqisinə təkan vermişdir. Ən məşhur sənətçilər Beynəlxalq Muğam Mərkəzində, həmçinin şəhərin digər musiqi mərkəzlərində maraqlı proqramlarla çıxış edirlər. Bir sıra bənzərliklərinə görə muğamla cazın sintezi olan caz-muğam Azərbaycanda çox sevilir. Bakı Caz Festivalı hər il dünyanın ən nüfuzlu ifaçılarını bir araya gətirir. Bakıdan kənarda yerləşən əyləncə parklarının gözəlliyi insanı valeh edir. Paytaxtdan kənara çıxan turistlər Qafqaz dağlarında ilin çox hissəsi qar altında qalan kiçik yaşayış məskənlərinə səyahət edə bilərlər. Ölkənin şimalındakı Qəbələ şəhəri hazırda dağ xizəkçiliyinin və amfiteatrın inkişaf etdirildiyi kurort bölgəsidir".

Məqalə Azərbaycan mətbəxinin gözəlliyi və zənginliyinə dair aşağıdakı fikirlərlə başa çatır: "Təzə meyvə-tərəvəz, dadlı ət yeməkləri və evdə bişirilmiş çörəyi ilə Azərbaycan mətbəxi Qafqazda ən ləziz mətbəx hesab edilir. Ölkəyə səfər edənlər mütləq plovdolma kimi təamların dadına baxmalıdırlar. Daha sonra paxlavaçay, yaxud bir-iki qədəh yerli şərabdan dadmaq lazımdır".

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 7.