Bakıda Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü iclası başa çatmışdır

 

Sentyabrın 12-də Bakıda  beş Xəzəryanı ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində  Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü iclası başa çatmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov iclasın yekunlarına dair jurnalistlər üçün brifinqdə çıxış edərək işçi qrupunun Bakıda keçirilən görüşünü  uğurlu tədbir kimi səciyyələndirmişdir. O, eyni zamanda, bir sıra məsələlərlə bağlı razılaşma tələb olunduğunu vurğulamışdır. Nazir müavini Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və III Xəzər zirvə görüşü çərçivəsində qəbul edilmiş qərarların icrası ilə bağlı əsas məsələlərin tezliklə razılaşdırılmasının vacibliyini xatırlatmışdır. X.Xələfov demişdir: "İşlənməsi tələb olunan bir neçə məsələ qalır, çünki Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair  fikir ayrılıqları mövcuddur".

Qeyd edək ki, nümayəndə heyətləri  Xəzərin hüquqi statusuna  dair Konvensiya layihəsinin bir sıra müddəalarının  razılaşdırılmasında tərəqqi əldə olunduğunu təsdiq etmişlər.

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.