Milli Məclisdə «Şərq nağılı» Birinci Beynəlxalq yaradıcılıq festivalı çərçivəsində konfrans keçirilmişdir

 

Xəbər verdiyimiz kimi, Bakıda əlilliyi olan gənclərin "Şərq nağılı" Birinci Beynəlxalq yaradıcılıq festivalı keçirilmişdir.

AzərTAc xəbər verir ki, sentyabrın 12-də festival çərçivəsində Milli Məclisdə konfrans təşkil olunmuşdur.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda ilk dəfə keçirilən "Şərq nağılı" Birinci Beynəlxalq yaradıcılıq festivalının əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu tədbirdə dünyanın 10 ölkəsindən 200-dən çox nümayəndə iştirak etmişdir. Belə tədbirlərin keçirilməsinin əsas məqsədi fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir. Azərbaycanda digər ölkələrlə müqayisədə əlillərin sayı çox olmasa da onların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının təminatı sahəsində davamlı və sistemli aparılır və bu istiqamətdə hüquqi baza yaradılmışdır. Dövlət fiziki imkanları məhdud insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev "Şərq nağılı" festivalının çoxşaxəli olduğunu deyərək bildirmişdir ki, tədbir çərçivəsində xarici ekspertlər əlilliyi olan gənclərlə işləyən yerli təşkilatların nümayəndələri və fərdi  təlimçilər üçün ustad dərsləri təşkil etmişlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin BMT-nin "Əlilliyi olan insanların hüquqları" Konvensiyasına qoşulduqdan sonra sənədin tələblərindən irəli gələn məsələlərlə bağlı görülən işlərdən, reallaşdırılan dövlət proqramlarından danışmışdır. Qeyd olunmuşdur ki, prezident seçkiləri ərəfəsində ölkəmizdə fiziki imkanları məhdud vətəndaşların bu prosesə qatılıb müstəqil, azad seçim etmələri üçün hər bir şərait yaradılmışdır.

Dünya Əlillər Birliyi təşkilatının icraçı direktoru Necdət Öztürk, Moskva Şəhər Dumasının sədr müavini Oleq Smolin və digər çıxış edənlər bildirmişlər ki, hazırda dünya əhalisinin 15 faizi əlillikdən əziyyət çəkir. Bu insanların cəmiyyətə sosial inteqrasiyasının və adaptasiyasının təşviqi  ölkələrin prioritet məsələlərindəndir.

Dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların təmsilçilərinin  iştirakı ilə keçirilən tədbirdə əlilliyi olan gənclərin cəmiyyətə sosial inteqrasiyasının və tam adaptasiyasının təşviqi, onların hüquqlarının qorunması ilə bağlı yeniliklər, əlil insanların fəaliyyəti üzrə imkanlarsair məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.