Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı ilə Azərbaycan hökuməti
arasında yeni əməkdaşlıq
proqramının hazırlanması ilə bağlı seminar keçirilmişdir
Sentyabrın
12-də Bakıda BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyi
ilə birlikdə seminar keçirmişdir.
AzərTAc
xəbər verir ki,
seminarın məqsədi FAO və Azərbaycan hökuməti
arasında imzalanmış milli
ortamüddətli prioritetlər çərçivəsinin
(2010-2012-ci illər) icrasının qiymətləndirilməsi
və 2013-2015-ci illər üçün
yeni ölkə proqram
çərçivəsinin hazırlanmasıdır.
Tədbirdə
müvafiq qurumların, özəl sektorun və QHT-lərin nümayəndələri,
eləcə də mütəxəssis və tədqiqatçılar
iştirak etmişlər.
Kənd
təsərrüfatı nazirinin müavini Aslan Aslanov və FAO-nun Azərbaycan
üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi
Mustafa Sinaser FAO ilə
Azərbaycan hökuməti arasında əlaqələrin
inkişafı, eləcə də hazırlanacaq yeni sənədin əhəmiyyəti barədə seminar
iştirakçılarına məlumat vermişlər.
A.Aslanov ötən
üç il ərzində
milli ortamüddətli prioritetlər
çərçivəsində qarşıya qoyulmuş
hədəflərə nail olunması məqsədilə
FAO ilə sıx əməkdaşlıq əlaqələrinin
qurulduğunu, kənd təsərrüfatı
məhsullarının istehsalı və gəlirin
yaradılması, təbii ehtiyatların qorunması və idarə
edilməsi sahəsində FAO tərəfindən müxtəlif
layihələr və proqramların həyata keçirildiyini
bildirmişdir.
Nazir müavini əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində aqrar sahədə əldə
olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və
qayğısı haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatında aqrar sektor həyati əhəmiyyətə
malikdir və əhalinin məşğulluğunda,
kəndin inkişafında böyük rol oynayır. Regionların sosial-iqtisadi
inkişafına dair dövlət
proqramlarının icrası nəticəsində ölkədə
1 milyondan çox yeni iş yeri
açılmışdır ki, bunun da əksəriyyəti
aqrar sektorun payına düşür. Kənd təsərrüfatında
ümumi daxili məhsul
2012-ci ildə 2005-ci ilə nisbətən 2,6 dəfə
artmış, ötən il isə kənd
təsərrüfatında ÜDM-in
artım səviyyəsi 6,6 faiz olmuşdur. Azərbaycanın kəndli
sahibkarları bu gün
dünyanın 105 ölkəsinə 25 adda
məhsul ixrac edirlər.
"Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasına toxunan A.Aslanov
konsepsiyada 2020-ci ilə qədər
adambaşına düşən ÜDM-in
həcminin qeyri-neft sektoru
hesabına iki dəfədən çox artırılmasının əsas hədəf
kimi qoyulduğunu, bunun bilavasitə kənd təsərrüfatının inkişafına yönəldiyini
diqqətə çatdırmışdır.
Nazir müavini daha sonra ölkəmizin kənd təsərrüfatı
sektorunda nailiyyətlərin əldə
edilməsində bir sıra beynəlxalq təşkilatların
və maliyyə qurumlarının, o
cümlədən BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının rolundan danışmışdır. Bildirilmişdir
ki, FAO ilə Azərbaycan arasındakı
əlaqələr böyük tarixə malikdir. Bu təşkilat tərəfindən
ölkədə müxtəlif layihələr, proqramlar icra edilmiş və edilməkdədir.
FAO-nun Azərbaycan
üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi
Mustafa Sinaser Azərbaycanın
müstəqillik əldə etdiyi 20 il ərzində ölkədə aparılan
davamlı iqtisadi islahatlar,
neft və qaz gəlirlərinin
səmərəli idarə edilməsi nəticəsində əldə
etdiyi uğurlardan
danışmış,
dünyada yüksək orta
gəlirli ölkələr sırasına
çıxdığını vurğulamışdır.
M.Sinaser Azərbaycanın
yardım alan ölkədən donor ölkəyə çevrildiyini,
son beş ildə
ölkədə ÜDM-in 3 dəfə
artdığını və yoxsulluq səviyyəsinin
2003-cü ildəki 49 faizdən 2012-ci ildə 6 faizə endiyini diqqətə
çatdırmışdır. Azərbaycan
hökuməti ilə FAO arasında əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsinə
təşkilat tərəfindən xüsusi
önəm verildiyini deyən M.Sinaser Azərbaycanın FAO-nun
tərəfdaş ölkələri sırasına daxil olması ilə bağlı hökumətlə
aparılan danışıqlara toxunmuşdur.
Nümayəndə yeni ölkə proqram çərçivəsi üçün müəyyən olunacaq prioritetlərin FAO-nun
strateji məqsədlərinə uyğun seçilməsinə diqqət
yönəldilməsini tövsiyə etmişdir.
Seminarda milli
ortamüddətli prioritetlər çərçivəsinin icrasının
qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni
ölkə proqram çərçivəsinin
prioritetlərinin müəyyənləşdirilməsi ilə
bağlı təqdimatlar keçirilmiş,
müzakirələr aparılmışdır.
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 8.