Regionların
inkişafı davamlı və dinamikdir
Prezident
İlham Əliyev 2 gün
ərzində 7 rayona səfəri
zamanı 27 sosial, iqtisadi,
mədəni və inzibati infrastrukturun
açılışında iştirak etmişdir
Azərbaycan
hakimiyyətinin qarşıya qoyduğu əsas
məqsəd və vəzifələrdən biri
son illərdə qazanılan sosial-iqtisadi uğurların miqyasını daha da genişləndirməkdir.
Fərəhlə qeyd etməliyik
ki, müxtəlif dövlət
proqramlarının icra edilməsi
artıq neçə ildir ki,
Azərbaycanın sosial-iqtisadi həyatına
təzə nəfəs gətirməklə yanaşı, bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm
qoymasını təmin edib. Bunun nəticəsidir ki,
ötən 10 il ərzində bir neçə dəfə artan
milli iqtisadiyyatımız inkişaf
səviyyəsinə görə dünyada
öncül yerlərdən birini tutur.
Xüsusilə
qeyd etməliyik ki,
regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının
icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə
makroiqtisadi sabitliyin təmin
olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində,
yeni müəssisələrin və iş yerlərinin
açılmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində,
yoxsulluq həddinin aşağı
düşməsində və əhalinin rifah
halının yaxşılaşdırılmasında müstəsna
rol oynamaqdadır. Bu
baxımdan ölkədə qazanılan sosial-iqtisadi
uğurlarda Azərbaycanın
regionlarının öz payı var. 2004-cü ildən başlanan
regional inkişaf
proqramlarının icrası nəticəsində Azərbaycanda
qeyri-neft sektoru
yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə
yeni istehsal və xidmət
müəssisələri fəaliyyətə başlayıb, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Regional
inkişaf proqramları sosial
sahədə qarşıda duran problemlərin
də həllində mühüm rol oynayır. Belə ki, yeni müəssisələrin
yaradılması əhalinin məşğulluq problemlərinin
yoluna qoyulması və yeni
iş yerlərinin açılması ilə
müşayiət edilir. Eyni zamanda
regionlarda infrastrukturun
bərpası və inkişafı, əhalinin kommunal
xidmətlərlə, o cümlədən
elektrik enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, sosial vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata
keçirilir.
Prezident İlham
Əliyevin sentyabrın 4-5-də Salyan, Biləsuvar,
Cəlilabad, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarına səfəri bir daha göstərdi ki, regionların inkişafı davamlı və
dinamikdir. Bu səfər regionların sosial
obyektlərinin və yol-nəqliyyat infrastrukturunun
müasir standartlara uyğun yenidən qurulmasının,
abadlıq və quruculuq işlərinin
yüksək səviyyədə həyata keçirilməsinin,
insanların sosial
qayğılarının, mədəni istirahətlərinin, o cümlədən gənc nəsli
düşündürən məsələlərin dövlətin
diqqət mərkəzində olduğunu
göstərdi.
Təmiz
içməli su isə sağlam
həyat deməkdir. Bu mənada Azərbaycanda
həyata keçirilən çoxşaxəli sosial siyasətin mühüm
istiqamətlərindən biri əhalinin təmiz
içməli su ilə təminatıdır.
Bugünkü sürətli iqtisadi inkişaf mərhələsində
isə ölkə əhalisinin su ilə təminatının
tam yoluna qoyulması
xüsusilə vacib məsələlərdən
biridir. Təsadüfi deyil ki, respublikanın sosial-iqtisadi həyatında müşahidə
olunan dinamik inkişaf kommunal sektorda, o cümlədən
su təchizatı sistemində də öz əksini tapıb. Əhalinin su təminatının
yaxşılaşdırılmasına dövlət
qayğısı artırılıb, regionlarda
bu istiqamətdə yeni
layihələr həyata keçirilib.
Oğuz-Qəbələ-Bakı su xətti
çəkilib. Eyni zamanda
Kür və Arazboyu
yaşayış məntəqələrində sutəmizləyici
qurğular quraşdırılıb.
Prezident İlham Əliyevin Biləsuvar, Yardımlı
rayonlarına və Lənkəran şəhərinə səfərləri
çərçivəsində yeni
içməli su xətlərinin istifadəyə
verilməsi göstərdi ki, dövlətin
sosial siyasətinin mərkəzində məhz
vətəndaş dayanır. Bu məqsədlə keçirilən mərasimlərdə
qeyd olunduğu kimi, bu proses
davamlıdır və hər bir şəhərin,
kəndin, qəsəbənin təmiz içməli su təchizatının yüksək səviyyədə
təmini daim diqqət mərkəzində
olacaq.
Cəmiyyətin
inkişafında idmanın çox böyük rolu var. İdman həm
insanların fiziki cəhətdən
sağlamlığına xidmət edən, həm də
ölkənin şöhrətini ucaldan sosial sahədir.
Bu amillər idmanı hər bir ölkədə cəlbedici və mühüm sahəyə çevirir.
Azərbaycanda da belədir. Hazırda
ölkəmiz idman infrastrukturuna
görə regionun qabaqcıl dövlətidir.
İndi Azərbaycanda beynəlxalq idman yarışları yalnız Bakıda yox, həm də regionlarda
keçirilir.
Prezident İlham
Əliyevin regionlara son
səfəri yeni idman
oybektlərinin istifadəyə verilməsi baxımından da əlamətdardır. Masallıda taekvondo və boks mərkəzləri,
Astarada Boks Mərkəzi
istifadəyə verildi. Bu
idman komplekslərinin hər birində
yarışların və məşqlərin keçirilməsi
üçün yüksək səviyyədə
şərait yaradılıb. Binaların texniki
təchizatı ən müasir standartlara cavab verir. Burada gənclərin
idmanın digər növləri ilə məşğul
olmaları üçün də imkanlar yaradılıb.
Azərbaycanın
bütün bölgələrində müasir standartlara cavab verən diaqnostika mərkəzlərinin,
xəstəxanaların, poliklinikaların tikilməsi, köhnə,
yararsız vəziyyətdə olanların təmir edilməsi
məqsədilə dövlət büdcəsindən vəsaitlərin
ayrılması ölkəmizin məqsədyönlü sosial
siyasətindən xəbər verir.
2013-cü ildə də bu istiqamətdə
işlər uğurla davam
etdirilib. Prezident İlham Əliyevin respublikanın bölgələrinə
hər səfərində yeni səhiyyə
obyektləri istifadəyə verilib. Bu il Cəlilabadda rayon mərkəzi xəstəxanasının
inşası, Astarada və Lənkəranda
isə mərkəzi xəstəxanaların yenidən
qurulması başa
çatdırılıb. Bu rayonlara səfər zamanı Prezident
İlham Əliyev Cəlilabadda xəstəxananın
açılışında iştirak edib, Astarada və Lənkəranda
aparılan yenidənqurma işləri ilə tanış olub. Bu səhiyyə
ocaqlarında xəstələrə yüksək səviyyədə
tibbi xidmət göstərilməsi üçün hər cür
şərait yaradılıb. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş
bu tibb ocaqları ilk növbədə bir məqsədə
- Azərbaycan əhalisinin sağlamlığının
qorunması kimi mühüm
missiyanın yerinə yetirilməsinə xidmət edir.
Regionlarda bütün
sahələrdə olduğu kimi, uşaqların sosial
müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə
də dövlət tərəfindən yüksək diqqət
göstərilir. Cəlilabadda inşa olunan "Fidan"
körpələr evi-uşaq
bağçası bunun əyani təsdiqidir.
Bu cür layihələr Azərbaycanda
aparılan sosial siyasətin uğurlu və məntiqli nəticəsidir.
120 yerlik müasir tipli "Fidan" körpələr
evi-uşaq bağçasında
uşaqların təlim-tərbiyəsi və
bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait
yaradılıb.
Yol-nəqliyyat
infrastrukturunun inkişaf
etdirilməsi də günümüzün
aktual məsələlərindən biridir. Çünki yol həm də
inkişaf, yüksəliş deməkdir. Son illərdə Bakıda və ölkənin
hər yerində insanların rahatlığını təmin
etmək, tıxacların qarşısını almaq üçün yol infrastrukturu tamamilə
yenidən qurulub, mövcud
yollar genişləndirilib və ya yeniləri çəkilib. Hazırda diqqət
yetirilən əsas məsələlərdən biri regional əhəmiyyətli,
o cümlədən kəndarası
yolların yenidən qurulmasıdır. Prezident İlham
Əliyevin səfəri zamanı Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı,
Astarada Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə,
Lənkəranda Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
avtomobil yolunun,
Yardımlıda isə Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin istifadəyə verilməsi
də bunu təsdiq edir.
Bu yollar 150 mindən
artıq insanın yaşadığı 85 yaşayış
məntəqəsini əhatə edir.
Gənclik hər
bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən,
cəmiyyətin ictimai-siyasi həyatında
yaxından iştirak edən
aparıcı təbəqədir. Təsadüfi deyil ki, Azərbaycan
dövlətinin qarşıya qoyduğu əsas
vəzifələrdən biri hazırkı
sürətli inkişaf proseslərinə
gəncləri də cəlb etmək, onların bilik və bacarığından
yararlanmaqdır. Bu reallığı nəzərə
alan Azərbaycan dövləti gənclərə
malik olduqları qabiliyyət və intellektual imkanlar
müqabilində geniş meydan
verməyin tərəfdarı kimi çıxış
edir. Hazırda regionlarda
inşa olunan gənclər
mərkəzləri də bu məqsədə
xidmət edir.
Qeyd edək ki,
bu il ərzində
dövlət başçısının səfər etdiyi rayonların bəzilərində gənclər
mərkəzləri inşa olunub və istifadəyə verilib.
Bu dəfə isə Lənkəran şəhərində
Gənclər Mərkəzi istifadəyə verilib.
Mərkəzin açılışında iştirak
edən Prezident
İlham Əliyev burada
cənub bölgəsinin ali məktəblərə
builki qəbul imtahanlarında yüksək
bal toplamış gəncləri ilə görüşüb. Mərkəzdə gənclərin
müxtəlif tədbirlər keçirməsi, istirahəti,
həmçinin əyləncəsi üçün
imkanlar yaradılıb.
Prezident İlham
Əliyev səfəri zamanı Salyan, Biləsuvar
və Yardımlıda Heydər Əliyev Mərkəzinin
açılışında, Masallıda isə Heydər
Əliyev Mərkəzinin yenidənqurmadan sonrakı
açılışında iştirak edib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin təbliğində və gələcək
nəsillərə çatdırılmasında böyük rol oynayan bu mərkəzlər
həm də yeniyetmə və gənclərin asudə
vaxtlarının mənalı təşkili, müasir
texnoloji yeniliklərlə yaxından
tanış olmaları, biliklərinin
artırılmasına və bacarıqlarının inkişaf etdirilməsinə yönələn
kursların təşkili baxımından mühüm
əhəmiyyət kəsb edir.
Dövlət
başçısı Salyanda Bayraq meydanında yaradılan şəraitlə
tanış olub, Dövlət Sərhəd
Xidmətinin Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədində
buraxılış məntəqəsinin, sərhəd
komendantlığının və sərhəd
zastavasının şəxsi heyəti üçün yeni inşa olunan
yaşayış şəhərciyi, həmçinin sərhəd
komendantlığı və sərhəd zastavasının əsaslı
təmir olunmuş xidməti binalar kompleksinin və
Masallıda Mədəniyyət Mərkəzinin əsaslı
təmirdən sonrakı açılışında iştirak edib. Bütün bunlar Azərbaycanda
həyata keçirilən quruculuq işlərinin
çoxşaxəli olduğunu və
insanların rahatlığına xidmət etdiyini
göstərir.
Səfər
zamanı Prezidentin iştirakı ilə
Biləsuvar, Yardımlı və Masallıda Yeni
Azərbaycan Partiyasının rayon təşkilatlarının,
həmçinin Salyan və Biləsuvar rayon icra hakimiyyətlərinin
yeni inzibati
binalarının açılışı oldu.
Yeni Azərbaycan
Partiyasının rayon təşkilatları
üçün müasir
binaların tikilməsi ölkənin bu
aparıcı siyasi təşkilatının
regionlarda fəaliyyətinin daha da güclənməsinə,
rayon icra hakimiyyətlərinin
yeni inzibati
binalarındakı ən müasir iş şəraiti isə onların işinin çevikliyinə, operativliyinə və
yüksək idarəetmə mexanizmləri çərçivəsində
qurulmasına xidmət edir.
Ümumilikdə
Prezident İlham
Əliyev 2 gün ərzində 7 rayona səfəri zamanı 27 sosial,
iqtisadi, mədəni və inzibati infrastrukturun - 4 avtomobil yolunun, 3 xəstəxananın,
3 su xəttinin, 4 Heydər Əliyev Mərkəzinin,
3 idman mərkəzinin, YAP-ın 3 rayon təşkilatının və iki rayonun icra
hakimiyyətinin
yeni inzibati
binalarının, həmçinin hərbçilər üçün yaşayış kompleksinin, Bayraq
meydanının, körpələr evinin,
gənclər və mədəniyyət mərkəzlərinin
açılışında iştirak edib. Bu isə ondan xəbər verir ki, Azərbaycanın inkişaf
dinamikasına uyğun olaraq
cənub bölgəsinin də siması büsbütün
dəyişib. Sürətli inkişaf bu bölgədəki bütün
şəhər və kəndlərdə, qəsəbələrdə,
ən ucqar yaşayış məskənlərində
hiss olunur. Lakin əsas
işlər hələ qabaqdadır. Ölkədə
formalaşmış əlverişli iqtisadi
mühit, həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət
yaxın illərdə bütövlükdə Azərbaycanı
dünyanın inkişaf etmiş
ölkələri sırasına çıxaracaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 9.